Gün gələr,
Sağır gecələrin səssizliyində
Bir qapı döyülər...
Həsrətlə yandığımız
Və əsla geri dönməyəcək sandığımız
Keçmişimiz
Bizə gələr
- istəyinin başa gəldiyi bir aura qapsamışdı dekabrın 14-də AYB-nin Natəvan klubunu. Eynilə, ustad Serhat Kabaklının bu unudulmaz misralarının halınca... Yəni, "acı-şirin hər dəminə həsrətlə yaşadığımız və əsla geri dönməyəcək sandığımız keçmişimizin bizə gəldiyi", bizə qovuşduğu anın içindəydi tədbir iştirakçıları. Serhat Kabaklı ustadın dililə gesək, könül vadisini bir hüzur sardığı gün idi... Söz adlı vətənin qoynunda idik...
Həmin gün Natəvan klubunun qonaqları Türk Ədəbiyyatı Vəqfinin başqanı, şair Serhat Kabaklı və "Türk ədəbiyyatı" dərgisinin baş redaktoru, yazıçı-tərcüməçi İmdat Avşar idi... Əvvəlcə sözügedən Vəqfin təsis etdiyi "Türk Dünyasına üstün xidmət" mükafatlarının təqdimatı keçirildi. Natəvan klubunun çoxillik fəaliyyəti tarixində bəlkə də bu təqdimat o ilklərdən idi ki, bir neçə hissədə, fərqli biçimdə, fərqli bayramlaşma şəraitində keçirilirdi. Məsələn, ilk olaraq "Türk dünyasına üstün xidmət" mükafatları təqdim edildi. Bu mükafatların sahibi Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid və tanınmış şair-publisist Əjdər Ol idi. Sonra "Vektor" Elm Mərkəzi tərəfindən Serhat Kabaklıya "Fəxri doktor", İmdat Avşara "Şahmar Əkbərzadə" mükafatı təqdim edildi. Serhat Kabaklı AYB-nin təsis etdiyi "Nizami" mükafatına sahib oldu.
Sonra İmdat Avşarın Bakıda aybKitab layihəsi çərçivəsində nəşr olunan "Göyərçin sevdası" kitabının və 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin Türk Ədəbiyyatı Vəqfi tərəfindən İstanbulda Türkiyə türkcəsində nəşr olunan "Sevdanın sonu yoxdur" adlı şeirlər toplusunun müzakirəsi keçirildi. Tam bir konfrans, ədəbi-bədii simpozium səviyyəsində...
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid əvvəlcə Türk Ədəbiyyatı Vəqfinin Azərbaycan-Türkiyə ədəbi əlaqələrinə böyük töhfələr verdiyini qeyd edərək, tədbir çərçivəsində təqdim edilən mükafatlar barəsində qonaqları məlumatlandırdı. Bildirdi ki, Türkiyə bizim qardaş cümhuriyyətimizdir. Ədəbi-mədəni, ictimai-siyasi əlaqələrimizin böyük qardaşlıq tarixi var. Bu əlaqələrin möhkəmlənməsində Türk Ədəbiyyatı Vəqfi bir təşkilat olaraq çox unikal layihələrə imza atıb. Bütün sahələrdə əlaqələrimizin kenişlənməsi türkçülük düşüncəmizin daha parlaq səhifələrini açmaqdadı və bu prosesdə Türk Ədəbiyyatı Vəqfinin xüsusi yeri var...
Professor, "Vektor" Elm Mərkəzinin başqanı, şair Elçin İsgəndərzadə çıxış edərək, dərin səmimiyyətlə diqqətə çatdırdı ki, "millətimizin tarixində Azərbaycan Yazıçılar Birliyinin müstəsna yeri var. Qurumun inzibati binası yaxın 30 il boyunca mənim doğma Qarabağ, Şuşa nisgilimi ovudub. Bu gün burada ədəbiyyatımızın yaxın dostu və təbliğatçısı, Türk Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabaklı xocamız iştirak edir. Deyim ki, Azərbaycan ədəbiyyatının inkişafı, təbliği üçün Yazıçılar Birliyimiz, Birliyin sədri Anar müəllim hansı işi görürsə, qardaş Türkiyədə də Türk Ədəbiyyatı Vəqfi və vəqf başqanı Serhat Kabaklı da həmin işi görür".
Serhat bəy qarşılığında E.İsgəndərzadəyə dərin təşəkkürünü bildirdi. Dedi ki, "bizim uşaqlığımızdan Türk dünyası Azərbaycan idi. Biz Azərbaycanın dərdi ilə ilk qələm təcrübələrimizi yazdıq. Azərbaycana ilk gəlişimdə torpağı öpmüşdüm. Türklüyün, türk ədəbiyyatının mərkəzi Azərbaycan - Bakıdır. Azərbaycanı türk mədəniyyətinin mərkəzi kimi görməyimizdə Azərbaycan Yazıçılar Birliyinin, azərbaycanlı aydınların, elm xadimlərinin xüsusi rolu var".
"Türk ədəbiyyatı" dərgisinin baş redaktoru İmdat Avşar da bu xüsusda fikirlərini bölüşdü: "Burada Türk ədəbiyyatı Vəqfinin dəyərli fəaliyyətindən geniş şəkildə söz açıldı. Bu vəqfdə çox ciddi fikir adamları, siyasi insanlar birləşiblər. Eyni zamanda mənim rəhbərliyim altında nəşr olunan "Türk ədəbiyyatı" dərgisi həm ədəbiyyat, həm də digər sahələrin adamlarının çıxış etdiyi bir kürsüdür. Əlli ildir davam edən "Çərşənbə söhbətləri"miz var ki, bu söhbətlər zaman-zaman türk siyasətinin, türk ədəbiyyatının gündəmini məüəyyən etmişdir. Türklüyün mədəniyyət tarixini, türklüyün sənət dəyərlərini ortaya çıxarmışdır... Mən Azərbaycana ilk dəfə gələndə böyük duyğular yaşadım. Vaxtilə Evliya Çələbinin ziyarət etdiyi bu dünyada yeni bir səyahətnamə də mən hazırladım. İnanın ki, nakam şəhid şairimiz Ülvi Bünyadzadənin anasını o vaxt görsəydim boynuna sarılıb "bir oğlun da Anadoludan gəldi" - deyərdim...
Tədbirin sonrakı bölümündə yazıçı, "Qobustan" jurnalının baş redaktoru, filologiya üzrə fələsfə doktoru Pərvin Türkiyə - Azərbaycan ədəbi əlaqələri barədə ətraflı söz açdı. Günün gözəl gün olduğunu xüsusilə vurğuladı: "Uzun vaxt idi ki, ürəklərimiz belə açılmırdı. Bu görüş yeni bir sevginin, yeni bir sayğının və yeni bir ədəbiyyat ilişgisinin başlanğıcıdır. Bütün olanları yada salanda düşünürəm ki, bu deyilənlər, sadəcə, bir-birimizə dediyimiz xoş sözlər deyil, daha çox bir-birimizin xarakterini açan, özümüzü özümüzə tanıdan münasibət sərgiləməsidir. Bizi bir-birimizə daha da yaxınlaşdıran bir vasitədir. Türk Ədəbiyyatı Vəqfinin Azərbaycan ədəbiyyatını tanıtmaq sahəsindəki xidməti əvəzsizdir. Hər dəfə bizə nağıl kimi olaylar, dünyalarca xoş anlar yaşadıb. Bu münasibətlərin heç biri mənə təsadüf kimi görünməyib. Deməyi özümə borc bilirəm ki, dyərli İmdat Avşar qardaşımızın ədəbi əlaqələrimizin genişlənməsində xüsusi xidmətləri var. Azərbaycan oxucusu İmdat bəyi yaxşı tanıyır. Dərs dediyim universitetin tələbləri də onu sevə-sevə oxuyur, əsərlərini müzakirə edirlər. Hərdən məndən soruşurlar ki, müəllim, doğrudanmı siz İmdat bəyin təsvir etdiyi o gözəl yerlərə səyahət edib, o diyarı görmüsünüz? Cavab verirəm: "Görmüşəm də, gəzmişəm də, hələ bir, yaşamışam da!"
Sonra İmdat Avşar əsərləri ilə bağlı universitet tələbələrinin ona ünvanladığı sualları cavablandırdı. Tədbir diskurssiya şəkildə davam etdi.
Ardınca şair-publisist Narıngül Nadir İmdat bəyin çoxşaxəli yaradıcılığının özəlliklərindən söz açdı.
Tanınmış şair, Əməkdar müəllim Ofelya Babayeva, Əli Kərim adına Sumqayıt Poeziya evinin rəhbəri, AYB-nin poeziya seksiyasının sədr müavini İbrahim İlyaslı Serhat Kabaklının yaradıcılığı və Azərbaycan türkcəsində nəşr olunan "Bil, oğlum" (uyğunlaşdıranı İ.İbrahimli) kitabı barədə fikirlərini bölüşdülər.
20 Yanvar şəhidi, nakam şair Ülvi Bünyadzadənin bacıçı Könül Bünyadzadə qonaqları salamlayaraq "doğma evinizə xoş gəlmisiniz" - dedi: "Ülvinin şeirlərinə olan diqqətdən bir bacı kimi qürur duymuşam. Eyni zamanda da həmişə düşünürdüm ki, görəsən qardaş Türkiyədə Ülvini tanıyırlarmı? Türk Ədəbiyyatı Vəqfinə və onun başqanı Serhat bəyə dərin təşəkkürümü bildirirəm ki, mənim bu nigarançılığıma son qoydu, şəhid qardaşımın "Sevginin sonu yoxdur" adlı şeirlər kitabını nəfis şəkildə türkiyəli oxuculara çatdırdı. Eyni zamanda İmdat bəyə, Rəşad Məcidə minnətdarlığımı bildirirəm. Mən Rəşad bəyə və "525-ci qəzetə" həmişə böyük qardaşım kimi baxmışam. Ona güvənmişəm..."
Bu sırada Zaur Ustac İmdat Avşara, Narıngül Nadirə və Xəyalə xanıma "Ziyadar" diplomları təqdim etdi. Tədbiri AYB-nin sədr müavini Rəşad Məcid yekunlaşdırdı.
Sərvaz HÜSEYNOĞLU
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!