Azərbaycan Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq - Ədəbi gündəm

Azərbaycan noyabrın 4-dən 7-dək İstanbulda keçiriləcək Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq.

Noyabrın 4-dən 7-dək İstanbulda Beynəlxalq Kitab Sərgisi təşkil olunacaq. Ölkəmizin zəngin mədəniyyətinin, nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin və “Azərnəşr”, “Kaspi Nəşrləri”, “Hədəf Nəşrləri”, “Altun kitab”, “Qələm” və “Parlaq imzalar” nəşriyyatlarının əməkdaşlarından ibarət nümayəndə heyəti sərgidə iştirak edəcəklər.

Hər il təşkil olunan bu sərgiyə dünyanın əksər ölkələrindən çoxsaylı iştirakçılar qatılır. Azərbaycanın zəngin mədəniyyətinin, sürətli inkişafının və Qarabağ həqiqətlərinin təbliğ olunması, eyni zamanda nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması baxımından sərgi mühüm əhəmiyyət daşıyır.

Sərgidə 36 kv.m sahədə hazırlanmış xüsusi stendlə dövlətçiliyimizə, tariximizə, mədəniyyətimizə və ölkəmizin turizm potensialına dair nəşrlər ziyarətçilərin diqqətinə təqdim ediləcək.

Həmçinin sərgi-yarmarka boyunca bir sıra tədbirlər keçiriləcək. Belə ki, noyabrın 4-də milli pavilyonda görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş “Molla Pənah Vaqif”, Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış “M.P.Vaqif. Biblioqrafiya” kitablarının təqdimatları keçiriləcək. Noyabrın 5-də isə milli pavilyonda Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ildən etibarən həyata keçirdiyi “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi üzrə türkcə çap olunmuş 8 kitabın təqdimat olacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!