“Çingiz Aytmatov: Mən Manasın oğluyam” kitabının audiovariantı hazırlanıb

 

Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) sifarişi ilə “Çingiz Aytmatov: Mən Manasın oğluyam” kitabının audiovariantı hazırlanıb.

Audiokitabı yüksək dərəcəli diktor, qiraət ustası Jıparqul Şabdanaliyeva səsləndirib. Audiokitabın səs rejissoru Bektursun Kaldarovdur. Qeyd edək ki, audiokitab fondun saytına yüklənib.

Xatırladırıq ki, böyük qırğız yazıçısı Çingiz Aytmatov haqqında bu toplunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın təşəbbüsü ilə 2009-cu ildə Prezident mükafatçısı Südabə Sərvi tərtib edib və ənənəvi kitab kimi çap olunub. Sonra TDSDF-nin prezidenti Nüsrət Məmmədovun təşəbbüsü ilə kitab qırğız dilinə tərcümə edilərək, Bişkekdə işıq üzü görüb və pulsuz yayılıb.

Kitabda Çingiz Aytmatov haqqında qırğız, qazax, türk ədiblərinin, dünya yazarlarının, həmçinin Azərbaycanın Xalq yazıçısı Anarın, Xalq şairləri Bəxtiyar Vahabzadənin, Sabir Rüstəmxanlının, şair, publisist Şahmar Əkbərzadənin, Xalq rəssamı Toğrul Nərimanbəyovun, tərcüməçi, ədəbiyyatşünas Vilayət Rüstəmzadənin, akademiklər Nizami Cəfərovun, Bəkir Nəbiyevin, şair Adil Cəmilin və başqalarının xatirələri və yazışmaları yer alıb.

Audiokitabı bu linkdən -http://turktoday.info/az/audiokitep-2/ dinləmək olar.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!