Deyirlər desinlər... - Faiq HÜSEYNBƏYLİ

Şeirlər

***

Əyri tanımadı, haram bilmədi,

Halal gəzdirirəm düz əllərimi.

Açdım qaranquşa, kəpənəklərə

Ağac əllərimi, yaz əllərimi.

 

Ovcumda atır şair ürəyi,

Ümid təsəllisi, arzu gərəyi.

Gah daşdan çıxarır suyu-çörəyi,

Özüm tanımıram öz əllərimi.

 

Hələ nə yaşayıb hələ bu əllər,

Qıymayıb çiçəyə, gülə bu əllər.

Qoyma can tapşırıb ölə bu əllər,

Ərit nəfəsinlə buz əllərimi.

 

Əlim bir aynadı, əlim əksinə,

Əlim ağır gəlir öz çəkisinə.

Düzdüm misra-misra varaq köksünə,

Bu məsum, bakirə qız əllərimi.

 

Götür əllərimi, götür, ay adam,

Apar öz dünyana fani dünyadan.

İtirər ətrini, düşər mənadan,

Buraxma, sən Allah, söz əllərimi.

***

Neynək, eybi yoxdur, qoy belə olsun,

Qoy belə yaşasın bu adam, neynək.

Səfil söyləsinlər, dəli desinlər,

Deyirlər desinlər... azadam, neynək.

 

Neynək eee... onsuz da ölüm haqq işi,

Hamının Əzrayıl alacaq canın.

Hamı eyni cürə çürüyəcəkdir,

Eyni yaratmayıb Allah insanı?

 

Sonradan dəyişir dəyişilənlər,

Sonra da özünə qayıdır hamı.

Salamın rüşvətə döndüyü yerdə

Gözəllik vəsf edir şair ilhamı...

 

Neynək, eybi yoxdu, qoy belə olsun,

Düşsün qoca dünya şəkildən-şəklə.

Sonuncu nəfəsdə açıq gözünə,

Bir gözəl qadının əli çəkilər.

 

Bağlanar gözlərin əbədiyyətə,

Soyuyub gedərsən sətirbəsətir.

Bir qadın əlinə məğlub olarsan,

Ruhunu bürüyər sevdiyin ətir.

 

Açarsan qapını qiyamətlərə,

Səni diksindirər bir səs: "Can balam…

Mənim şair balam, mənim söz balam,

Gəl, gəl, adam balam, gəl, insan balam.

 

Balama qurban adamlar,

Balam havaxt addımlar?

Balama qurban süsənlər

Balam havaxt gülümsər?..."

Baxarsan bir yanda ana sevgisi,

Bir yanda atanın qayğısı vardır.

Siz ey məni səfil adlandıranlar,

Bizim ailəmiz belə kübardır.

 

Sevgiyə qərq olar hər tərəf, hər yan,

Araya uşaqlıq inadın düşər.

Birdən ayılarsan...

Birdən yadına

gözünə əl çəkən o qadın düşər.

***

Qəfil yolun büdrəsə,

Yıxılsan, ağlama haa...

Toplananlar içində

Çıxılsan, ağlama haa...

 

Pəncərəndə bu səhər,

Ümid dolu bir şəhər...

Sıxsa səni qəm-qəhər,

Boğulsan, ağlama haa...

 

Gəldin içinnən ahın,

Ən müqəddəs günahın.

Göz yaşındı silahın,

Oğulsan, ağlama haa...

 

Üz-üzə daş-dəmirlə,

Haqdan gələn əmrlə.

Yenidən bu ömürlə

Doğulsan, ağlama haa...

***

Bu kimin naləsidi,

Üstümdə... yükdür belə?

Allah, bu ruh Faiqdən

Niyə böyükdür belə?

 

Bu söyüd ağacını

Kim əkdi?-  barı yoxdur...

Bu yayın günəşi yox,

Bu qışın qarı yoxdur.

 

Dada gəlmir söz belə,

Hər şey rəngsiz alınır.

Bax, orda, elə orda,

Kilsə zəngi çalınır.

 

Rahib ömrü yaşayan

Pirdi söyüd ağacı.

İnanclara qapıdı,

Hürrdü söyüd ağacı.

 

Səhra ömür təşnədi,

Söyüd... nə səsdir elə...

Nə olsun barı yoxdur,

Kölgəsi bəsdir elə...

***

Ey mənim gözümün ağı-qarası,

Mən ağı qaradan seçə bilmədim.

Cəhənnəm odunda yanıb kül oldum,

O qıl körpüsünnən keçə bilmədim.

 

Soldurdum gül kimi təzə-tər ömrü,

Dilimin ucunda bu əzbər ömrü.

Xızır tək yaşadım peyğəmbər ömrü,

Dirilik suyunnan içə bilmədim.

 

Əlinin papağı Vəli başında…

Kim bilir, bu kimin külü başımda?

Başım əllərimdə, əlim başımda,

Heyif, öz dünyama köçə bilmədim.

Dedilər, sevgisiz bu dünya puçdu,

Uçdu əllərimdən səadət, uçdu...

Sən demə sevmək də gühahdı, suçdu,

Batdım bu günaha, suça, bilmədim.

 

Külə də çevrildi közüm, tapmadım,

Düyün taleyimə çözüm tapmadım.

Mən öz qismətimi özüm tapmadım,

Mən öz qismətimdən qaça bilmədim.

***

Yaz bunu bir yerə, mənimsən daha,

Necə ki səninəm, sən də mənimsən.

Yolumu azmaram dumanda-çəndə,

Dumanda mənimsən, çəndə mənimsən.

 

Vermərəm könlümü dərin qızlara,

Gözləri od saçan sərin qızlara.

Aldanmaz bu Faiq şirin qızlara,

Aldanmaz şəkərə, qəndə, mənimsən.

 

Ömrümə son qoysa ölüm, çatmasa -

Çatmasa murada, gülüm, çatmasa...

Ünüm yetişməsə, əlim çatmasa,

Olsan da uzaqda, gendə, mənimsən.

 

Bu ömrə yazıldın, günə yazıldın,

Əvvələ yazıldın, sona yazıldın.

Bütün kitablarda mənə yazıldın,

Bütün inanclarda, dində mənimsən.

 

Üzün günəş, sinən qar... işıq düşür,

Qaranlıq ömrümə yaraşıq düşür.

Şəhərdə sevgilər qarışıq düşür,

Gedək bu şəhərdən kəndə, mənimsən...

 

 

AYRILIĞIN ŞƏKLİ

Aramızda divar var,

Divar ayırır bizi.

Afət, sinəmizdəki

Qübar ayırır bizi.

 

Mənəm qəlbi od alan,

Xanəsi bərbad olan.

Ruhumuza yad olan

Nə var, ayırır bizi.

 

Gəl, ey bağrı sökülən,

Şüşə kimi çiliklən.

Saçlarına çəkilən,

Tumar ayırır bizi.

 

Nədir eşqə qəsd olan,

Bu qəsd ilə şəst olan?

Gözlərində məst olan,

Xumar ayırır bizi.

 

Azmışıq bir ünvanda,

Bu anda, bu zamanda.

Qan olduq eyni canda,

Damar ayırır bizi.

 

Mən qanadsız bir quşam,

Pəncərənə qonmuşam.

Sən payızsan, mən qışam,

Bahar ayırır bizi...

 

 

XATİRƏ

Yolların ağzını döndərib qışa,

Elədim dumana, çənə xatirə.

Hər gün bir xatirə sildim ömürdən,

Boy atdı yerindən yenə xatirə...

Bu səsdən-səmirdən keçib gəlmişdim,

Lap daşdan-dəmirdən keçib gəlmişdim.

Mən neçə ömürdən keçib gəlmişdim,

Saxladım ömrümü sənə xatirə.

 

Allah gülümsədi, dedi, ey insan,

Ruhdan da ayrılır vədəsində can.

Minillik ayrılıq, minillik hicran,

Yazıldı bu ömrə-günə xatirə.

 

Çətin qayıdasan, uzun getmisən,

Xatirə qalıbdır sözün, getmisən.

Sən özün getmisən, özün getmisən,

Əlin əllərimdə mənə xatirə...

 

***

Hər şey başqa idi on il öncədən,

Görən nə dəyişər beş ildən sonra?

Hansı gün yıxılar xatirələrdən,

Köksünə sıxdığın şəkildən sonra?

 

Bu ruh da, bu can da borcdu insana,

Deyirlər, sevgi də, bəs, Allahındı.

Sən demə şeir də yazmır bu adam,

Bu söz Allahındı, səs Allahındı.

 

Sən sevdin, mən isə ilahiləşdim,

Qəbahət sənindi, günah səndədi.

Şairi bir belə sevməzlər, qadın,

Sevərsən, özünü Allah zənn edər.

 

Görən sevgi nədi? Yanında olmaq?

Qaşına-gözünə toxunmaqdımı?

Görən sevgi nədi? Bir ağ kağız tək,

Yazısız-qələmsiz oxunmaqdımı?

 

Sevgi göz yaşıdı, sevgi gülüşdü,

Elə bir gülüş ki, şimşək çaxışı...

Elə bir göz yaşı, leysanlar kimi...

Şəklimi incidir axı baxışın.

 

Elə baxma, zalım, şəkil neyləsin?

Tanrı həsəd çəkir eşqinə sənin.

 

OXU MƏNİ

Sözüm var mənim sənə, mənim sənə sözüm var,

Əllərində əllərim, gözlərində gözüm var.

Məndə ki, bu iradə, məndə ki, bu dözüm var,

Pərvanə tək oduna yandır məni, yax məni,

Oxu, başa çıx məni...

 

Deyənlər gözəl deyib, çox ağıllı söz deyib,

Çətin günün ömrünü yaşadıqca döz, deyib.

Söz yarası ağırdı, kim deyibsə, düz deyib,

Yaralamaz nə nizə, nə xəncər, nə ox məni,

Oxu, başa çıx məni...

 

Məni saldın atımdan, saldın atımdan məni,

Alıb götürdün axır öz həyatımdan məni.

Sən ki, belə yandırdın yeddi qatımdan məni,

Yandırmadı nə nalə, nə çəkdiyim ah məni,

Oxu, başa çıx məni...

 

Gəl, bağışla şairə bu külli-kainatı,

Sənsizliyə qurmuşam səhər-axşam saatı.

Mən səninlə sevmişəm yeri-göyü, həyatı,

Mən "yox"dan "var" olmuşam,

            "var"dan etmə "yox" məni,

Oxu, başa çıx məni...

 

Mənim səndən savayı

            kədərim yox, qəmim yox,

Vurulub toplanmışam,

            hasilim yox, cəmim yox.

Tufan kimi gəlmisən,

            Nuh misalı, gəmim yox,

Polad kimi əy məni, çinar kimi yıx məni,

Oxu, başa çıx məni...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!