“Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada nəşr edilib

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında ilk dəfə nəşr edilib. “Arı” və “Mirat” satirik jurnallarının komplektləri Ədəbiyyat İnstitutunun Elmi Şurasının 13 sentyabr 2021-ci il tarixli  6 saylı iclasının qərarı ilə çap olunub.

Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Edebiyyatqazeti.az-a bildirilib ki, toplunun elmi redaktoru  AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Jurnalları transfoneliterasiya edən, lüğət, qeydlər, izahların müəllifləri, çapa hazırlayanlar  Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhməd və həmin şöbənin elmi işçisi Dilbər Rzayevadır. Həmçinin “XX əsrin əvvəllərində ictimai-siyasi şərait və satirik mətbuat” adlı ön sözün müəllifi Vüqar Əhməd, “Arı” və “Mirat” satirik jurnallarının nəşri tarixi və ədəbi-ictimai mənzərə” araşdırmasının müəllifi  Dilbər Rzayevayadır. Rəyçilər filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxov və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevadır.

“Arı” və “Mirat” jurnalları yeni əlifbada” adı ilə çap olunan toplu XX yüzilliyin əvvəllərində yayımlanmış “Arı” (1910-1911, 13 nömrə) və “Mirat” (1910, 5 nömrə) satirik jurnallarının ərəb qrafikalı əlifbadan transfoneliterasiyasıdır. “Ulu” nəşriyyatında işıq üzü görən toplu 430 səhifədir.

Jurnallarda həmin dövrün ictimai-siyasi, ədəbi və mədəni hadisələri ilə yaxından tanış olmaq mümkündür. Jurnalın komplektlərindən ədəbiyyat, mətbuat tariximizin araşdırmaçıları, doktorant, dissertant, magistr və bakalavr təhsili alan filoloqlar faydalana bilər. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!