Nazim Hikmət
Bütün yer üzünün, göy üzünün
kainatın nəfəsi var
türkün nəfəsində,
bu nəfəsin odu var
Nazimin hər kəlməsində.
Dünyaya gəlməzdən
min-min il əvvəl yaranmışdı Nazim...
Tanrı dağlarından, Baykaldan,
Bosfor nəğmələrindən,
Qafqaz ellərindən doğulmuşdu,
uludan ulu
ruhdan doğulmuşdu Nazim.
O dünyaya göz açanda, dünya
od-alov içindəydi,
qanlar axırdı Türkiyənin sinəsindən,
qəlbində ildırımlar haykırdı,
buludlar ötüşdü Nazimin.
Haray saldı:
"Hava qurşun kimi ağır...
bağır-bağır bağırıram!
mən səni
qurşun əritməyə çağırıram!"...
Qurşun əridə-əridə
həbslərdə yatdı,
kövrək, nur dolu qəlbiylə
şeir-şeir
yer üzünü oyatdı...
ömrü qurşun təki ağır oldu.
Qürbətdə,
ayrılığın tələsində
şəhid oldu...
Ömrümün gözəl insanları
ürəyim sək-səkədə,
ömrüm təhlükədə...
dünyadan keçirəm indi...
. . . gecədən xeyli keçib,
küçənin ortasında təkəm.
kövrəlmişəm...
Bu şəhərdəki
insanlar düşür yadıma,
bu şəhərdə
üç-beş insan var ki,
onlar yadıma düşdükcə
təpər gəlir ürəyimə.
Gecikdin...
Üşümə qızılgülüm,
bağbanın olammıram...
nəhs düşübdü araya
ağrını alammıram...
Sən bir günəş şəfəqi,
gah əlimdə, gah baqi,
eşq şərbəti ver saqi!
yıxıldım, qalxammıram.
Yağan nurmu, yağışmı,
ya bir cadu, qarğışmı,
ağ buludlar ağ daşmı?
üstümdən atammıram....
Yar dedi: - dərdin gözəl
sən vüsaldan üzmə əl,
en göylərdən yerə gəl,
-gecikdin, gələmmirəm...
Gəl məni dəfn elə
Sənə gələn yollarım üstə,
öz qollarım üstə
öldüm...
Gəl, qoşul kölgəmə,
dəfn edin məni....
İstəyirsiniz ağı deyin,
istəyirsiniz gülə-gülə,
xatırlayıb məni
rəhmət diləyin....
...yalnız
sənin sevginin içindəydi ömrüm.
Sevginsə bulud kimiymiş,
gəldi, nur səpdi hər yana, getdi...
o getcək, şükür ki, dözmədim,
dünyadan itdim.
Cənazəm ortadadı...
gəl, qoşul kölgəmə,
dəfn edin məni...
Ömür
Canımın ağrıyan vədəsiydi...
bu, ömrün hökmü, ya
bir tale hədəsiydi?
Sayrışan ulduzlar, sirli ulduzlar
çırpına-çırpına axıb getdilər
qəlbimin tellərdindən...
İlahi!
havada ürkək-ürkək axan nəğməni
hansı bəstəçi
ömrün hansı anında yazıb?...
Kimdi, kimdi məni
əlləri üzündə, gözləri sevgi dolu
ağlaya-ağlaya dinləyən gözəl?
Bu fani dünyada
Allahım, fani dünyada
yenə yıxıldım, yenə durdum
hər dəfə yıxıldıqca, qalxdıqca
qarşımda, qəlbimdə
tək Səni gördüm...
Tək Sənin nurun məlhəm qoydu
yaralarıma...
yalnız Sənə doğru gəlmək
ümid verdi
ağrılarıma....
Rica
Allahım! Qədərimdə
bir dar ağacından asılmaq,
ya cəllad kötüyünün üstə
boynu vurulmaq,
ya güllələnmək də varsa….
Səndən ricam var…
Nadan olmasın cəlladım…
boynuma atanda ilgəyi,
ya qaldıranda baltanı…
ya çəkəndə tətiyi
nəşələnməsin üzü…
Halımı ağlayan qəlbinin
nuru düşsün üzünə,
almasın canımı
iblis ədasıyla sevinə-sevinə…
Allahım,
ömrümün son anı,
bəxtimə düşən cəlladın
üzündə rəhmin gəlsin mənə…
Mən mənə
uzaqdan baxıram...
Mən hərdən xəyallarda,
hərdən də yuxularda
yox edib ömrümdəki
dövranın, bəxtimin, ağlımın
düzdüyü düzümü...
görürəm Allahın
yaratdığı özümü...
Çəpərin arxasından
bir bağa baxan kimi
baxıram özümə...
Məni məndən alan fələk!
üstümdə
yetim güllər ağlayır,
yetim günlər ağlayır...
İncə xətlər
İlahi! İncəlik bir gözəllikdir
Yar öldürür məni çox incə-incə.
Deyir incə xətlər var aramızda
Bu necə xəncərdi belə gizlincə?
Yolunu gözlədim illər uzunu,
Sükür, bu dünyada gördüm üzünü.
Bəxtimin bir doğma, ya tərs üzümü?
Yerdən üzülürəm onu görüncə.
Şeirin diliylə danışır dünya,
Onun hər hökmüylə barışır dünya,
Sevgilimsən desəm, qarışır dünya,
Hirslənir, sözümüz ora gəlincə....
Bu incə xətləri kim çəkib belə?
Sevda boy göstərir kövrək qəm ilə.
Ümid mənə deyir, yar gülə-gülə
Silər o xətləri sirri bilincə.
Vədəsində
Nə gözəl gəlmisən ömrümə mənim?!
Sanki bir pöhrəsən yaz vədəsində...
Ögeylik ömrümə olmuşdu qənim,
Yaxşı ki, gəldin sən öz vədəsində.
Xəyallara gedib, duruxma belə,
Üstünə nur yağır, karıxma belə.
Bu qəfil sevgidən qarıxma belə
Allah qismət edir düz vədəsində.
Sən haqqa aşiqisən, mən - sən lələ,
Sübhdə bal arısı qonmaz hər gülə.
Üzündən birçəyi, tez ol, dəstələ
Dön mənə gülümsə tez, vədəsində.
O ilahi üzündə
Çırpınır ilahi eşq, o ilahi üzündə,
Eşq dolu bir yaraşıq, o ilahi üzündə...
Titrəyir Tanrı nuru, bir təşnə işıq kimi
İşığa ruhum aşiq, o ilahi üzündə.
Səsinin ahəngində yüz sirrin sədası var,
Aya bənzər üzündə mələklər ədası var.
Qəlbindən qalxan odda qəlbimin nidası var
Sirlər düşüb qarışıq, o ilahi üzündə.
Məni göylər dindirir, sən məni dindirdikcə...
Baxışın sonsuzluqda, ilahi hər bir heca.
Dünyanın harasıdı? Gündüzdü, yoxsa gecə?
Gecə, gündüz barışır o ilahi üzündə.
Yıxıldım
Sərv nurum məni duymadı,
Budağından yıxıldım.
Hər an gözləri doğmaydı,
Yanağından yıxıldım.
Bu qədər qısqanclıq olar?
Hər an ilan kimi çalar.
Gileyimdən kitab dolar
Varağından yıxıldım.
Tanıyır axı özümü,
Axtarır nəyin izini?
Heyrət titrədir dizimi,
Qınağından yıxıldım.
Şübhə düzür ətrafına,
Suallar sual yanına...
Min yol çəkir imtahana,
Sınağından yıxıldım...
Hərdən qalmadı ümidim,
Qəlbim qırıq, didim-didim.
Körpü saldım, gəldim, gəldim,
Qırağından yıxıldım.
Min sahilə atdı məni
Tonqallara çatdı məni,
Ayrılıq qorxutdu məni,
Fərağından yıxıldım.
Axı nurdan nur doğular,
İtər, gedər qalmaqallar...
Yarım! Nə vaxt bitər bunlar?
Marağımdan yıxıldım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!