Milli Kitabxanada "Nizami Gəncəvi" xatirə döş nişanının təqdimatı keçirilib - FOTOLAR

 

Dekabrın 24-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvi" xatirə döş nişanının təqdimatı keçirilib.

Döş nişanı "Nizami Gəncəvi İli"ndə öz yaradıcılığı ilə fərqlənən yazıçı və naşirlərə təqdim edilib.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, bu gün sənət adamlarına, yaradıcı insanlara böyük diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 60 yaşı tatam olur. Azərbaycanda yaradıcı şəxslərə hər zaman böyük önəm verilib.

"Bu il həm də 44 günlük Vətən müharibəsindən sonra zəfər çalan mədəniyyətimizin qələbəsidir. Yazıçılarımız Azərbaycan dəyərlərinin təbliğ olunmasında müstəsna rol oynayır. Əminliklə deyə bilərəm ki, vətəni qoruyan əsgərlərimiz vətənə həsr olunan şeirlərlə böyüyüblər. İndi vəzifəmiz millət olaraq müharibədən sonra sülhə səfərbərliyi davam etdirməkdir. Burada yazıçıların, şairlərin üzərinə böyük vəzifə düşür, çünki bizim yazarlar milli dəyərlərimizi təbliğ edən şəxslərdir".

Xalq yazıçısı Çingiz Abdullayev deyib: "Biz hamımız fəxr edirik ki, Nizami Gəncəvi kimi şairimiz olub. Şairlər ölməzdir, yazıçılar və şairlər xalqın əbədiyyətdə vəkilidir".

Prezidenti ad günü münasibətilə təbrik edən yazıçı bu ili "Nizami Gəncəvi İli" elan etdiyi üçün ölkə başçısına təşəkkürünü bildirib. Qeyd edib ki, bundan sonra Azərbaycan xalqı heç bir ərazisini itirməyəcək və öz dahi şəxsiyyətlərinin adını uca tutacaq.

Filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Elnarə Akimova qeyd edib ki, 2021-ci ili iki açar sözlə xarakterizə etmək olar: Zəfər və Nizami Gəncəvi ili. Bu il ölkənin bütün elmi, ədəbi-mədəni strukturları Nizami Gəncəvi irsinin təbliği və tədqiqi məsələlərinin həllinə yönəldi. Bu istiqamətdə Mədəniyyət Nazirliyinin də sistemli fəalliyət göstərdiyini bildirən Elnarə Akimova reallaşdırılan işlər sırasında  Bakı Kitab Sərgisində Nizami ilə bağlı çeşidli və rəngarəng layihələri, Nizami ilə bağlı Avropa ölkələrində keçirilən tədbirləri, eyni zamanda elan edilən esse müsabiqəsini nümunə gətirdi. 

Xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, Hindistan Nizami Gəncəvinin əlyazmalarını saxlayan ən böyük ölkədir. Şair tövsiyə edib ki, bununla bağlı Mədəniyyət Nazirliyi müəyyən işlər görməli, Hindistan muzeyləri, kitabxanaları ilə əlaqələr qurmalıdır.

Müəlliflərin zəhmətinin dövlət tərəfindən qimətləndirilməsinin vacib olduğunu söyləyən Xalq şairi Vahid Əziz bu sahədə islahatların aparılmasının labüdlüyünü vurğuladı.

Daha sonra "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan çıxış edərək Nizami və türklük məsələsinə, Nizaminin dünya mədəniyyətində yeri kimi önəmli məqamlara toxundu.

Sonra yazarlar və naşirlərə - Çingiz Abdullayev, Vahid Əziz, Sabir Rüstəmxanlı, Natiq Rəsulzadə, Azər Turan, Rəşad Məcid, İlqar Fəhmi, Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Abid Tahirli, Elnarə Akimova, Firudin Qurbansoy, Cavanşir Yusifli, Günel Anarqızı, Aydın Talıbzadə, Solmaz Amanova və digər bir qism yaradıcı şəxslərə Nizami Gəncəvinin 880 illiyi münasibətilə təsis olunmuş xatirə döş nişanları təqdim edildi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!