Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində bu il ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlərlə yadda qaldı. Bu gün Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə çox nəfis şəkildə çap edilən dahi şair və mütəfəkkir Nizami Gəncəvinin beş poemasının bir arada yer aldığı kitabın - “Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimatına toplaşmışıq. Kitabda şairin əsərlərinə çəkilmiş miniatürlər də yer alıb. Görkəmli şairin 880 illiyi ilə əlaqədar bir neçə kitab çap edilib. Bu kitablar nəinki bu gün, gələcəkdə də hər zaman tədqiqat mənbəyi olacaq, təkrar-təkrar çap ediləcək və heç zaman öz əhəmiyyətini itirməyəcək. Gələcək nəsillər Nizami Gəncəvi yaradıcılığına olan diqqətin şahidi olacaqlar. Bu sözləri M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov dekabrın 27-də “Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimat mərasimində səsləndirib.
Milli Kitabxananın direktoru qeyd edib ki, dahi şairin bir çox əlyazmaları digər ölkələrdən kitabxanaya gətirilib. “50-dən artıq ölkədən əldə etdiyimiz əlyazmaların elektron surətləri Milli Kitabxanadadır. Onlar da kitab şəklində çap edilərək Milli Kitabxananın fondunda qorunacaq. Bunlar Nizamişünaslar üçün, tədqiqatçılar üçün ən dəyərli hədiyyə olacaq. Biz bu işi davam etdirəcəyik”.
Mədəniyyət naziri Anar Kərimov çıxış edərək “Nizami Gəncəvi İli” çərçivəsində görülən işlərdən, təşkil olunmuş tədbirlərdən, həyata keçirilən layihələrdən bəhs edib. Nazir söyləyib ki, Prezident İlham Əliyevin dahi şəxsiyyətlərin yaradıcılığına və onların irsinin yaşadılmasına göstərdiyi diqqət və qayğı onların həm də beynəlxalq arenada tanıdılması və xatırlanması üçün çox mühüm amildir: “Biz bu şəxsiyyətlər vasitəsilə ölkəmizi tanıdırıq. Nizami Gəncəvi bizim üçün təkcə şair deyil, eyni zamanda, ümumbəşəri dəyərə malik bir şəxsiyyətdir. Biz il ərzində dahi şairin 880 illiyi ilə əlaqədar çoxlu tədbirlər, konsertlər, tamaşalar, layihələr təşkil etmişik. Bu il “Nizami Gəncəvi İli” çərçivəsində ən möhtəşəm tədbirlərdən biri də Nizami Gəncəvi Beynəlxalq Festivalı oldu. Festivala dünyanın bir sıra ölkələrindən qonaqlar qatıldı. Festivalboyu şairin zəngin yaradıcılığından danışıldı, yeni məlumatlar əldə edildi. Bundan əlavə, dünyanın bir sıra ölkələrində dahi şairin büstü qoyuldu. “Nizami Gəncəvi İli” bundan sonra da bizim üçün davam edəcək”.
“Nizami Gəncəvi. Xəmsə” kitabının məziyyətləri haqqında məlumat verən nazir deyib ki, kitabda ilk dəfə olaraq şairin əsərləri əsasında miniatürlər də əks olunub. Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında yeni filmin ekranlaşdırıldığını söyləyən nazir deyib ki, film hazırda istehsalat mərhələsindədir və təqdimatı gələn il üçün nəzərdə tutulur.
Xalq yazıçısı Elçin Əfəndiyev “Nizami Gəncəvi İli” çərçivəsində ölkəmizdə reallaşan tədbirlərin önəmini qeyd edib. “Hər bir xalqın ədəbiyyat və incəsənət xadiminin təbliği, eyni zamanda, o xalqın özünün və tarixinin təbliğidir. Nizami Gəncəvinin təqdimatı, bir Azərbaycan şairi kimi, böyük əhəmiyyət daşıyır. Aradan 880 il ötməsinə baxmayaraq, Nizami Gəncəvi haqqında çoxsaylı kitablar yazılıb, araşdırmalar aparılıb və bu ənənə davam edir. Nizami Gəncəvi o qədər müasir şairdir ki, öz doğma Azərbaycanında heykəltaraşlığın, musiqinin, rəngkarlığın, opera və baletin inkişafında müstəsna rol oynayıb. Bu gün əgər dünyanın ən qədim təhsil ocaqlarından olan Oksford Universitetində Nizami Gəncəvinin adına mərkəz yaradılırsa, bu, özü Azərbaycanın təbliğidir”.
Kitabın xüsusi əhəmiyyət daşıdığını qeyd edən Xalq yazıçısı, nəşrə görə Mədəniyyət Nazirliyinin rəhbərliyinə təşəkkür edib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək deyib ki, bundan sonra neçə-neçə əsrlər ötsə də, yeni nəsil azərbaycanlılar böyük şair Nizami Gəncəvi ilə fəxr edəcəklər: “Nizaminin yaradıcılığında Azərbaycan xalqının əxlaqı, mədəniyyəti və dünyaya, insanlığa baxışı var. Ona görə də belə böyük şəxsiyyətin adı ilə keçirilən hər bir tədbir çox qiymətlidir. Mən ümummilli lider Heydər Əliyevi hörmətlə anmaq istəyirəm. Çünki Nizami Gəncəvinin abidəsinin hazırlanması, onun irsinin araşdırılması, təbliği istiqamətində onun müstəsna xidmətləri olub. Cənab Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Ona görə ki, bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi, sadəcə, mədəni hadisə deyildi, həm də çox önəmli siyasi hadisə idi. Dövlətimizin başçısı Nizaminin irsinin araşdırılması, yaradıcılığının təbliği yönündə çox böyük dəstək göstərdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da təşəkkür edirəm. Dünya ölkələrində Nizami Gəncəviyə qoyulan abidələrin sayı artır. Onun irsinin təbliği istiqamətində işlər daha da genişlənir. Burada da çox hörmətli Mehriban xanımın rolu olduqca böyükdür”.
“Nizami Gəncəvi İli”nin çox önəmli tədbirlərlə yadda qaldığına diqqət çəkən Qənirə Paşayeva Mədəniyyət Nazirliyinə görülən işlərə görə təşəkkür edib. O, “Nizami Gəncəvi. Xəmsə” kitabı ilə bağlı fikirlərini bölüşüb, önəmini qeyd edib.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov görkəmli şairin zəngin yaradıcılığından, əsərlərinin səciyyəsindən və tədqiqindən söz açıb, “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunmuş tədbirlərdən bəhs edib.
Sonda bir neçə şəxsə Nizami Gəncəvi irsinin təbliği ilə əlaqədar şairin 880 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş döş nişanı təqdim edilib.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!