Noyabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Bütün yollar Şuşaya aparır” kitabının təqdimat mərasimi keçirilib.
Kitabda Vaqif Poeziya Günlərindəki çıxışlar, oxunan şeirlər, həmçinin həmin günlər barədə yazılan məqalələr, reportajlar, poetik təəssüratlar toplanıb.
Aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid olan tədbirdə qurumun rəhbəri Xalq yazıçısı Anar çıxış edərək kitabla bağlı təəssüratlarını bölüşüb.
Zəfər bayramından sonra ilk dəfə belə tədbirdə iştirak etdiyini deyən Anar hamını bu Zəfər bayramı münasibətilə bir daha təbrik edib: “Bilirsiniz ki, bura Natəvan klubudur, mən hesab edirəm ki, Natəvanın bu gün ruhu şaddır, ona görə ki, bu gün Şuşa azaddır”.
Xalq şairi Nəriman Həsənzadə çıxış edərək deyib: “Mənə 1982-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılış mərasimində iştirak etmək nəsib olub. Təntənəli mərasimdə o vaxt Ulu Öndər açılışa ailə üzvləri ilə bərabər mədəniyyət və incəsənət xadimlərinin böyük bir qrupunu da aparmışdı. 39 il sonra Ulu Öndərin layiqli varisi, Prezident İlham Əliyev qalib sərkərdə kimi Şuşaya səfər etdi. Həmin görüntüləri izləyəndə çox kövrəldim. Açılış tədbirini bir daha xatırladım, sanki o günü yenidən yaşadım. Biz bu dəqiqə qalib xalqın ruhunda danışırıq. Cənab Prezidentimiz həmişə bizim yanımızdadır, bizdə onun yanındayıq. Mən bu kitabda əməyi keçən hər kəsə təşəkkür edirəm”.
Çıxış edən digər şəxslər kitabın məziyyətlərindən danışıb, bu işdə zəhməti olan hər kəsə minnətdarlıq ediblər.
Qeyd edək ki, kitab Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxış nitqi ilə açılır.
“aybKitab” layihəsinin nəşri olan kitabın redaktoru və “Ön söz” müəllifi AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylidir.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!