Bərbər - Romandan parça

Tayfun PİRSƏLİMOĞLU


Yazıçı və rejissor kimi fəaliyyət göstərən Tayfun Pirsəlimoğlu bir çox filmlərin də ssenari müəllifi olmuşdur. İlk romanı olan "Çöl hekayələri" 1996-cı ildə nəşr olunmuş, daha sonra "İtmiş şəxslər albomu" (2002), "Şəhərin qüllələri" (2005), "Kerr" (2014) romanlarını yazmışdır. Pirsəlimoğlu "Otel otaqları" hekayə, "Mithra və bildirçinlər" başlıqlı bir xatirə kitabının müəllifidir. Pirsəlimoğlunun 2016-cı ildə çap olunan "Bərbər" romanı muzdlu qatilin dilindən yazılmış, mürəkkəb bir həyatı təsvir edən əsərdir.
Atasından miras aldığı bərbərliklə məşğul olmaqla yanaşı, muzdlu qatil kimi də fəaliyyət göstərən qəhrəmanımız heç bir iş təklifini araşdırmadan yerinə yetirir və get-gedə bu qaranlıq həyata tamamilə aludə olur.

Bərbər

Romandan parça

M ilə görüşümüzü saat 11-in yarısına təyin etsək də, qurtula bilmədiyim vəsvəsələrimdən ötrü görüş yeri olaraq niyə oranı seçdiyini heç bir zaman bilmədiyim gurultulu Banklar küçəsinin sonundakı o qəribə pilləkənlərə 10-a beş dəqiqə qalmış çatdım. Günün istənilən saatında olduğu kimi, səhər çağı da küçə izdihamlı idi. Hambalından, məmurundan tutmuş səyyar satıcılarına qədər hər təbəqədən insan qarşısıalınmaz bir təlaşla dar küçələrdə, tıxacda dayanıb çarəsizcə siqnal verən maşınların arasında qaçaqaçdaydı.  Sanki bu hay-küyün  bir hissəsi olduqlarının fərqində deyilmiş kimi - öz adi məişət dərdlərindən daha fərqli, çox ciddi, həyati bir məsələ ilə məşğul kimi görünürdülər.
Vaxtımı keçirmək üçün o hərc-mərcliyin içinə qarışıb  küçəni bir neçə dəfə aşağı-yuxarı gedib-gəldim. Yenə sırf vaxtımı keçirmək üçün çox xoşlamasam da, bu həngamənin içində zil səsilə istəyini çatdıra bilən əl arabalı bir satıcıdan sahləb alıb içdim. Bütün səylərimə, xəbərdarlığıma baxmayaraq, "dadını ancaq belə bilərsən" deyərək plastik fincana az da olsa darçın tökməyə nail oldu. Yarısına beş dəqiqə qalmış görüş yerinə qayıtdığımda ağzımda hələ də sevmədiyim darçın dadı var idi. Kimisə gözlədiyimi hiss etdirməmək üçün ilanvari pilləkənlərin başladığı yerdən bir az uzaqda - soldakı mərmər divara söykənib, önümə, ayağımın ucuna baxaraq dayandım. Ümumən, kimisə gözlədiyim zaman əlimdə bir qələm tutub qəzetin idman səhifəsindəki futbol təxminlərini oxuyan biri kimi görünməyə çalışardım. Lakin, görüş yerinə üç-dörd addım qalmış cibimə qoyduğum qəzeti  itirdiyimi (çox güman ki, avtobusda düşmüşdü) bildim; bu azmış kimi həmişə pencəyimin içəri cibində saxladığım qələmimi də tapa bilmədim. Buna görə də bu tərəflərdə qəzet və qələm axtarmaq yerinə, əvvəlki gözləmə qaydama əməl etmək məcburiyyətində qaldım: heç nə eləmədən dayanıb barmaquclarıma baxmaq. Elə dayansam, görüş gözləyən birindən daha çox, hər hansı çek səbəbindən və ya pul məsələsinə görə çətin vəziyyətdə qalan bir ticarətçi və ya böyük dərdləri olan, toxunulmaması gərəkən məzlum bir insan kimi görünəcəyimi düşünürdüm. Lakin pilləkənlərin forması o qədər qəribə idi ki, orada dayanan hər kəs - öz dərdinin hayında olanlar belə - o şəklin bir hissəsi kimi az-çox diqqəti cəlb edirdi. M-nın məqsədimizə bu qədər uzaq olan bir yeri nə üçün təkidlə görüş yeri seçdiyini heç zaman anlaya bilmədim. M anlaşılmaz bir şəkildə sanki başqa bir diyardan, məsəl üçün, bir Avropa şəhərindən gətirilib oraya  qoyulan o qəribə pilləkənlərin üsyankar görünüşünü sevirdi. Halbuki o "milli"ləri daha çox sevir: hətta bu mövzuda fikirlərini digər məsələlərdən daha açıq ifadə edərdi. Mən isə o yer ilə bağlı qəribə bir ürpərti hiss edirdim. Mənasız bir ürküdücülükdə və ən az adına görə tikdirdiyi güman edilən Levanten ailəsinin adı qədər qəribə olduğunu hiss edirdim.
Başıaşağı dayandığım vaxtda hava tamamən qaralmışdı. Radioda hava məlumatlarını təqdim edən spiker o gün havanın yağışlı olacağını söyləmişdi. Hələ ki, yağış yağmamışdı, amma hər an yağacağı gözlənilirdi, göy üzünü qara buludlar almışdı. Spiker sözlərini xüsusi vurğulamaqla, bütün dinləyiciləri inandıracaq bir qətiyyətlə fırtınalı bir gün olacağını, səhərin ilk saatlarından ildırım çaxacağını, sonra da güclü bir yağış yağacağını söyləmişdi. Hava məlumatı kimi qeyri-müəyyən bir mövzuda hər şeyi bilmək məsuliyyətini üzərinə götürmüş bu qalın səsli adamın xarici görünüşü hər zaman marağıma səbəb olurdu. Hava ilə bağlı dediklərinə şübhə etmək bir yana, leysan, qar, bulud, istilik xəbərdarlığından sonra, onu dinləyənlərlə əlaqəli; sanki bir məmurun vəzifəsinin artırılması və ya evdə qalmış qız üçün yaxında bir evlilik ehtimalının olması haqqında danışarcasına, daha da pisi yoldakı bir qohumunuzun qəza xəbərini verəcək və bunlar da mütləq reallaşacaqmış kimi son dərəcə özündən əmin, hər cür şübhədən uzaq intonasiyası var idi ki, buna həm hirslənir, həm də heyran qalırdım. Spiker öyrəncəli olmadığımız, ona olan diqqəti artıran qəribə bənzətmələr deyirdi: məsələn, şiddətli külək əsəcəksə, "üfürücü hiddət" gəlir, günəş çıxacaqsa "istilik hücümü keçir", qar azalanda "bəyaz ricat" deyərdi ki, kimisinə görə bu son dərəcədə düzgün olmayan bir davranış idi, kimisinə görə isə kifayət qədər ədəbi davranışın işarəsi idi. M də, mən də onun cüssəli, eynəkli və mütləq uzunboylu və nazikbığlı olmasının vacib olduğunu düşünürdük.
Bunu dəfələrlə müzakirə etdiyimizi, hətta onun əlindəki məlumatı  oxumazdan əvvəl pəncərəni açıb ətrafa, səmaya bir dəfə də baxması, barmağını yalayıb küləyi ölçməsi barəsində zarafatlar etdiyimizi yaxşı xatırlayıram. Hətta bir dəfə bütün iş-gücümüzü atıb "Büllur köşk" kafesində saatlarla bu adam haqqında danışmışdıq. O gün oturduğumuz kafenin sahibi Sfinks ədalı sahibkar  danışıqlarımıza qulaq verib o spikerdən nifrət etdiyini bildirmişdi; hər ikimiz bu mədəniyyətsizlik (etiraf etməsək də, hər ikimiz onu xoşlayırdıq) və   diqqətsizliyimizə görə narahat olmuşduq. O gündən sonra M-nın Sfinksə bəslədiyi hisslər daha da kəskinləşmişdi. Buna baxmayaraq, eyni yerə dəfələrlə getməyə davam edirdik. Ta ki, şirniyyatın içindən qarı nənə böcəyi çıxana qədər. M Sfinksdən nifrət etdiyi qədər oranın gül suyu qoxan firnisini çox sevirdi- mənimsə ağız dadıma heç uyğun deyildi. Lakin kiçik bir böcək- amma mənim fikrimcə daha çox o spikerlə bağlı fikir ayrılığı onun nifrətinin qələbə çalmasına kömək oldu. Bir səhər zəng vurub görüş təyin edərkən   telefonu söndürməzdən əvvəl o gün başqa  yerə getməli olduğumuzu bildirdi. M-nın bu qərarı spikerlə bağlı olaraq məni çox sevindirdi, lakin ona bu haqda heç nə demədim. M də mənim kimi hava məlumatlarını dinləmədən çölə çıxmırdı (Ondan heç gözləməzdim, tanış olduğumuz gün etiraf  etmişdi). Bunu yağışlı havada çətir almaq, günəşli, isti bir gündə  qalın geyinmək məcburiyyətindən qurtulmaq üçün etmirdi. Hansı işə yaradığı, nə səbəbə qəbul edilməsi bilinməyən iş imiş, hətta heç cür əl çəkə  bilmədiyimiz, qurtulmaq istədiyimiz uşaqlıq vərdişlərimizdən biri kimi yerinə yetirirdi. Bəli, evdən çıxmadan, axşam yatmazdan qabaq hava məlumatları mütləq dinlənməli idi. Mən də başqa cür bacarmırdım. Səbəbini dəqiq bilmirdik.

Hazırladı: Nərmin Cahangirova


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!