Türkiyə Milli Kitabxanasında Molla Pənah Vaqifin əsərlərindən ibarət sərgi açılıb
Bu gün Türkiyə Milli Kitabxanasında beynəlxalq elmi konfrans keçirilib və Azərbaycan Milli Kitabxanasının fonduna məxsus Molla Pənah Vaqifin əsərlərindən ibarət kitab sərgisi açılıb. Sərgi Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə TÜRKSOY-un 2017-ci il “Molla Pənah Vaqif İli” elan etməsi çərçivəsində təşkil edilib.
Tədbirdə həmçinin “Molla Pənah Vaqif şeirləri dünya dillərində”, “Molla Pənah Vaqif”, “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının da təqdimatları təşkil olunub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayma, Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu və digər dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri Azərbaycan Milli Kitabxanasının fondunda qorunan şairin zəngin həyat və yaradıcılığını özündə əks etdirən geniş kitab sərgisi ilə tanış olublar.
“Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi” adlı konfransda çıxış edən Azərbaycan Atatürk Mərkəzinin müdiri akademik Nizami Cəfərov M.P.Vaqifin Azərbaycan ədəbiyyatının yеni istiqamətdə inkişafına kömək еtmiş qüdrətli bir sənətkar olduğunu söyləyib.
Azərbaycan Yazıçılar Birliyinin Katibi Rəşad Məcid, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, Dünya Yazıçılar və Ziyalılar Dərnəyinin direktoru Osman Baş və yazıçı-tədqiqatçı Songül Dündarın şairin yaradıcılığı haqqında məruzələri dinlənilib.
Sonda Kərim Tahirov Milli Kitabxananın nəşri olan “Molla Pənah Vaqif. Biblioqrafiya” kitabında 20-dək dildə çap olunmuş əsərlər haqqında materialların toplandığını söyləyib, xalqımızın, böyük türk dünyasının ortaq mədəniyyətinin təbliği istiqamətində hər kəsə uğurlar arzulayıb.
Tədbir boyu Şəms Ələkbərova, Özgür Bacaksız və Muradcan Çətinqaya M.P.Vaqifin şeirlərini səsləndiriblər. Aşıq Səlahəddin Dündarın ifasında mahnılar dinlənilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!