“Ulduz” jurnalının dekabr nömrəsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, dərgi Əsəd Qaraqaplanın özüylə söhbəti və şeirləri ilə açılır.
Cəlal Məmmədovun tərcümə və tərtib etdiyi “Qısa fikirlər xəzinəsi” rubrikasında F. M.Dostoyevskinin kəlamları yer alıb.
“Yazı masası”nın qonağı 60 yaşını qeyd edən yazıçı Elçin Hüseynbəylidir.
Bahəddin Salmanın “Özünü doğan adam”, Bəsti Əlibəylinin “Aç özünü, bağlama”, Fidan Malikin “Qəfil qonaq” və Çingiz Abdullayevin “Təsadüf” hekayələri bu janrı sevənlər üçün xüsusi maraq vəd edir.
Oxucular dərginin bu sayında Əsmər Hüseyn Xan, Ramil Mərzili, Fərqanə Yusifqızı, Yavər Həsən və Təranə Dəmirin şeirlərini oxumaq imkanı da qazanacaqlar.
Tanınmış dramaturq Əli Əmirlinin ənənəvi ustad dərslərinin budəfəki mövzusu “Pyesin əsas komponentləri”di. Rəşid Faxralı Zəfər yolundan adlayıb, “Nə gözəl durulaşıb Həkərinin suları!”na baş vurub.
“Tərcümə saatı”nda yaponiyalı yazıçı Kendzaburo Oenin “Məğlublar” hekayəsi təqdim edilib. “Ədəbiyyat üzrə Nobel mükafatı laureatları” rubrikasında fin yazıçısı Frans Sillanpiyaanın həyat və yaradıcılığına nəzər salınıb. Nadir Əzhərinin “İsanın qadını və qadın ifadəsinin keyfiyyəti” başlıqlı tənqidi yazısı Səxavət Sahilin “İsanın qadını” romanından bəhs edir.
Vətən müharibəsi iştirakçısı, şair Emin Pirinin “Dərgidə kitab”da yer almış “Müharibə gündəliyi” müəllifin müharibə xatirələrinin yazı həllidir.
“Sərgi”ni gənc rəssam Fatimə Həşimlinin “Xarıbülbül” adlı rəsm əsəri bəzəyir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!