AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Azərbaycan ədəbiyyatı tarixi” 10 cildliyinin doqquzuncu cildini çap edib. İnstitutun Elmi Şurasının 28 oktyabr 2021-ci il tarixli 7 saylı iclas protokolunun qərarı ilə nəşr olunan doqquzuncu cild “Cənubi Azərbaycan ədəbiyyatı” bölməsini əhatə edir.
Bu barədə Edebiyyatqazeti.az-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, 1220 səhifəlik kitabın redaksiya şurasına İsa Həbibbəyli (baş redaktor), Rəhim Əliyev (məsul redaktor), Əlizadə Əsgərli (məsul redaktorun müavini), Fikrət Süleymanoğlu (məsul katib), Aygün Bağırlı, Esmira Fuad və Pərvanə Məmmədli daxildir.
“Elm” nəşriyyatında işıq üzü görmüş kitab AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylinin “Ədəbiyyat tarixinin Cənubi Azərbaycan cildi” başlıqlı “Ön söz”ü ilə açılır.
Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının doqquzuncu - “Cənubi Azərbaycan ədəbiyyatı” cildində problemlər konkret mərhələ və istiqamətlər üzrə öyrənilib. Akademik nəşrdə XIX əsr Cənubi Azərbaycan ədəbiyyatını meydana çıxaran sosial-siyasi və ədəbi-mədəni mühit, habelə dövrün maarifçilik hərəkatının təşəkkülü, inkişaf mərhələləri, maarifçi-realist ədəbiyyatın ideya-məzmun, dil və üslub xüsusiyyətləri tədqiq olunub.
Nəşrdə İsa Həbibbəyli, Teymur Əhmədov, Rəhim Əliyev, Dilşad Cabbarlı, Xədicə İsgəndərli, Cəfər Müciri, İslam Qəribli, Sədrəddin Hüseyn, Şahbaz Musayev, Xeyrulla Məmmədov, Mahmizər Mehdibəyova, Pərvanə Məmmədli, Asif Rüstəmli, Səməd Bayramzadə, Fərman Xəlilov, Elmira Bağırova, Esmira Fuad, Vüqar Əhməd, Solmaz Daşdəmirova, Fikrət Süleymanoğlu, Lətifə Mirzəyeva, Sədaqət Məmmədova, Qəndab Quliyeva, Sabiqə Ələsgərova, Aydın Sərdarniya, Bahar Bərdəli, Ağahüseyn Şükürov, Kifayət Məmmədova, Zəminə Zeynalova, Əlizadə Əsgərli kimi alimlərin tədqiqatları yer alıb.
On üç bölümdən ibarət kitabda Azərbaycan, türk, rus dillərində və internet resurslarından ibarət 866 sayında ədəbiyyat siyahısını Lətifə Mirzəyeva və Fikrət Süleymanoğlu sistemləşdirib. Kitabda eyni zamanda ingilis və rus dillərində ətraflı xülasələr yer alıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!