“Əlişir Nəvai. Əsərləri” kitabı Azərbaycan dilində çap olunub

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə Özbəkistanın və bütövlükdə türk dünyasının dahi şairi və mütəfəkkiri Əlişir Nəvainin əsərləri Azərbaycan dilində çap olunub.

Nəşrdə orta əsrlər klassik türk ədəbiyyatının böyük nümayəndələrindən Əlişir Nəvainin bədii-estetik cəhətdən yüksək sənətkarlığı ilə seçilən əsərləri öz əksini tapır. Kitabda Əlişir Nəvainin həyatı və yaradıcılığı haqqında məlumatlar, şairin xəmsəsinə daxil olan “Heyrət ül-əbrar”, “Fərhad və Şirin”, “ Leyli və Məcnun”, “Səb`ayi-səyyar”, və “Səddi-İskəndəri”, poemalarından parçalar, “Məhbub ül-qülub”, “Risaleyi-tiyr əndaxtən”, “Haləti-Seyid Həsən Ərdəşir” və “Haləti-Məhəmməd Pəhləvan” risalələrindən və divanlarından seçilmiş hissələr toplanmışdır. Kitaba şairin əsərlərinin mövzuları əsasında çəkilmiş 56 rəngli miniatür daxil olunub. Nəşrin sonunda lüğət və ədəbiyyat siyahısı yer alır.

Kitab Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Ön söz”ü ilə açılır. Kitabı tərtib edən, çağataycadan uyğunlaşdıran, qeyd və şərhlərin müəllifi Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Ramiz Əsgərdir. O, Əlişir Nəvai yaradıcılığının təbliği sahəsində xidmətlərinə görə Nəvai şəhərinin fəxri vətəndaşı adına layiq görülüb. Alim öz yaradıcılığında özbək ədəbiyyatının tədqiqinə geniş yer verərək, bununla bağlı bir çox məqalələr yazıb, tərcümələr edib. Belə ki, Ramiz Əsgər “Baburnamə” əsərinin tərcüməsinə görə Babur adına Beynəlxalq mükafata layiq görülüb.

 

azertag.az

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!