Dekabrın 10-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Kulis.az internet dərgisinin baş redaktoru, gənc şair Ulucay Akifin “Gizlənqaç” adlı şeirlər kitabının təqdimatı və imza günü keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxışında şairin yaradıcılıq xüsusiyyətləri haqqında danışıb. O bildirib ki, Ulucay Akifin yaradıcılığında zaman keçdikcə fərq özünü daha aydın göstərir: "Beş il əvvəl biz burada Ulucayin birinci kitabının təqdimatını etmişik. Bu beş ildə çox şey dəyişib. Əlbəttə, iki kitab arasında müəyyən fərqlər var. Çox yaxşı haldır ki, o artıq baş redaktordur. Onun üç kitabını almışam ki, kitab ala bilməyən gənclərə hədiyyə edim. Mən müəllifə uğurlar arzu edirəm."
Tənqidçi Əsəd Cahangir kitab haqqında məqalə yazmağa hazırlaşdığını bildirib: "Ulucayın birinci və ikinci kitabı arasında kifayət qədər fərq var. Elə kitabların adını müqayisə edəndə bunu görmək mümkündür. Ulucay Akifin bütün şeirləri mənə altında minalar basdırılmış torpağı xatırladır. Sanki sən gedirsən, altından nə isə bir məna çıxır. Şair sanki sözlərin mənasını tapır və onu göstərir. Bu kitabı mən başdan-ayağa oxumuşam. Və zərrə qədər də yorulmamışam. Mən onun kitabını oxuyanda ona görə yorulmadım ki, onun hər misrasında ədəbi bir kəşf görə bilirəm”.
Millət vəkili Aqil Abbas şairin şeirləri haqqında danışıb. O bildirib ki, atası Akif Səməd kimi Ulucayın da maraqlı şeirləri var.
Sonra şair Baba Vəziroğlu, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, tənqidçi Elnarə Akimova və digər qonaqlar çıxış ediblər.
Daha sonra kitabdan şeirlər səsləndirilib.
Qeyd edək ki, redaktoru tanınmış şair Salam Sarvan olan kitabda müəllifin son beş ildə yazdığı şeirlər toplanıb. Kitab “Radius” MMC nəşriyyatında çap olunub.
apa.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!