Görkəmli türk şairi Yılmaz Ərdoğan 1967-ci il noyabr ayının 4-də Hakkaridə anadan olub. Çox xoşdur ki, şeirlərinin "Ədəbiyyat qəzeti"ndə dərc olunması əlli illik yubileyi ilə üst-üstə düşdü və biz fürsətdən istifadə edib, onu oxucularımız adından səmimi-qəlbdən təbrik edirik. Yılmaz Ərdoğan şair olmaqla yanaşı, eyni zamanda, tanınmış kinorejissor və aktyordur. Çəkdiyi filmlər, oynadığı rollar iyirmidən çox mükafata layiq görülüb.
DİLSUZ
BƏMBƏYAZ VƏRƏQ
Bir
bəmbəyaz vərəqdə
nə desən çəkmək olar:
məsələn,
təyyarə,
ya da,
rəngbərəng çərpələng,
göy qurşağı misalı,
ya da,
bir ayağı gödək
sallaq masa,
ya da,
kainatın o üzünə aşan
upuzun bir yol -
get ki, qurtaracaq,
get ki, qurtaracaq...
Bir
bəmbəyaz vərəqdə
nə desən yazmaq olar:
məsələn,
kiçicik bir şeir,
amma
misralarına
upuzun, bütöv bir ömür sığar...
Bir
bəmbəyaz vərəqdə
nə desən yaratmaq olar:
məsələn,
sənin çiçəyə
bu qədər bənzəyişini,
ya da,
mənim çarəsizliyimi...
Bir
bəmbəyaz vərəqdə
yazsam anladıqlarımı...
Amma
anlamadıqlarım da var -
məsələn,
torpaqla günəş,
küləklə yarpaq
nə danışırlar
öz aralarında?..
Sevdiyim,
sən mənə işıq ver,
işıq,
açılsın gözlərim...
Budaqlarımda
o qədər
tumurcuq var -
günəşə həsrət,
küləyə həsrət,
yağışa həsrət...
Sevdiyim,
bir uzaq yoldan gəlirəm,
heybəmdə
sənə layiq bir şeyim yox...
Nə qədər ağrıdan, acıdan keçdim,
nə qədər
sancıdan keçdim,
nə qədər
sevdadan keçdim,
sinəm
bəmbəyaz bir vərəq...
Sevdiyim,
gözlərin mərcan mavisi...
Sənə baxmaq -
suya baxmaqdır,
sənə baxmaq -
möcüzəyə baxmaqdır,
sənə baxmaq -
bir bəmbəyaz
vərəqə baxmaqdır,
sənə baxmaq -
Allaha baxmaqdır,
sevdiyim,
dualarımı qəbul et...
SEVƏ BİLMƏK EHTİMALI
Şəhərlərarası
avtobuslarda
vaz keçdim
çocuq olmaqdan,
ot
ətri verən
bir tikə pendir vardı
heybəmdə -
halbuki
mən Veysəlqapıda
səninlə bir xaşlama yemək
ehtimalını sevirdim...
Orta məktəbin
silgi ətri verən
təbaşir ləkəli illərində
Ankarada
payızın karbon iki oksidli havasında
hər kəsin həsrətini çəkməyə başladım...
Və
bu həsrət
elə uzun çəkdi ki,
iliyimə, qanıma işlədi,
öyrəncəli oldum -
həsrətlərin həsrətini
çəkməyə başladım,
iki gözüm...
Bizim
Kəmaləddin Tuğçularımız vardı
və
bir də
pəncərə şüşələrinin
tərləmiş üzünə
yazı yazmaq imkanımız...
Boş vaxtlarımızda
oyun oynayardıq -
mən - həkim olardım,
sən - tibb bacısı,
yerdə qalanlar -
könüllülər...
Qırmızı hərflərlə
ümid dolu
sözlər yazardıq
rəngi getmiş divarlara,
həm də,
Türk Dil Qurumunun acığına
yeni bir türkçədə...
Yadındamı,
içimizdə biri vardı,
maraq göstərməsək də,
"S" hərfindən
çəkic və oraq düzəltmək idi
işi-gücü,
səhərdən axşama qədər...
Və
Ankaraya
karbon iki oksid yağırdı,
üsul-üsul...
Qapalı məkanlarda sevişməyi
məsləhət görürdü
axşam xəbərləri,
Ankarada
bir sevgi macəram
olmasa da,
radioya
diqqətlə qulaq asardım,
bəlkə
buna görə
qınaqlıq sevgim olmadı,
güllə yarası almadım,
məhkəmə sənədlərinə
düşmədi adım...
Tək suçum
sənə şeir yazmaqdı,
mən
sənin
mənimlə
Tunalı Hilmi caddəsilə
gedə bilmək
və
məni
sevə bilmək
ehtimalını sevirdim...
Sən yox idin...
Ürəyim
yaz torpağı kimi
çat-çat olmuşdu...
Sağım - dəniz,
solum - dağ...
Üsul-üsul
avtobus olurdum,
yanımdan keçən
qatarlarla yarışırdım,
çocuqluğuma yaxınlaşdıqca,
sən olurdum,
anam olurdum,
atam olurdum...
Və
şəhərlərarası
avtobuslarda
vaz keçirdim
çocuq olmaqdan,
ot
ətri verən
bir tikə pendir vardı
heybəmdə...
Mən
səninlə
bir gün Vanda,
bir qəhvəxanada,
mən
səninlə,
sadəcə,
tanımağa məcbur qalanların
tanıdığı
bir yolüstü lokantada,
mən
səninlə
Ağrı dağına
mistik və dəmlənmiş
çay kimi baxan
Şərqi Bəyazidin
istənilən bir
torpaq evində,
mən
səninlə
hər hansı bir insan əlinin
cod coğrafiyasında
olma ehtimalını sevirdim...
Mən
sənin
məni sevəbilmə
ehtimalını sevirdim!
HAMISI BU QƏDƏR
Dəyişən mən deyiləm...
Eyni şey imiş
yaşlanmaqla islanmaq.
Bir
yağışın kölgəsində
qocalmadıqmı?
İndi
ölüm bəs eləmir
sancılarımızı çəkməyə.
Dostlar
xatirələrlə dolu
bir sahildə
mürgüləyirlər -
salamları
bıçaq kimi
kəsir üz-gözümü...
Dəyişən mən deyiləm...
Vaxt çatmır
yaşadığımızı düşünməyə...
Yenə də
gecə işıqları
bu şəhəri
gözəlmiş kimi göstərir,
istər-istəməz,
Əhməd Həşimin
qafiyələri düşür yadıma...
Səni
ağlıma çəkib gətirən
Yerin
cazibə qüvvəsi yox,
yalancı ulduzlardı -
elə yaxınsan ki,
üfürsəm sönəcəksən,
elə uzaqsan ki,
okean kimi,
qucaqlamaq mümkün deyil...
Yəni,
bir eşqə
yetəcək qədər
acılarımız
və hər an
xatırlada biləcək
səbəbsiz ölümümüz var...
Hamısı bu qədər...
YASAQ
Gözlərinə baxmaq,
Əllərindən tutmaq
mənə yasaq.
Gözündə yaşın,
fikrində təlaşın,
suçun,
bəraətin olaydım,
Ana yurdun,
vətənin olaydım,
yanına sürgün olaydım,
dörd bir yanım bağlı -
səndən başqa
bir kəsi görməyəydim,
fəqət yasaq,
gözlərinə baxmaq,
əllərindən tutmaq...
SƏSSİZ-SƏMİRSİZ ŞEİR
Bu imkansızlıqlar,
bu yaralar,
hamısı,
hamısı insan əməli.
Sevda deyə
hayqıran üzün,
bu kitabın
ən sirli sətri,
bir də
bir də yanıqlı səsindi
məni mənə düşmən edən.
Ağladığım gecələrin
tək şahidi
və
dünyanın
heç bir yerində
bənzəri olmayan üzün,
yəni,
başdan-ayağa sən!
Bu baxışlar,
bu mis dadı,
Hamısı,
hamısı insan əməli...
YAĞDIQCA
Yerlə-yeksan,
islaq saçlı,
qıyıq gözlü,
qəvim köçlərindən bəri
ağlayan,
adı
qəlbimdə gizli qalan
bir qadındı İstanbul.
Bu şəhərə yağış yağdı,
mən ağladım.
Kim
daha çox yalan soyutdu
çay fincanlarında,
hansı talandı
dəmli öpücüklərin
və
buğda itirdiyimiz
kimin adıydı?
Bir eşqdən
başqa bir eşqə
neçə saata
getmək olar?
Yağış şəhərə elə yağdı,
mən ağladım.
Gedəndə
özümlə ən çox
səni götürdüm,
yaralarım yardan ərmağandı,
ən müqəddəs kitabım -
sevgi atlası,
mən sevməyi,
bəlkə də sevilməyi
heç bacarammadım,
sevgimə əngəl acılarım vardı...
Mən yağış ağladım,
bir şəhərə yağdı
mən şəhərə ağladım,
bir yağış yağdı.
Mən
bir ağladım,
bir ağladım,
şəhərə yağış yağdı...
Mən...
Yağış...
Ağladım...
ALIN YAZISI
Ummadığım
masmavi bir gündə
gözləmə salonunun
yalnızlığına bürünmüşəm,
iliklərimdə itirdiyim
bir eşqi axtarıram -
bu qədərmi unutqanmışam?
Şeiriyyətini
o qədər də anlamadığını
bir Paris axşamında
qəlbimin daş piləkənlərini
sayıram -
içimdə ayaq izlərin,
ovuclarımda yaz,
səni xatırlayıram,
səni xatırlayıram...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!