AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi ilə birlikdə keçirdikləri “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” adlı beynəlxalq konfransın materialları toplu halda nəşr olunub.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi və dahi özbək şairi və görkəmli dövlət xadimi Əlişir Nəvainin anadan olmasının 580 illiyi münasibətilə bu kitabda hər iki ölkənin tanınmış alimlərinin, tədqiqatçılarının, ziyalılarının məqalələri çap edilib.
Kitabda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Özbəkistanın ölkəmizdəki səfiri Bəhram Əşrəfxanov, Amanulla Ceyhunun çıxışları, eyni zamanda Azərbaycan alimlərindən AMEA-nın müxbir üzvü Nüşabə Araslı, akademik Teymur Kərimli, filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova), dosent Aygün Bağırlı, filologiya elmləri doktoru Yaşar Qasımbəyli, dosent Akif Azalp, nizamişünas, dosent Zəhra Allahverdiyeva, nizamişünas, dosent Təhminə Bədəlova, nizamişünas, dosent Əzizağa Nəcəfzadə Özbəkistandan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinov, Əlişir Nəvai adına Beynəlxalq Fondun direktoru Alimcan Dövlətov, professorlar İbrahim Haqqul, Nurbay Cabbar, Alimcan Duysenbayev, nəvaişünaslardan Ədhəmbəy Alimbəyov, Gülbahor Aşurova, Erqaş Oçilovun, Mirzə Gəncəbəy, Aysara Məmmədəliyeva İlhambəy Qurbanbayev, Nüsrətulla Cumaxoca və Uzak Juraqulovun Nizami Gəncəvi və Əlişir Nəvai haqqında yazdıqları qiymətli tədqiqatları yer alıb.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktorları akademik İsa Həbibbəyli və professor Şöhrət Siracəddinov, toplayıb nəşrə hazırlayan və redaktoru filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova), rəyçiləri AMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya elmləri doktoru, professor Nurbay Cabbarov, məsul katibi Şəbnəm Babayevadır.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!