Beynəlxalq Ana Dili Günü “Öz dilim şirindir, öz dilim şirin” adlı tədbirlə qeyd olunub - FOTOLAR

 

Beynəlxalq Ana Dili Günü paytaxtdakı 56 nömrəli tam orta məktəbdə “Öz dilim şirindir, öz dilim şirin” adlı tədbirlə qeyd olunub.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, millət vəkili Ceyhun Məmmədov, “Azərbaycan dili” dərsliyinin müəllifi Rafiq İsmayılov, “Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, F.B.Köçərli adına uşaq kitabxanasının direktoru Şəhla Qənbərova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Bakı şəhəri 56 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova tədbir iştirakçılarını salamlayıb, Ana dilimizə həsr olunan tədbirə məktəb kollektivinin böyük ruh yüksəkliyi ilə hazırlaşdırqlarını bildirib.

Tədbirdə çıxış edən M.Vəliyeva qürur mənbəyimiz olan Ana dilimizin inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin danılmaz xidmətlərindən danışıb. Bildirib ki, ulu öndərin dövlət dili siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Ana dilinin dövlət dili kimi işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin geniş şəkildə tətbiqinə və beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsinə xidmət edir.

Millət vəkili Ceyhun Məmmədov, “Azərbaycan dili” dərsliyinin müəllifi Rafiq İsmayılov, “Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, F.B.Köçərli adına uşaq kitabxanasının direktoru Şəhla Qənbərova və digər çıxış edənlər Ana dilinin hər bir xalqın milli sərvəti olduğunu vurğulayıblar. Diqqətə çatdırıblar ki, xalqımızın mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən Ana dilimizin saflığını mühafizə etmək hər bir azərbaycanlının müqəddəs borcudur. Dilimizin əsas milli atributlarımızdan biri olaraq nəsillərdən-nəsillərə ötürülməsi işinə hər kəs öz töhfəsini verməlidir.

Tədbirdə məktəb şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyalar maraqla qarşılanıb.

 

baku.edu.gov.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!