Hekayə - Kəramət Böyükçöl

Anası Səlimə xala oğlunun tabutunun qarşısında qəflətən qol götürüb oynadı.

Qapıçı

Sinif yoldaşım Nazim olduqca zirək və mərd oğlan idi, heç vaxt dediyindən dönməzdi. Sinifdə onun qolunu qanıran yox idi. Tez-tez komanda yığıb ayrı-ayrı məktəblərlə futbol oynayırdıq. Burada da Nazimin üstünlüyü vardı, onun qoruduğu qapıdan hələ top keçməmişdi. Demək olar ki, bütün oyunları Nazimin yüksək qapıçılıq istedadı sayəsində udurduq. Bu qabiliyyətinə görə Nazim çox tanınırdı, məktəblərarası futbol yarışında da onun hesabına çempion olduq.

Biz orta məktəbi bitirib ali məktəbə imtahan verəndə sinif yoldaşlarımızın əksəriyyəti qəbul oldu, amma Nazim oxumadı. Hələ bircə dəfə onun əlində bir kitab, ya çiynində çanta görməmişəm. Mən görməmişəmsə deməli, heç kim görməyib. Yəni Nazimlə bu qədər yaxın olmuşuq. Dəfələrlə deyirdim ki, niyə universitetə hazırlaşmırsan? Xeyri olmadı.

Axırda mən universitetə, Nazim isə əsgərliyə getdi.

Nazim Beyləqanda xidmət eləyirdi, əsgərliyin ilk aylarında telefonla danışırdıq, bir dəfə yanına da getmişdim. Həmin oğlan idi, heç dəyişməmişdi. Boynumu necə qucaqladısa qollarının yeri çiynimdə hələ də sürünür.

Görən kimi məndən Leylanı soruşdu.

- Getdi?

- Hə, imkanlı bir oğlan aldı.

Nazim düz 10 il sevmişdi Leylanı, amma qız sevmirdi onu. Axıra kimi də sevmədi. Nazim nə qədər məktublar yazdı, amma cavab gəlmədi. Düzdü, dostumun təsirli sözlər yazmaq qabiliyyəti yox idi, məktubların çoxunu mən düzüb-qoşurdum.

Bir məktuba ürək şəkli çəkmişdim, bir ox da qoydum, guya ox ürəyi dəlib keçir. Qırmızı qələmlə qan damcıları göstərdim. Məktubun arasına bir-iki damcı ürək dərmanı - karvalol tökdüm.

Bunların hamısı mənim fantaziyam idi...

Sən demə, Leyla məktubları heç oxumurmuş, oxusaydı bəlkə təsir eləyərdi. Nə üçün oxumurdu, bilmirəm. Bircə onu bilirəm ki, bir-iki dəfə rəfiqələrinə deyib-ölsəm də, Nazimi sevə bilmərəm.

- Niyə?

- Çünki o oğlan mənim tipim deyil.

Nazim sonda hər şeyi başa düşdü və yavaş-yavaş Leylanı unutdu. Dəqiq bilmirəm, bəlkə unutmamışdı, hələ də sevirdi. Bircə onu bilirəm ki, qarşılıqsız sevgilər çətin unudulur.

Beyləqan hərbi hissəsində soyuq Nazimin üzündəki ifadəni də dondurmuşdu, yoxsa hər şeyi üzündən oxumaq olardı...

- Xidmət necə gedir?

- Hərdən atəşkəs pozulur, cavab verir, həm də bir-birimizi möhkəm qoruyuruq.

Nazimin sinəsi çox dərin idi, səngərə oxşayırdı, ayrılanda məni necə qucaqladısa, elə bil quyuya düşdüm.

- Özündən muğayat ol, beş-altı ayın qalıb... - Nazimə dedim.

Dostumun üz-gözündən öpüb əlini sıxdım, kürəyinə bir-iki əhsən yumruğu vurdum. Mənim yumruğum da nə yumruq, elə bil kürəyində milçək vızıldadı.

Zarafatımdan da qalmadım:

- Sən getmisən, Bakı yetim qalıb.

Nazimin yanından qayıdandan cəmi beş-altı gün sonra arxamca qara bir xəbər də gəldi. Dedilər, Nazimi vurublar. Düz səhərə qədər it kimi uladım. Anası Səlimə xala oğlunun tabutunun qarşısında qəflətən qol götürüb oynadı.

Düzdü, adamlar ananın oynamağına ayrı bir don geyindirdilər. Guya Səlimə xala ona görə qol açıb oynayır ki, oğlu subay ölüb. Mən bu fikirlə razı deyildim. Səlimə xala nə elədiyini bilmirdi və inanın ki, bu daha dəhşətlidir.

Sonralar Səlimə xala özü də mənim fikrimi təsdiqlədi:

- Hə, bala, neylədiyimi özüm də bilmirdim, tabutu görəndə ağlıma oynamaq gəldi...

Ölümünün səhəri günü qəzetlərdə xəbər oxudum ki, Nazim qəhrəmancasına şəhid olub. Yaxın bir əsgər dostunun nişan alındığını görən Nazim durduğu yerdən sıçrayaraq özünü güllənin qabağına atıb. Güllə düz ürəyindən dəyib. Nazim əsl qapıçı idi, son topu sinəsi ilə saxladı, qoymadı durduğu qapıdan vətənə güllə keçsin...

 

Taksi

Metrodan çıxan kimi ortayaşlı bir kişi mənə dedi:

- Sumqayıta bir nəfər lazımdır, üç nəfərim var. Gedirsən?

- Hə, gedirəm - dedim.

Gəlib gördüm, sən demə, kişi yalan deyir, üç nəfəri yoxdu. Təbii ki, niyə yalan dediyini o saat anladım. Çörəkləri belə xırda yalanlardan çıxır.

Sürücü dedi:

- Beş dəqiqə gözlə, gedib üç nəfər götürüm.

Üzüm gəlmədi deyəm ki, bəs deyirdin, üç nəfərim var, bir nəfər lazımdır? Deyə bilmədim. Düz yarım saat gözlədim ki, üç nəfər tapıb gətirsin. Yanımdan tez-tez ayrı taksilər keçirdi. Sumqayıta eyni qiymətə gedirdilər. Özü də üç nəfərləri var idi. Bir nəfər də olsa çıxırlar. O maşınlardan biri ilə gedə bilərdim. Amma getmədim. Yolun qırağında gözlədim.

Pis çıxmasın, beş-altı sürücü mənə yaxınlaşıb dedi:

- Gəl otur gedək.

- Yox - dedim.

Fikirləşdim ki, yazıq kişi soyuq havada üç nəfər tapıb gətirəcək, amma görəndə ki, getmişəm, pis olacaq və təzədən gedib bir nəfər tapıb gətirəndə görəcək ki, bu üç nəfər də aradan çıxıb. Adamın etibarı olar, adamın sədaqəti olar - dedim və sürücünü axıra kimi gözlədim. Böyük şeylərə gücüm çatmır, heç olmasa belə kiçik şeylərdə etibarlı olum.

Bir də gördüm sürücü gəlir. Adam da tapıb. Nədənsə, onun adam tapmağına çox sevindim. Heç vaxt belə ürəkdən sevinməmişdim. Əməlli-başlı kefim kökəldi.

Amma sürücü çatan kimi məni pərt elədi:

- Qardaş, xahiş edirəm, sən ayrı maşına min, bu dörd nəfər bir-birini tanıyır deyə bir yerdə getmək istəyirlər.

Sürücünün üzünə baxdım, baxdım, baxdım… Amma bir söz demədim. Nəsə deməyə üzüm gəlmədi. Gedib ayrı taksiyə mindim və mindiyim maşının pəncərəsindən gördüm ki, sürücünün tapıb gətirdiyi dörd nəfər onun maşınını bəyənmədi. Dedilər, belə qırıq-sökük maşınla Sumqayıta gedə bilmərik. Sürücünün üzündə maaş azlığı qədər əsəb, uşaq aclığı qədər qəzəb vardı.

Bir də gördüm məni çağırır:

- Gəl otur maşında, gedim üç nəfər tapıb gətirim.

Həyat çox amansızdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!