Əlabbasın iki hekayəsi qazax dilində

             

  Almatıda Qazaxıstan Yazıçılar İttifaqının orqanı olan ədəbiyyat və sənət dərgisi “Tan-Şolpan” (“Dan Ulduzu”)  2021-ci ilin 4-cü sayında çağdaş nəsrimizin sevilən isimlərindən  Əlabbasın  iki hekayəsini   –  “Yolda adam” və “Gözəl”  – qazax oxucularına çatdırıb. Əsərləri Azərbaycan türkcəsindən görkəmli yazıçı-publisist və tərcüməçi Nurlan Kami  çevirib. O, qazax ədəbi mühitində  həm də Çingiz Aytmatovun “Çingizxanın ağ buludu”, “Kassandra damğası”, “Dağlar yıxıldığı an”, Oljas Süleymenovun “Tarixəqədərki türklər” və digər dəyərli sənət nümunələrinin  məşhur tərcümanı  kimi tanınır.

 “Tan-Şolpan” öz oxucularını Qardaş ədəbiyyatları bölümündə nasirimizin rəsmi və  tərcümeyi-halı ilə də tanış edib.

 Povest və hekayələri müxtəlif illərdə türk, qırğız, qazax, özbək, rus, ingilis, fars və gürcü dillərinə çevrilən Əlabbasın yaradıcılığına son zamanlar Orta Asiyada  marağın artması təsadüfi deyildir. Bu, ağır ictimai-siyasi deformasiyalardan sonrakı (90-cı illərdən indiyədək olan dövr)  ədəbiyyatımıza və onun yaradıcı simalarına qarşı  artan marağın ifadəsidir.  Bu gün tanınmış nasirimizin fərqli mövzuları, özgün təhkiyəsi,  unudulmaz obrazları, ümumən isə,  yüksək bədii dəyəri ilə seçilən  hekayə və povestlərini  dünyaca məşhur Çingiz Aytmatov və Mar Bayciyevin, görkəmli Abdulla Qədiri və Şükürxal Mirzənin, böyük Abay, Muxtar Auezov və Sətimcan Sanbayevin dilində  görmək qardaş xalqlarla gün-gündən istiləşən ədəbi əlaqələrimiz baxımından da olduqca  əhəmiyyətlidir. 

“Yolda adam” və “Gözəl” Əlabbasın qazax dilinə tərcümə olunan ilk əsərləridir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!