Elnarə Akimova Naxçıvan Dövlət Universitetinin tələbələri üçün vebinar keçib - FOTOLAR

 

Filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimova Naxçıvan Dövlət Universitetinin tələbələri üçün vebinar keçib. Vebinar “Müasir ədəbi proses və ədəbi tənqid”  mövzusunda baş tutub.

Elnarə Akimova Naxçıvan Dövlət Universitetindəki təhsil sisteminin xüsusi səviyyəyə malik olduğunu nəzərə çatdırıb, buradakı elmi mühitin yetirdiyi insanların fikir həyatımızda imza atdığı mütərəqqi işlərdən bəhs edib. Daha sonra Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin “Azərbayvan dili və ədəbiyyatı” kafedrasının baş müəllimi vəzifəsində çalışan Seyfəddin Eyvazovun Elnarə Akimovanın elmi yaradıcılığı ilə bağlı məruzəsi dinlənilib.  

“Müasir ədəbi proses və ədəbi tənqid”lə bağlı vebinar açıq elan edilib. Elnarə Akimova ədəbi tənqidin vəziyyəti, onun tarixi və çağdaş durumu ilə bağlı geniş məruzə edib. Qeyd edilib ki, ədəbi tənqid bədii əsərləri təhlil etmək, dəyərləndirmək, onun məziyyətlərini və qüsurlarını üzə çıxarmaq, bütövlükdə ədəbiyyat haqqında fikir və mülahizələr yürütmək sənətidir. Ədəbi tənqidin başlıca funksiyalarından biri ədəbi əsərlərin çağdaş dönəmin elmi-nəzəri dəyərləri bağlamında oxunuşu və şərhidir. Ədəbiyyatşünas alim Azərbaycan ədəbiyyatı tarixində ədəbi tənqidin ilk örnəklərini yaradan XI əsr şairi Xətib Təbrizinin adını çəkib. Yaxın tarixi keçmişimizdə isə ədəbi tənqidin inkişafında Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, Seyid Hüseyn, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadənin rolundan bəhs edib. XX əsrin əvvəllərində ədəbi tənqidin mənzərəsi, sovet dövrü tənqidi üzərində ayrıca dayanan Elnarə Akimova daha sonra müstəqillik dövrünün otuz ildə keçdiyi inkişaf yolundan danışıb. Hazırda bədii mətnlərə hansı yeni dəyərləndirmə prinsipi ilə yanaşılması, nəzəri-estetik fikrin hansı təmayüllərdən çıxış etməsi ilə bağlı məqamlar müzakirə edilən əsas məsələlər olub.

Vebinarda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb. Tələbələrə ədəbiyyatı necə sevdirmək, dünya ədəbiyyatında yerimiz, repressiya illərinin ədəbiyyatımıza vurduğu yaralar, çağdaş ədəbiyyatımızın vəziyyəti, klassik irsimiz yeni dəyərlər işığında kimi mövzular ətrafında fikir mübadilələri aparılıb.

Nuhçıxan İnformasiya Agentliyi


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!