“Ədəbi Proses – 2020-2021” elmi-yaradıcılıq müşavirəsi keçirilib - FOTOLAR

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses – 2020-2021” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, ədəbiyyatşünas alimlər, media nümayəndələri və başqaları iştirak ediblər.

Müşavirəni giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. Akademik çıxışında diqqətə çatdırıb ki, “ilk vaxtlar bu müşavirəni fevral aylarında keçirirdik, sonralar aprel ayında təşkil etdik. Bu il ilk dəfədir ki, mart ayında keçiririk. Bu ilki müşavirədə iki ilin ədəbi prosesini təhlildən keçirəcəyik, həm 2020-ci, həm də 2021-ci ilin. Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli və Ədəbi proses platformasının həyata keçirilməsində özünəməxsus rolu olan filologiya elmləri doktoru Elnarə Akimova 2020-ci ildə başlanan müharibə prosesinin, qələbə ilə bağlı əks-sədanın 2021-ci ildə də davam edəcəyini qeyd etdilər, vahid bir prosesin parçası olacağını düşündülər. Ona görə də, haqlı olan bu təklifi biz qəbul etdik. Beləliklə, bu il ilk dəfədir ki, Ədəbi proses yaradıcılıq müşavirəsində iki ilin - 2020-ci ilin, yəni müharibə ilinin və 2021-cilin, yəni onun ədəbiyyatda dərki ilinin ilk başlanğıc dövrünün ədəbi prosesini nəzərdən keçirəcəyik.

Bu il doqquzuncu ədəbi proses müşavirəsini keçiririk. Gələn il yubiley yaradıcılıq müşavirəsidir. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin burada olmağını nəzərə alaraq təklif edirəm ki, gələn il bunu Yazıçılar Birliyində təşkil edək, Natəvan klubunda Anar müəllimin də iştirakı ilə onuncusunu keçirək. Çünki burada müzakirə edilən əsərlərin hamısı məhz yazıçılara aiddir. Məruzəçilər və məruzələrdə əhatə olunan müəlliflər və ədəbi mətbuatın nümayəndələri də iştrak etsinlər.

Ədəbi proses yaradıcılıq müşavirəsi ədəbiyyatşünaslıq elminin bütün sahələrini əhatə edir. Burada ədəbiyyat nəzəriyyəsi, şeir, nəsr, dramaturgiya, ədəbiyyat tarixçiliyi, ədəbi əlaqələr, ədəbi tənqid, bölgələrdə ədəbi həyat və başqa sahələr üzrə tədqiqatlar aparılır. İlk dəfə olaraq satira nəzəriyyəsi araşdırılır, oçerk, sonet kimi janrlara da yer verilir. Sonet ilk dəfədir ki, bu müşavirələrdə yer alıb və mövzunu Vaqif Yusifli işləyib. Beləliklə, bu yaradıcılıq müşavirəsi ədəbiyyatın bütün növləri və janrları, ədəbiyyatşünaslığın bütün istiqamətləri üzrə biliklərimizi, baxışlarımızı, mövqeyimizi, nəzəriyyəmizi əhatə edir. Builki məruzələrin əksəriyyətində siyasi-ideoloji baxışlar da var. Dövlətçilik məsələləri də aparıcıdır, müharibə və zaman məsələlərinə də diqqət ayrılıb.

Hər il bu müşavirədə Yazıçılar Birliyinin nümayəndələri və ədəbi mətbuatı iştirak edib. “Ədəbiyyat qəzeti” bir neçə ildir ki, xüsusi buraxılış çap edir. Seçilmiş məruzələri hər il “525-ci qəzet” də çap edir. Bəzi məruzələr müşavirəyə qədər “Azərbaycan” jurnalında çap olunur. Bir dəfə “Ulduz” jurnalı “Ədəbiyyat qəzeti” ilə xüsusi buraxılış çap edib. Yazıçılar Birliyinin hazırladığı məruzələrdə bizim Ədəbi proses müşavirələrindən mənbə kimi yararlanırlar. Bu müşavirənin materialları həm də ədəbiyyat tarixçiliyi üçün mənbədir. Müşavirənin materiallarının indiyə qədər səkkiz cildi çıxıb, doqquzuncu çapa hazırlanır. Sovet dövrü ilə müqayisədə məruzə sayı artıb, artıq otuz məruzə dinlənilir”.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxış edib. O bildirib ki, “Ədəbi proses müşavirələrinin keçirilməsi ədəbiyyatımızda fərqli düşüncəli müəlliflərin bir yerə cəmlənməsinin ortaq nümunəsi kimi əhəmiyyətlidir. Qurultaybabağı bir çox məruzələrin hazırlanmasında bu məruzələrdən faydalanıblar. Müşavirənin gələn il Yazıçılar Birliyində keçirilməsi təklifinə çox müsbət baxıram. Məruzələrdə adları səslənən yazıçıları da dəvət etməklə, müzakirələr aparmaqla daha üstün nəticələr əldə etmək olar. İnanıram ki, builki, məruzələr də çox maraqla qarşılanacaq. Ədəbiyyat İnstitutunun alimlərinin ədəbi prosesə son illərdə fəal yanaşması təqdir olunası haldır. Sevinirəm ki, hətta ən gənc yazıçıların, şairlərin müharibə ilə bağlı fərqli rakurslardan yazdıqları əsərlərə reaksiya verirlər. Bu da gənclər üçün çox böyük stimul yaradır”.

Müşavirədə Ədəbiyyat İnstitutunun əməkdaşlarından 30 nəfər müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Onlardan filologiya elmləri doktoru Elnarə Akimova “İlin ədəbi mənzərəsi”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Ədəbi tənqid”, filologiya üzrə fəlsəfə doktorları Esmira Fuad “Poema”, Nərgiz Cabbarlı “Roman”, filologiya elmləri doktoru  Cavanşir Yusifli “Hekayə”, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli “Cənubi Azərbaycan ədəbiyyatı”, filologiya elmləri doktorları Tahirə Məmməd “Ədəbiyyat nəzəriyyəsi”, Vaqif Yusifli “Sonet”, filologiya üzrə fəlsəfə doktorları Gülbəniz Babayeva “Satira”, Elnarə Qaragözova “Ədəbi cərəyanlar müasir ədəbi prosesdə”, filologiya elmləri doktoru Salidə Şərifova “Ədəbiyyat tarixçiliyi”, filologiya üzrə fəlsəfə doktorları Gülnar Qənbərli “Uşaq ədəbiyyatı: şeir”, Maral Yaqubova “Bədii nəsr nəzəriyyə işığında”, Mehman Həsənli “Esse”, elmi işçi Gülnar Qasımlı “Bölgələrdə ədəbi həyat” və başqa mövzularda məruzə ediblər.

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!