Fevralın 7-fə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin nəşr etdiyi “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” və “Xan Şuşinski” biblioqrafiya kitablarının təqdimat mərasimi keçirilib.
Kitabxananın direktoru Kərim Tahirov kitabxana tərəfindən hazırlanan “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiyanın Şuşaya həsr edilmiş ilk fundamental əsər olduğunu söyləyib. Bildirib ki, biblioqrafiyada Şuşanın tarixi, mədəniyyəti, musiqisi və ədəbi mühiti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı, ədəbiyyatı, görkəmli şəxsiyyətləri, Prezident İlham Əliyevin Şuşaya səfərləri ilə bağlı kitablarda, dövri mətbuatda, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb. Kitabda xarici dillərdə Şuşa haqqında dərc olunan materiallar, habelə dünyanın milli və universitet kitabxanalarında mühafizə olunan ədəbiyyatlar ayrıca bölmələrdə verilib.
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, ölkəmizdə hər il müəyyən hadisəyə həsr olunur. Bu il də Şuşanın əsasının qoyulmasının 270 illik yubileyi münasibətilə “Şuşa İli” kimi qeyd olunur. “Məhz Ali Baş Komandan İlham Əliyevin və müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində Şuşa arzumuz gerçəkləşib, mədəniyyət beşiyi olan şəhərimiz özümüzə qaytarılıb. Şuşa Azərbaycan xalqının iftixar mənbəyidir. Bu, böyük xoşbəxtlikdir ki, Şuşa öz mədəniyyətinə qovuşub. İndi məqsədimiz bu tarixi şəhərin ilkin görkəmini özünə qaytarmaqdır”, - deyən nazir qeyd edib ki, ötən il Şuşa mədəniyyət paytaxtı elan edildikdən sonra burada genişmiqyaslı abadlıq işləri görülüb, bir sıra tarixi-mədəni abidələr bərpa olunub. Bununla yanaşı, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Festivalda Xan Şuşinskinin və Azərbaycanın digər görkəmli incəsənət xadimlərinin mahnıları səslənib.
A.Kərimov, həmçinin qeyd edib: “Biz maarifləndirmə işlərinə Milli Kitabxanadan başlamağa qərar verdik. Həyata keçirdiyimiz layihələrdən biri də “Qarabağa kitabla gedək” layihəsidir. Qarabağda bərpa olunacaq kitabxanalar üçün 60 mindən çox kitab toplanıb. Ümid edirəm ki, bu il çoxsaylı tədbirlərimizi Şuşada keçirəcəyik”.
Sonra çıxış edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib: “Şuşa İli”ni Milli Kitabxanadan başlamaq məntiqlidir. Biz hər zaman Şuşa ilə bağlı tədbirlər keçirmişik. Şuşa deyəndə mütləq muğam yada düşür. Şuşada yaranan muğam əsl Azərbaycan muğamıdır. Bu, təkcə muğamın deyil, Azərbaycanın inkişafıdır. Şuşa həm də yeni Azərbaycan poeziyasının vətənidir. Molla Pənah Vaqif yeni dövr ədəbiyyatımızın ən parlaq nümayəndəsidir. Vaqifin dili Füzulinin dili demək deyil, müasir Azərbaycan dili deməkdir. Şuşanın əsl qiymətini Prezident İlham Əliyev verdi. Əminəm ki, Şuşanın dəyərini sonradan daha yaxşı anlayacağıq”.
Şuşa Rayon İcra Hakimiyyətinin nümayəndəsi Vüsalə Fətəliyeva 30 il bu şəhərin həsrətini çəkdiyini, ancaq heç zaman ümidini itirmədiyini söyləyib. Qeyd edib ki, Şuşanın azad olunması hər bir azərbaycanlını sevindirib. Buna görə Azərbaycan xalqı hər zaman şəhidlərimizə, qazilərimizə və Prezident İlham Əliyevə minnətdar olacaqlar.
“Azərbaycanın bütün bölgələrində ən mühüm kitabxana İbrahimxəlil xanın Şuşada tikdirdiyi kitabxana olub. O, getdiyi yerlərdən kitablar gətirib kitabxanasını zənginləşdirirdi. Şuşanın mədəniyyət və incəsənət xadimlərinin yetişməsində də bu kitabxananın rolu böyükdür. Şuşa haqqında çox kitablar yazılıb. Bu, mədəni hadisədir”, - deyə Vüsalə Fətəliyeva bildirib.
“Xan Şuşinski” biblioqrafiyasının Ön sözünün müəllifi Sərdar Fərəcov qeyd edib ki, Azərbaycan muğamının gözəlliyi, möhtəşəmliyi haqqında söz açılanda onun görkəmli ifaçıları yada düşür. Bu ifaçılar arasında elə xanəndələr olub ki, onların oxuduqları muğam onların adları ilə qoşa çəkilərdi. Məsələn, “Zabul Qasım”, “Segah İslam” və ya şəkili Ələsgərin “Rəhabı”, Məşədi Məmməd Fərzəliyevin “Şüştər”i, Seyid Şuşinskinin “Çahargah”ı və sair. Lakin elə xanəndələr olub ki, onların ifasında bir yox, iki yox, bəlkə də bütün muğamlar və bu muğamların şöbələri ən xırda detalları ilə səslənib, dinləyicilərin ürəklərini fəth edib. Belə xanəndələrdən biri də Xalq artisti Xan Şuşinski idi. O, hələ sağlığında Azərbaycan xalqının ən sevimli sənətkarı olub, adı əfsanələşib, dillərə düşüb, muğam kimi qədim bir sənətin rəmzinə çevrilib. “Bu kitabla yaxından tanış olduqca görürük ki, dahi şəxsiyyətlərin həyatı heç də adi olmayıb. Onların ömrü sonradan dastana çevrilib və yeni dövr açılıb”, - deyən S.Fərəcov qeyd edib ki, bu kitabların əhəmiyyəti sonrakı illərdə özünü daha qabarıq göstərəcək.
Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva layihənin əhəmiyyətli cəhətlərindən danışıb. Bildirib ki, biblioqrafiyada görkəmli xanəndələr haqqında yazılan kitablarla yanaşı, onlar barədə ən kiçik yazılar və məqalələrdən hissələr də yer alıb. Əsərin sonunda görkəmli sənətkarlar haqqında yazan müəlliflərin xüsusi siyahısının verilməsi, habelə onların dünya kitabxanalarında mühafizə olunan əsərlərinin göstərilməsi biblioqrafiyanın özəl xüsusiyyətlərindəndir. Digər əhəmiyyətli cəhət isə bu vəsaitlərin elektron versiyasının Milli Kitabxananın saytında yerləşdirilməsidir ki, bu da onların dünya oxucuları tərəfindən əlçatanlığın təmin olunmasına geniş imkan yaradır.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!