Ədəbiyyat İnstitutunun “Poetika.izm” elmi jurnalının növbəti nömrəsi çap olunub

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Poetika.izm” elmi jurnalının növbəti nömrəsi nəşr olunub.

Ədəbiyyat İnstitutundan Edebiyyatqazeti.az-a bildirilib ki, bu nömrə akademik İsa Həbibbəylinin “Satira nəzəriyyəsinə yenidən baxış” məqaləsi ilə başlanır.

Jurnal ədəbiyyatın mahiyyətini, qanunlarını, kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini, məqsəd və funksiyasını, ədəbi dəyər məsələsini, ədəbi əsərin ərsəyə gəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpkili məqalə və araşdırmalara üstünlük verir.

“Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu nömrəsi “İnterdisiplinar və multidisiplinar əlaqə”, “Ədəbi təhlil. Mətn poetikası”, “Janr, struktur, forma”, “Etnopoetika”, “Tarixi poetika”, “İZM”, “Tərcümə”, “Resenziya”, “Yubiley” bölmələrindən ibarətdir. “Poetika.izm”in redaksiya heyətinə Azərbaycan, İtaliya, Latviya, Yaponiya, Polşa, Türkiyə və Bosniya alimləri daxildir.

“Poetika.izm” elmi jurnalının baş redaktoru akademik İsa Həbibbəyli, baş redaktor müavini filologiya elmləri doktoru, professor Tahirə Məmməd, məsul katibi filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, məsul redaktoru isə Ülkər Hüseynovadır.

Qeyd edək ki, “Poetika.izm” jurnalı “ResearchGate”, “Open Academic Journals Index”, “Internet Archive” beynəlxalq indeksləmə sistemlərinə daxildir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!