AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının 30 illiyinə həsr edilən xatirə tədbiri keçirilib. Tədbirdə Xocalı soyqırımına aid nəşrlərdən ibarət sərgi ilə tanışlıq olub və slayd nümayiş etdirilib.
Bu barədə Edebiyyatqazeti.az-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin dəmir iradəsi, böyük diplomatik bacarığı, mükəmməl dövlətçilik siyasəti sayəsində qazanılmış Qarabağ Zəfəri Azərbaycanın daha sürətlə hərtərəfli inkişaf edəcəyinə, ölkəmizdə dinc və firavan həyatın bərqərar olacağına əminlik yaradır.
Akademik İsa Həbibbəyli deyib: “Bu cür tədbirlər yeni nəsillər üçün vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, bizim diqqətimizin Qarabağ və Xocalı mövzusuna tədqiqat baxımından daha dərindən yönləndirilməsi üçün özünəməxsus əhəmiyyət daşıyır. Bu mövzu, həmçinin ədəbiyyat, bədii yaradıcılıq mövzusudur”.
Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova “Ədəbiyyatda 30 illik Xocalı fəryadı” mövzusunda məruzə ilə çıxış edib. Fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Qəşəmoğlu yaradıcılığında həm Şuşa, həm də Xocalı mövzusunda əsərlərə yer verdiyini diqqətə çatdırıb.
Digər əməkdaşlardan filologiya üzrə fəlsəfə doktoru Fəridə Hicran, şair İbrahim Yusifoğlu, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin dördüncü kurs tələbəsi Nəzakət Pirverdiyeva vətənpərvərlik və Xocalı soyqırımı mövzusunda şeirlərini söyləyiblər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!