“Zahirəddin Məhəmməd Babur və Azərbaycan” kitabı çapdan çıxıb

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistanın ölkəmizdəki səfirliyi ilə birlikdə keçirdikləri “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” adlı beynəlxalq elmi konfransın materialları toplu halda nəşr edilib. Dövlət xadimi, ensiklopedik alim və şair Zahirəddin Məhəmməd Baburun anadan olmasının 538 illiyi münasibətilə işıq üzü görən bu kitabda hər iki ölkənin tanınmış alimlərinin, tədqiqatçılarının, ziyalılarının məqalələri çap olunub.

Kitabda AMEA-nın vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Özbəkistanın ölkəmizdəki səfiri Bəhram Əşrəfxanov, Özbəkistan Yazıçılar Birliyinin yaradıcılıq işləri üzrə I müavini Nadir Xalbutayevin çıxışları, eyni zamanda Azərbaycan alimlərindən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova), AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, dosent, filologiya elmləri doktoru Paşa Kərimov, filologiya elmləri doktoru Yaşar Qasımbəyli, dosent Akif Azalp, nizamişünas, dosent Təhminə Bədəlova, filologiya elmləri doktoru, dosent Bəsirə Əzizəliyeva, filologiya üzrə fəlsəfə doktoru Bəxtiyar Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidova, Özbəkistandan professorlar Həmidulla Baltobayev, Nurbay Cabbar, Cabbar İşankulov, Dilaram Salahi, Xurram Rəhimov, baburşünas Arif Hacı, Mirzə Gəncəbəy, Vahab Rəhmanov, Cəlaləddin Curayev, Qədir Erqaşev, Gülbahor Aşurova, Obidaxan Fayzullayeva, Abidcan Şafiyev, Abdirəsul Jumaqulov, Rüstamcan Ummatov, Dilafroz Muhammadiyeva, Şöhrət Hayitovun Zahirəddin Məhəmməd Babur haqqında yazdıqları qiymətli tədqiqatları yer alıb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktorları akademik İsa Həbibbəyli və professor Həmidulla Baltobayev, məsul redaktoru Bəxtiyar Məmmədov, toplayıb nəşrə hazırlayan və redaktoru filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova), rəyçiləri filologiya elmləri doktoru, professor Ataəmi Mirzəyev və professor Dilaram Salahi, məsul katibi Şəbnəm Babayevadır.

Qeyd edək ki, Zahirəddin Məhəmməd Babur (Babur Mirzə) özünün məzmunlu və səmərəli yaradıcılığı ilə dünya mədəniyyəti xəzinəsinə möhtəşəm töhfələr verən böyük simalardan biridir. O, 1483-cü ilin fevralın 14-də Fərqanə vadisinin Əndican şəhərində doğulub. Atası Ömər Şeyx Mirzə Əmir Teymurun nəvəsi Sultan Əbu Səid Mirzənin böyük oğlu olub, Fərqanə vilayətinin hakimi idi. Z.M.Baburun anası Qutluğ Nigar xanım Sultan Mahmudun böyük bacısı, Daşkənd hakimi Yunus xanın qızı idi. Yunus xan özü Çingizlilər nəslindəndir.

Zahirəddin Məhəmməd Babur yaşadığı qısa, lakin mənalı ömründə dünyaca məşhur “Baburnamə” əsərini, şeirlərindən ibarət olan “Divan”ını, əruz, nücum və musiqiyə aid risalələrini yaratdı. Zahirəddin Məhəmməd Baburun özbək ədəbiyyatında – türk şeirində lirik janrın inkişaf etməsində böyük rolu olub. Onun lirik irsi, həcmcə o qədər böyük olmasa da, mövzu dairəsi, forma, üslub, bədii gözəlliyi və mükəmməlliyi ilə xüsusilə fərqlidir. Z.M.Baburun lirikasında qəzəl, rübai, qitə, tuyuq, məsnəvi, mətlələr və müəmmalar əsas yer tutur.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!