Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2022-ci ildə buraxılacaq nəşrlərin siyahısı müəyyənləşib

 

Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kitabxanaların fondu üçün Nazirliyin sifarişi ilə çap olunacaq və satın alınacaq nəşrlərə dair meyarların müəyyənləşdirilməsi, müvafiq sahə üzrə şəffaf və effektiv iş mexanizminin təmin edilməsi məqsədilə Nazirliyin 1 aprel 2021-ci il tarixli, 33-f nömrəli əmri ilə Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyası yaradılıb. Komissiya mədəniyyət, elm, ədəbiyyat, təhsil və digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən ibarət tərkibdə təşkil olunub.

Mədəniyyət Nazirliyinə 2021-ci il ərzində təqdim edilən 43 adda nəşr layihəsi Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyanın üzvləri tərəfindən oxunub, qiymətləndirilib. Komissiyanın qərarına əsasən 29 adda kitabın Nazirliyin nəşr planına daxil edilməsi məqsədəuyğun sayılıb.

Nəşr planına daxil edilən kitabların cari il ərzində nəşri başa çatdırılacaq.

Eyni zamanda 21 iyun 2021-ci il tarixində kütləvi informasiya vasitələrində “Nəşrlərin satınalınması müsabiqəsi” haqqında elanlar yerləşdirilib, müsabiqə üçün nəşr məhsullarının qəbulu 22 iyul 2021-ci il tarixinədək davam edib. Müəlliflər və müəlliflik hüququ sahibləri tərəfindən müsabiqəyə təqdim olunan kitablar Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyası tərəfindən bir ay müddətində qiymətləndirilib. Kitabxana fondlarının oxucuların tələbatına uyğun komplektləşdirilməsi məqsədilə Komissiyanın seçiminə əsasən Mədəniyyət Nazirliyi müsabiqəyə təqdim olunan nəşrlər arasından 233 adda kitabdan 14.755 nüsxəsinin satın alınmasını 2021-ci ilin son rübündə həyata keçirib. Kitablar Respublika Kitabxana Kollektoruna təhvil verilib, cari ildə bölgüsü başa çatdırılacaq.

Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyanın fəaliyyətinə dair Meyarlara əsasən Komissiya ötən il üçün işini yekunlaşdırıb və Komissiya dekabr ayında buraxılıb. Komissiyanın yeni tərkibi yaxın günlərdə təsdiq olunacaq və qaydalara əsasən şəffaflığın qorunması məqsədilə yeni tərkib haqqında məlumat cari ilin sonuna qədər konfidensial saxlanacaq.

Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyanın ötənilki tərkibi və Mədəniyyət Nazirliyinin 2022-ci il üçün nəşr planı ilə nazirliyin saytından tanış ola bilərsiniz.

 

mct.gov.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!