Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması yeni tərcümədə

 

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ölməz ədəbi irsinin tədqiqi və öyrənilməsi, bədii fikir və kəlamlarının alt qatında yatan məna və hikmətlərin düzgün çatdırılması, ilk növbədə, bu sirli söz xəzinəsinin mükəmməl tərcüməsini zəruri edən milli və dövləti məsələdir. Ötən əsrin ortalarında orijinal mətnə uyğunluqdan çox, əsasən bədiiliyə üstünlük verildiyi sərbəst yanaşmalarla tərcümə edilmiş və bu səbəbdən bir çox hallarda fikir və məna adekvatlığı itirilmiş, təhrif olunmuş bu misilsiz ədəbi irsin yenidən, orijinala uyğun şəkildə tərcümə edilməsi bu gün Azərbaycan ədəbiyyatı qarşısında duran mühüm vəzifələrdəndir.

2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi bu milli-mənəvi sərvətimizin yenidən dəyərləndirilməsinə və aktuallaşdırılmasına təkan verən mühüm tarixi addım olaraq məsələnin daha fundamental və şaxəli şəkildə həllinə geniş imkanlar yaratdı. Dövlət Tərcümə Mərkəzinin beynəlxalq ədəbiyyat layihələri çərçivəsində bu il ədibin “Yeddi gözəl” və “Leyli və Məcnun” poemaları Ukrayna və Gürcüstanda işıq üzü gördü, Nizaminin dahi Azərbaycan şairi olduğunu elmi dəlillər və sənədli faktlarla sübut edən ön sözlərlə ilk dəfə Almaniya, İspaniya kimi ölkələrin nüfuzlu nəşriyyatlarında çap olundu, kitablar beynəlxalq kitab sərgilərində, forum və konfranslarda həmin ölkələrin ədəbi ictimaiyyətinə təqdim edildi, mərkəzi kitabxana və universitetlərinə yerləşdirildi.

Dahi şairin 880 illik yubileyinə daha bir töhfə – onun şah əsərlərindən olan “Xosrov və Şirin” poemasının ilk dəfə orijinalına kifayət qədər uyğun və adekvat şəkildə, yüksək peşəkar səviyyədə tərcüməsinin ərsəyə gətirilməsi oldu.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, Nizami poeziyasının sirlərinə daha dərindən bələd olmaq istəyənlər “Xosrov və Şirin”in yeni, filoloji tərcüməsindən parçaları “Xəzər” jurnalının bu nömrəsindən başlayaraq izləyə bilərlər.

Əsərin fars dilindən sətri tərcümə müəllifi mərkəzin fars dili üzrə mütəxəssisi, tərcüməçi Əli Şükrü, filoloji tərcüməsinin müəllifi tanınmış yazıçı-tərcüməçi Etimad Başkeçiddir.

“Xəzər”in oxucuları jurnalın bu nömrəsində həmçinin “Azərbaycan ədəbiyyatı” rubrikasında Əhməd Oğuzun şeirlərini, “Nobel kürsüsü” rubrikasında Migel Asturiasin “Senyor Prezident” romanını, “Müasir gürcü poeziyası” rubrikasında Davit Şemokmedeli və Şota İataşvilinin şeirlərini, “Türk dünyası” rubrikasında Rollan Seysenbayevin “Qaçış” uzun hekayəsini, “İlahi keçid”də “Tövrat”, “Hekayə”də Volfqanq Borhert və Bojena Nemtsovanın hekayələrini, “Müasir rus nəsri”ndə Tatyana Tolstayanın hekayələrini, “Yaddaş”da r Ambroco Kontarini, İosafat Barbaronun “İki venesiyalı səfirin Ağqoyunlu ölkəsinə səyahəti”ni, “Memuar”da “Erix Maria Remarkın məktublarını, “Roman”da Bohumil Hrabalın “Mən ingilis kralına qulluq etmişəm” romanını, “Teatr” rubrikasında isə Dario Fonun “Sərbəst cütlük” pyesi və digər əsərlər ilə tanış ola biləcəklər.

Jurnal Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!