Ərəb ölkələrində Nizami Gəncəvi irsinin təbliğinə görə Azərbaycan alimlərinə minnətdarlıq

 

Xəbər verildiyi kimi, İordaniya Haşimlər Krallığında Azərbaycan Respublikası səfirliyinin təşəbbüsü və UNESKO-nun nəzdində Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ərəb ölkələri alimlərinin Nizami Gəncəvi haqqında məqalələrindən ibarət kitab Ammanda işıq üzü görüb. “Azərbaycan şairi Nizami Gəncəvi ərəb alimlərinin gözü ilə” adlanan bu kitabda İordaniya, Misir, Suriya, Livan, İraq, Əlcəzair və Mərakeşdən olan alimlərin məqalələri toplanıb. Azərbaycan alimlərindən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli və Ədəbiyyat İnstitunun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov kitabın elmi redaksiya heyətinə daxil edilib və onların məqalələri də kitabda yer alıb.

Akademik İsa Həbibbəyli və professor İmamverdi Həmidov Amman Universitetində kitabın təqdimat mərasiminə onlayn qatılaraq çıxış ediblər. Kitabın tərtibçisi və mərasimin aparıcısı İordaniya alimi professor Abdulkərim  Cəradat Nizami irsinin ərəb ölkələrində öyrənilməsi sahəsində tədqiqatlar müəllifi olan  İmamverdi Həmidova təşəkkür məktubu göndərib. Ərəb alimi qeyd edir ki, İmamverdi Həmidovun  tədbirdə  çıxışı iştirakçılar üçün bir zənginlik oldu və onlar bundan çox faydalandılar. İordaniya alimi Al-Beyt Universitetinin Fars dili və  ədəbiyyatı bölməsinin müdiri professor Cəradat AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə əlaqələri davam etdirmək arzusunda olduğunu da bildirib.

Azərbaycan Respublikasının İordaniyadakı səfiri Eldar Səlimov kitabın təqdimatından sonra Azərbaycan alimləri akademik İsa Həbibbəyliyə və professor İmamverdi Həmidova maraqlı məruzə və əməkdaşlıq üçün təşəkkür edərək, əməkdaşlığın davam etdirilməsinin faydalı olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, professor İmamverdi Həmidov Nizami Gəncəvi ilində Bağdadda  keçirilmiş konfransda da onlayn iştirak etmiş, “Leyli və Məcnun” poemasının müqayisəli öyrənilməsi mövzusunda oxuduğu məruzə maraq doğurmuşdur.

O, həmçinin Azərbaycan Respublikasının  İraqdakı Səfirliyinin Müvəqqəti işlər vəkili Nəsir Məmmədov və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri dr. Motəz Muhyi Abdulhəmidun imzaladıqları  “Təqdirnamə”yə layiq görülüb.

Konfransın iştirakçısı İraq alimi professor Nazilə əl-Cəburi də İmamverdi Həmidova məruzəsinə görə minnətdarlığını bildirib və kitablarını ona hədiyyə kimi göndərib.

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!