Ədəbiyyat İnstitutunda təcrübəçi tələbələrlə görüş keçirilib

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan Dillər Universiteti, Bakı Avrasiya Universiteti, Qərbi Kapsi Universitetindən olan təcrübəçi tələbələrlə İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı görüş keçirib.

İnstitutdan Edebiyyatqazeti.az-a verilən məlumata görə, görüşdə “31 mart  - Azərbaycanlıların Soyqırımı Günü” münasibəti ilə bütün şəhidlərimiz, o cümlədən soyqırımı qurbanları ehtiramla yad edilib. Tarixin bir də belə faciələri təkrar yadımıza salmaması üçün keçmişi yaxşı öyrənməyin, hadisə və faktları gələcək nəsillərə dəqiq və obyektiv çatdırmağın vacibliyi vurğulanıb.

Təcrübəçi tələbələrə Ədəbiyyat İnstitutunun prioritet istiqamətləri, əsas fəaliyyət prinsipləri, elmi tədqiqat işlərinin mahiyyəti haqqında məlumatlar verilib. Son illər İnstitutda görülən işlər, yeni dövrləşdirmə konsepsiyası əsasında yazılan, artıq 6 cildi işıq üzü görmüş 10 cildlik “Azərbaycan Ədəbiyyatı tarixi” çoxcildliyi, “Sənətkarın elmi pasportu”, “Mühacirət ədəbiyyatı kitabxanası” seriyasından olan kitablar, İnstitutda hazırlanan müxtəlif ensiklopediyalar, jurnal və məcmuələrə dair bilgilər verilib. 

Tədbir tələbələri İnstitutun ayrı-ayrı şöbələrinin fəaliyyət istiqamətləri haqqında maraqlandıran suallar ətrafında müzakirələrlə davam edib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!