Qırğızıstanda Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd olunub

 

"Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycanın Qırğızıstandakı səfirliyinin, TÜRKSOY-un və “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Bişkek şəhərində Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunan tədbir keçirilib.

 “Manas” və Çingiz Aytmatov Milli Akademiyasında təşkil olunan tədbirdə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, bu ölkənin TÜRKSOY-dakı təmsilçisi Kocageldi Kultegin, Yazıçılar Birliyinin sədri Nurlanbek Kalıbekov, “Manas” və Çingiz Aytmatov Milli Akademiyasının prezidenti Topçubek Tuqunalıyev, bu akademiyanın Qırğızşünaslıq kafedrasının müdiri Abdraxman Alımbayev çıxış ediblər.

Əvvəlcə Azərbaycanın Xalq artisti, kinorejissor Eldar Quliyevin “Nizami” bədii filmi nümayiş olunub.

Lətif Qəndilov Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş söhbət açıb. Bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin əməli ifadəsidir. Bu həm də Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına göstərdiyi diqqətin, ədəbi-tarixi şəxsiyyətlərimizin dünyada tanıdılması istiqamətində apardığı ardıcıl siyasətin növbəti təzahürüdür.

Səfir Nizami Gəncəvinin özündən sonra zəngin ədəbi irs qoyduğunu, bütün türk dünyasının bəşəri sərvəti və qüruru olmasını qeyd edib. Vurğulanıb ki, Şeyx Nizaminin böyük xəzinə olan yaradıcılığı təkcə Azərbaycanın və türk dünyasının deyil, bütün bəşəriyyətin əvəzsiz mənəvi sərvətinə çevrilib. O deyib ki, türk dünyasının qədim və zəngin mədəniyyətinin təbliğ edilməsi, beynəlxalq aləmdə tanıdılması, gələcək nəsillərə ötürülməsi istriqamətində “Nizami Gəncəvi İli”nin elan olunması çox önəmlidir.

Səfir əlavə edib ki, zəngin yaradıcılığında qüdrətli söz və fikir ustadı insanları xeyirxahlığa, mərhəmətə, düzlüyə, ədalətə səsləyir, Allahı, Vətəni sevməyi öyrədir, gözəlliyi tərənnüm edir. Mənəvi dəyərlər şairin həyatının və yaradıcılığının əsas məğzidir. Bu gün gender bərabərliyi haqqında çox danışılır. Amma hələ XII əsrdə dövləti idarə edən müdrik qadın obrazları Nizami əsərlərinin qəhrəmanlarına çevriliblər. Səfir qeyd edib ki, Şekspir Nizamini bütün dövrlərin və xalqların yeddi ən dahi şairi sırasına salıb. "Leyli və Məcnun" poeması Romeo və Cülyettanın faciəvi hekayəsindən dörd əsr əvvəl yazılıb.

Tədbir çərçivəsində TÜRSKOY tərəfindən ingilis dilində nəşr olunan “Nizamini oxuyaq” (Reading Nizami Ganjavi) kitab-albomun təqdimatı keçirilib.

L.Qəndilov Düsen Kaseinovu xoşməramlı səfir adlandıraraq onun türk xalqları mədəniyyətinin beynəlxalq səviyyədə təbliği sahəsində əvəzsiz xidmətləri olduğunu söyləyib və kitab-albomun nəşrində zəhməti keçənlərə öz təşəkkürünü bildirib.

Düsen Kaseinov xoş sözlərə görə təşəkkür edərək deyib ki, TÜRKSOY da bu əlamətdar tarixi geniş şəkildə qeyd etmək qərarına gəlib. Artıq bir çox ölkədə klassik musiqi sərgiləri və konsertləri təşkil olunub. Dahi şairin yaradıcılığından ilhamlanaraq müasir bəstəkarların çoxlu yeni vokal əsərləri yaranıb.

Tədbirdə çıxış edənlər Nizaminin dünya ədəbiyyatına verdiyi misilsiz töhfələrdən danışıb, onun yaradıcılığının fəlsəfi aspektlərinə toxunublar.

Tədbir zamanı 30 il işğal altında olan əzəli Azərbaycan torpaqlarının azad edilməsi uğrunda aparılan Vətən müharibəsi dövründə Qarabağ həqiqətlərini Qırğızıstan ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan “Slovo Kirqızıstana” qəzetinin müxbiri Aida Şirinova və “Anadolu” Agentliyinin bu ölkədəki müxbiri Nazir Əliyev TÜRKSOY tərəfindən təltif ediliblər.

Tədbir səfirliyin və Bişkekdəki "Azəri" Mədəniyyət Mərkəzinin təşkil etdiyi bədii hissə ilə davam edib.

Nizami Gəncəvinin sözlərinə bəstələnmiş mahnılar ifa edilib, şairin şeirlərindən parçalar söylənilib və Azərbaycan rəqsləri təqdim olunub.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!