“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsinin qalibləri müəyyənləşdi

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Xarici işlər nazirliyi tərəfindən keçirilən “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsinin qalibləri müəyyənləşib.

16 noyabr 2021-ci il tarixində elan edilən müsabiqəyə esselərin qəbulu 30 dekabr tarixində başa çatıb. Yekunda müsabiqəyə 19 ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Ukrayna, Polşa, Bolqarıstan, Rusiya, Küveyt, Misir, Vyetnam, Cənubi Koreya və s.) 4 dildə (Azərbaycan, türk, ingilis və rus dilləri) olmaqla ümumilikdə 288 esse təqdim edilib. 24 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul olunmayıb.

Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün qəbul edilən 264 esse və onların müəllifləri xüsusi ştrix ilə şifrələnib və “Nizami Gəncəviyə məktub” müsabiqəsinin qiymətləndirmə komissiyasına təqdim edilib.

Komissiyanın 4 üzvü tərəfindən esselərin bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və mətnlərə müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq qiymət verilib.

“Nizami Gəncəviyə məktub” müsabiqə komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınan ümumi nəticəyə və komissiyanın yekun qərarına uyğun olaraq aşağıdakı əsərlər müsabiqənin qalibləri elan edilib.

I yer – Selçuk Karakılıç “Büyük Kahraman”: Nizami Gencevi”

II yer – Tariq Yousef “A Letter to Nizami Ganjavi”

III yer – Mülayim Hümmətova “Nizami Gəncəviyə məktub”

Nazirliyin müvafiq əmrinə əsasən müsabiqənin birinci yer üzrə qalibinə 2021 ABŞ dollarıikinci yer üzrə qalibinə 1141 ABŞ dolları və üçüncü yer üzrə qalibinə 880 ABŞ dolları məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq. 

Qısa müddət ərzində Mədəniyyət Nazirliyi tərəfindən qaliblərin mükafatlandırılması təşkil ediləcək.

 

mct.gov.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!