AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən “Kəlniyyət” (1912-1913) və “Məşəl” (1919-1920) satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada ilk dəfə nəşr edilib.
“Kəlniyyət” və “Məşəl” satirik jurnalları Ədəbiyyat İnstitutunun Elmi şurasının 28 fevral 2022-ci il tarixli qərarı ilə çap olunub. Hər iki jurnalın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylidir.
Oxuculara təqdim olunan satirik jurnallar ərəb qrafikalı əlifbadan transfoneliterasiyadır. Satirik jurnalları ərəb qrafikasından transfoneliterasiya edən, biblioqrafik göstərici, qeydlərin müəllifləri, lüğət və tərtib edib çapa hazırlayanlar filologiya elmləri doktoru, professor Vüqar Əhməd və böyük elmi işçi mətnşünas Dilbər Rzayevadır.
“Kəlniyyət” toplusunun rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımova və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi mətnşünas Mustafa Mailoğludur.
“Məşəl” komplektinin rəyçiləri isə filologiya elmləri doktoru, professor İslam Qəribli və filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxovdur.
Jurnallarda həmin dövrün ictimai-siyasi, ədəbi və mədəni hadisələri ilə yaxından tanış olmaq mümkündür. Jurnalların komplektlərindən ədəbiyyat, mətbuat tariximizin araşdırmaçıları, doktorant, dissertant, magistrant və bakalavr təhsili alan filoloqlar faydalana bilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!