Azərbaycan xalqının möhtəşəm sənət abidəsi olan “Kitabi-Dədə Qorqud” eposunun Drezden nüsxəsi İtalyada çap olunmuşdur. “Kitabi-Dədə Qorqud” eposu son illərdə Azərbaycandan onlarla elmi və bədii əsəri italyan dilinə tərcümə edib nəşr edərək Avropada yayan İtalyanın tanınmış “Sondro Teti” nəşriyyatı tərəfindən kitab halında nəşr olunmuşdur.
“Kitabi-Dədə Qorqud”u italyan dilinə tanınmış italyan türkoloqu Federiko De Renzi eyni zamanda Dədər Qorqudun italyan nəşrinə izahlı giriş sözü də yazmışdır.
“Kitabi-Dədə Qorqud”un İtalyan nəşri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud”: yazılı epos və ya epopeya” adlı geniş ön sözü ilə ictimaiyyətə çatdırılmışdır. Müqəddimədə “Kitabi-Dədə Qorqud” eposunun mənşəyi, yaranması, yazıya alınma prosesi, yazılı ədəbiyyat nümunəsi olması, əlyazma nüsxələri və poetikasından geniş bəhs olunur.
İtalyan nəşrində verilmiş “Kitabi-Dədə Qorqud” eposu haqqındakı dünya üzrə elmi və bədii əsərlərin siyahısında Azərbaycan Qorqudşünaslığına aid əsərlərə də geniş yer ayrılmışdır.
Kitabda Dədə Qorqudun dövrünü və yayılma arealını əks etdirən xəritələr və nadir miniatürlər oxuculara təqdim olunmuşdur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!