Milli Kitabxana “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” adlı virtual sərgi hazırlayıb

 

31 dekabr – bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Bu münasibətlə, Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan Edebiyyatqazeti.az-a bildirilib ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin müdrik kəlamları, fotolar, Azərbaycançılıq, diasporlarla iş, diasporlara dövlət qayğısı haqqında kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu/index.htm linkindən istifadə edə bilərlər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!