Beynəlxalq Muğam Mərkəzində “Nizamini oxuyaq” və “Nizami Gəncəvi. Biblioqrafiya” kitablarının təqdimatı olub - FOTOLAR

 

Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə TÜRKSOY-un nəşr etdiyi “Nizamini oxuyaq” (Reading Nizami Ganjavi), Milli Kitabxananın nəşr etdiyi “Nizami Gəncəvi. Biblioqrafiya” kitablarının və “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” adlı Elektron məlumat bazasının təqdimatı keçirilib.

Təqdimat mərasimi Azərbaycan Respublikası Prezidentinin “2021-ci ilin Nizami Gəncəvi ili elan olunması barədə” 5 yanvar 2021-ci il tarixli sərəncamına müvafiq olaraq 15-25 noyabr 2021-ci il tarixlərində Bakıda Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində baş tutub.

Əvvəlcə tədbir iştirakçıları Muğam Mərkəzinin foyesində Milli Kitabxananın “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” mövzusunda təşkil etdiyi sərgi və nümayiş olunan “Nizamini oxuyaq” (Reading Nizami Ganjavi), “Nizami Gəncəvi. Biblioqrafiya” kitabları ilə tanış olublar.

Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. O, ilk öncə kitabların nəşrinə görə Milli Kitabxanaya və TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına öz təşəkkürünü bildirib. O, çıxışı zamanı bildirib ki, fürsətdən istifadə edərək Milli Kitabxananın direktoru, professor Kərim Tahirovu 70 illik yubileyi, eləcə də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən onun II dərəcəli Əmək ordeni ilə təltif olunması münasibətilə təbrik edirəm.

Nizami yaradıcılığından bəhs edən cənab Nazir onun əsərlərinin dilindən, insan amilinə, kamilliyə önəm verməsindən danışıb. Bildirib ki, dünyanın aparıcı ölkələrinin kitabxanalarında Nizami Gəncəviyə məxsus əlyazmalar saxlanılır ki, bu da Nizaminin, onun yaradıcılığının böyüklüyündən irəli gəlir. Sonra Nazir vurğulayıb ki, mən çox şadam ki, Nizami Gəncəviyə aid ilk ölkə xaricində tədbir Türkiyənin Ankara və İstanbul şəhərlərində TÜRKSOY-un iştirakı ilə keçirilib. Həmin tədbir zamanı Nizami Gəncəvi əsərlərindən ibarət kitab sərgisi nümayiş olunub. Sonda cənab Anar Kərimov bütün iştirakçıları festival münasibətilə təbrik edib.

TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Düsen Kaseinov çıxış edərək Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan bu təqdimat mərasimində iştirakından məmnunluğunu ifadə edib. Fəxr edirəm ki, Nizami Gəncəviyə məxsus xaricdə ilk tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin iştirakı ilə məhz TÜRKSOY-da keçirilib. Bildirib ki, “Nizami Gəncəvi ili”  ilə bağlı çoxsaylı konfranslar, simpoziumlar, sərgilər təşkil olunub. O, bu yaxınlarda Türkiyənin Edirnə, Bursa, Tekirdağ şəhərlərində Nizami yaradıcılığına həsr olunan silsilə tədbirlər keçirildiyini qeyd edib.  Və “Nizamini oxuyaq” (Reading Nizami Ganjavi) kitabından bəhs edərək bildirib ki, kitabın dünya miqyasında oxunmasının əhəmiyyətini nəzərə alaraq ingilis dilində çapını məqsədəuyğun hesab etdik. Kitabda  türk dünyasının rəssamlarının qələmə aldığı fotolar, sənət əsərləri əks olunur. Sonda o, bildirib ki, bu gün burada “Nizamini oxuyaq” (Reading Nizami Ganjavi) adlı fotoalbom kitabını ilk dəfə Sizlərə təqdim etməkdən qürur duyuram.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin ölkəmizdə, sənətə, ədəbiyyata, mədəniyyətə, görkəmli şəxsiyyətlərimizə dövlət səviyyəsində bəslənilən böyük ehtiramın, diqqətin bariz nümunəsi olduğunu söyləyib. Akademik təqdimatı keçirilən kitabların Nizami Gəncəvi ilinə gözəl bir töhfə olduğunu qeyd edib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli çıxış edərək Nizami Gəncəvinin dünya ədəbiyyatındakı nüfuzu, əsərlərindəki ədalət, humanizm, əxlaqi dəyərlər barədə danışaraq təqdimatı keçirilən yeni nəşrlər haqqında fikirlərini bölüşüb.

Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov ilk öncə ölkə Prezidenti cənab İlham Əliyevə bu yaxınlarda onun II dərəcəli Əmək ordeni ilə təltif olunması ilə bağlı öz təşəkkürünü bildirib. Qeyd edib ki, bu orden təkcə ona deyil, ümumilikdə Milli Kitabxana kollektivinə, bütün kitabxana ictimaiyyətinə, eləcə də mədəniyyətimizə verilən dəyərin göstəricisidir.

Bildirib ki, Milli Kitabxana “Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından” bu günə kimi 78 biblioqrafik göstərici hazırlayıb. Bu biblioqrafiyalar  elmin, mədəniyyətin, incəsənətin inkişafına xidmət edir. Bu gün təqdim etdiyimiz “Nizami Gəncəvi. Biblioqrafiya” kitabı da bütün nizamişünas alimlərə, təqdiqatçılara armağandır.

Tədbirin davamında Düsen bəy Mədəniyyət naziri Anar Kərimova, akademik İsa Həbibbəyliyə, akademik Teymur Kərimliyə və professor Kərim Tahirova TÜRKSOY tərəfindən hazırlanan “Nizami Gəncəvi” medalını təqdim edib.

Daha sonra Milli Kitabxananın “Kitabxana-informasiya xidməti və Beynəlxalq əlaqələr üzrə” direktor müavini Ədibə İsmayılova kitabxananın hazırladığı “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” mövzusunda Elektron məlumat bazasını iştirakçılara təqdim edib.

Tədbir Nizami Gəncəvinin sözlərinə yazılmış romanslardan ibarət musiqili kompozisiya ilə davam edib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!