“Ustad”ın Novruz buraxılışı

 

“Hədəf Nəşrləri”nin təsis etdiyi ədəbiyyat və sənət dərgisi “Ustad”ın 37-ci – Novruz sayı işıq üzü görüb.

Edebiyyatqazeti.az  xəbər verir ki, jurnal bir qayda olaraq baş redaktorun – yazıçı, filoloq Şəmil Sadiqin məqaləsi ilə açılır. Şəmil Sadiq budəfəki – “Kitabi-Dədə Qorqud düşmənləri: İsa Muğanna, yoxsa Kamal Abdulla” yazısında ciddi arqumentlər gətirərək hər iki yazıçını tənqid edir.

Yazıçı-tərcüməçi, dərginin məsul redaktoru Səbuhi Şahmursoy “Ədəbiyyat nədir, nə deyil?” rubrikası altında intellektual romana tərif verərək digər roman janrları ilə oxşar və fərqli cəhətlərini sadalayır.

Şair, ədəbiyyatşünas Qismət isə “TƏK” rubrikasında “Ənənədən qopmanın ədəbiyyatda inikası”ndan danışır, yenilikçi, feminist mətndən söz açır.

Ədəbiyyatşünas və tənqidçi Elnarə Akimova “Azroman” rubrikasında “İsa Hüseynov mətnləri: nəsrimizin dərinlik və dirilik məqamları” məqaləsi ilə böyük yazıçının yaradıcılığına işıq tutur.

Jurnalist Xavər Zahir “Hərəkətdə olan incəsənət – aksionizm” araşdırması ilə “KainART” rubrikasında öz yerini alıb.

Yazıçı Sevinc Elsevər “Gülüb güldürən kino”dan söhbət açır, komediya janrının nəhəngləri barədə araşdırma aparır. Bundan başqa o, “Gəl, uşaq olaq!” rubrikasında “Hədəf” Liseyinin 9-cu sinif şagirdi Selcan Sadıqovanın “Xatırlamaq” yazısını təqdim edir.

Yazıçı-tərcüməçi, dərginin redaktoru Cavid Qədir mərhum Xalq yazıçısı Əzizə Cəfərzadənin oğlu texnika elmləri üzrə fəlsəfə doktoru Turan İbrahimov ilə söhbətləşir. Müsahib Əzizə Cəfərzadənin ana, qadın və yazıçı olaraq portretini cızır, yaradıcılıq mətbəxindən danışır.

Yazıçı, filoloq Nizami Hüseynov “Dəyirman daşı” rubrikasında absurd dil qaydalarından bəhs edir, problemdən çıxış yollarını axtarır.

Yazıçı Ceylan Mumoğlu “Psixotrap” rubrikasında “Şair-psixoloq: Nizami Gəncəvi” yazısı ilə dahi mütəfəkkirin yaradıcılığındakı psixoloji aspektləri araşdırır.

Kinoşünas Hacı Səfərov “Bir il bir kino” rubrikası altında özündə XXI əsrə çağırışlar ehtiva edən “Yeni minilliyə hesablanan kinolar”dan danışır, kinematoqrafiyada yeni tendensiyaların yaranmasından bəhs edir.

“Poeziya” rubrikasında yazıçı Tamerlan İsmayılzadə və şair Tural Cəfərlinin şeirləri yer alır. Müxtəlif mövzulu bu şeirlərdə müharibədən tutmuş sevgiyə qədər bir çox məsələyə toxunulur.

Yazıçı Əlabbas “Hədəfdəkilər” rubrikasında şair Ramil Əhmədin “Orxan Pamukun evində” kitabı ilə bağlı təəssüratlarını bölüşür.

Yazıçı Xəyalə Murad “İkibaşlı” rubrikasında “Nizaminin milli kimliyi” dilemmasına aydınlıq gətirir, onun Azərbaycan şairi olduğunu əsaslandırılmış şəkildə sübuta yetirir.

Yazıçı Ayxan Ayvaz “Qırmızı pəncərə” rubrikasında öz Novruz xatirələrini bölüşür. Eyni zamanda o, “Silahlı şeir” rubrikası altında Vətən müharibəsi iştirkaçısı Elvin İntiqamoğlunun şeirlərini təqdim edir. Dərgidə, həmçinin Ayxan Ayvazın bir neçə lətifəsi yer alır.

Jurnalist Nuranə Abbasova “Kinopasport”da “İnqilab, sədaqət və ehtirasın filmi” olan “Doktor Jivaqo”dan söz açır, film barədə maraqlı anket təqdim edir.

“Yad sətirlər” rubrikasında şair Ümid Nəccarinin tərcüməsində alban şair Jeton Kelmendinin şeirlərinə yer verilib.

Yazıçı Cəmilə Məmmədli “Sərəhədsiz incəsənət” rubrikasında məşhur ABŞ trubaçısı Luiz Armstronqdan danışır. Yazıda, eyni zamanda müğənni Seymur Əliyev ilə qısa söhbət yer alır.

“Ustadyana” rubrikasında Könül Əliyeva və Humay Hüseynli Novruz bayramı ilə bağlı maraqlı iddialar dilə gətirən filologiya üzrə fəlsəfə doktoru Güllü Yoloğlu ilə söhbətləşirlər. 

Mirzə Bartlbi “Sözbaz” rubrikası altında “Balaca adamların hekayələrindən böyük sözə” başlıqlı yazısı ilə yazıçı Ataqamın yaradıcılığından söz açır.

Qeyd edək ki, dərginin qiyməti 7 manatdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!