Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ədəbi tənqidçi Əsəd Cahangirin “Dionisin şərəfinə” adlı kitabı işıq üzü görüb.
“Teatr və dramaturgiya”, “Kino”, “Musiqi”, “Televiziya” və “Kulturologiya” bölümlərindən ibarət kitaba müəllifin təxminən 25 il ərzində yazdığı, müxtəlif incəsənət sahələrinə həsr olunmuş məqalə, resenziya, icmal, məruzə, esse və portretləri, eləcə də, bir sıra ünlü və gənc sənət adamları ilə müsahibələri daxil edilib. Ə.Cahangirin müxtəlif vaxtlarda mətbuatda dərc olunan və geniş rezonans doğuran “Bir çarə var ancaq – yeniləşmək”, “Vay dədəm, vay”, “Mahnı dağlarda qalmadı”, “Bəhramnamə”, “Dionisin şərəfinə”, “İran kinosunun peyğəmbəri”, “Əsgər və Oskar”, “Açılmaz Əslidən düymə”, “Eşq imiş hər nə varsa”, “Gecədən səhərə doğru”, “Səs” kimi yazıları da kitabda yer alır. Kitaba “Teatral adam” adlı “Ön söz”ü Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar İncəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov yazıb. Kitabın redaktoru tanınmış jurnalist Rizvan Əhmədlidir.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!