Kulis.az saytının təşkil etdyi “İlin hekayəsi” yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Edebiyyatqazeti.az kulis.az saytına istinadla bildrir ki, tədbiri giriş sözü ilə açan saytın baş redaktoru Ulucay Akif münsiflər heyətini, iştirakçı və qonaqları salamlayıb, müsabiqə haqqında ümumi məlumat verib.
Sonra APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, şair Baba Vəziroğlu çıxış edərək müsabiqənin əhəmiyyətini vurğulayıblar.
Münsiflər heyətinin üzvləri - tənqidçilər Elnarə Akimova, Əsəd Cahangir və yazıçı Fəxri Uğurlu hekayələr haqqında fikirlərini bölüşərək, yarışmanın ədəbiyyat adına ciddi hadisə olduğunu qeyd ediblər.
Çıxışlardan sonra mükafatlandırma mərasimi başlayıb. Üçüncü yerin qalibi Bircəyə mükafatı Əsəd Cahangir; ikinci yerin qalibi Sənan İsmayılova Fəxri Uğurlu; birinci yerin qalibi Fəridəyə isə Elnarə Akimova təqdim edib.
Sonda qaliblərlə xatirə şəkli çəkilib.
Xatırladaq ki, hekayələr anonim şəkildə münsiflərə təqdim olunaraq qiymətləndirilib. Fəxri Uğurlu, Əsəd Cahangir, Elnarə Akimova və Maral Yaqubovadan ibarət münsiflər heyəti əvvəlcə 20-liyi, daha sonra 10-luğu müəyyən edib.
Eyni zamanda Kulisin xüsusi mükafatına görə, Nihat Pirin hekayəsi onlayn səsvermənin qalibi seçilib.
Yarışmanın mükafat fondu aşağıdakı kimidir:
Birinci yer – 1000 manat
İkinci yer – 800 manat
Üçüncü yer – 500 manat
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!