“Nizami Gəncəvi yaradıcılığında multikultural və ümumbəşəri dəyərlər” adlı məqalələr toplusu nəşr edilib

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni nəşri işıq üzü görüb.

“Nizami Gəncəvi yaradıcılığında multikultural və ümumbəşəri dəyərlər” adlı məqalələr toplusu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar hazırlanıb.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Multikultural əhvalın, tolerant durumun klassik Azərbaycan ədəbiyyatımızda əsrlər boyu formalaşan və konkret bədii nümunələrdə yaşayan təzahürü çoxşaxəli və çoxistiqamətlidir. Bu kontekstdə ilk olaraq böyük mütəfəkkir Nizami Gəncəvinin həyatı və yaradıcılığı diqqəti cəlb edir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizaminin əsərləri multikultural mühit, çoxmədəniyyətlilik elementləri və dəyərləri ilə zəngindir. BBMM-in nəşri olan məqalələr toplusunda da Nizami Gəncəvinin çoxçalarlı yaradıcılığı əsasən multikulturalizm və tolerantlıq prizmasından nəzərdən keçirilir. Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Böyük sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus yerini qoruyub saxlamaqdadır. Multikulturalizm Mərkəzinin təqdim etdiyi məqalələr toplusunda dahi Nizami irsinin ümumbəşəri dəyərlər aspektindən nəzərdən keçirilməsinə çalışılıb.

Nəşrdə altı ölkədən (Azərbaycan, Gürcüstan, Özbəkistan, Ukrayna, Almaniya, Türkiyə) 20-yə yaxın müəllifin elmi və publisistik məqalələri toplanıb. Nəşrin elmi redaktoru və ön sözün müəllifi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla, layihə rəhbəri BBMM-in İcraçı direktoru Rəvan Həsənov, redaktorlar Multikulturalizm Mərkəzinin əməkdaşları Fəxri Uğurlu və Tahir Kazımlı, nəşrə məsul BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasovdur.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!