M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Литературная гостиная: современная российская литература для детей и подростков” adlı telekörpü formatında tədbir keçirilib.
Kitabxanadan bildirilib ki, tədbir Rusiya Federasiyası Təhsil Nazirliyinin dəstəyi, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə baş tutub.
Tədbir zamanı Bakıda fəaliyyət göstərən 8 və 160 nömrəli məktəbin kollektivi – müəllim heyəti, şagirdlər, eləcə də valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. O, Rusiyadan olan uşaq yazıçılarını, həmçinin tədbirdə iştirak edən Səlim Babullaoğlunu və uşaq yazıçısı Sevinc Nuruqızını qonaqlarla tanış edib. Professor Kərim Tahirov bu görüşlərin mütəmadi keçirilməsinin uşaqların mütaliəsində böyük rol oynadığını vurğulayıb. Daha sonra tədbiri davam etdirmək üçün sözü Daniil Romanova verib.
Daniil Romanov çıxışında məktəblilərin problemləri haqqında onlara sual verilməsini xahiş edib. Məktəblilərlə təklik problemi, valideyn-uşaq münasibətləri haqqında fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən S.Babullaoğlu belə tədbirlərin məktəblilər üçün yararlı olmasını vurğulayıb.
Görüşdə yazıçılar, ədəbiyyat sahəsində Rusiya milli mükafat laureatları – Aleksey Oleynikov və Nataliya Volkova ilə, eləcə də Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri ilə müxtəlif formatlarda canlı dialoqlar aparılıb. Qonaqlar və onlayn iştirakçılar (Bakıda, eləcə də Moskvada) yazıçılarla ünsiyyət quraraq onlara maraqlı suallar veriblər.
Daha sonra söz qonaq yazıçı Aleksey Oleynikova və Nataliya Volkovaya verilib. Onlar Bakıya ilk dəfə gəldiklərini və şəhərə valeh olduqlarını vurğulayıblar. Çıxışları zamanı onlar insanın tənhalığı, ədəbiyyatda tənhalıq mövzusu, müasir dövrdə internetin və sosial şəbəkələrin məktəblilərin həyatında oynadığı rolundan danışıblar.
Yazıçılar qeyd ediblər ki, bu tədbir onları daha yeni hekayələr yazmağa ruhlandırır.
Yekun olaraq xatirə şəkli çəkilib və tədbirdə fəal olan şagirdlər və gənclər M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının fəxri fərmanı ilə mükafatlandırılıblar.
Qeyd edək ki, Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası uzun illərdir ki, dünya ədəbiyyatını populyarlaşdırmaqla məşğuldur, rus və xarici ədəbi prosesləri birləşdirən bir teldir. Uşaq və yeniyetmələr üçün olan ədəbiyyat dünya ədəbiyyatının mühüm tərkib hissəsini təşkil edir. Məhz uşaqlar üçün olan kitablar ana dilinə və mədəniyyətinə maraq aşılamaq üçün nəzərdə tutulub.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!