Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı on dildə nəşr olunub.
Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Edebiyyatqazeti.az-a bildirilib ki, kitabda Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığından, nəsil şəcərəsindən, əsərlərindəki reallıqlardan və bəşəri dəyərlərdən bəhs olunur. Nizami Gəncəvinin ölkəmizdə və dünyada tanıdılması və təbliği üçün sanballı mənbə olan bu kitabda yer alan araşdırmalar on dildə təqdim olunur. Azərbaycan, türk, ingilis, rus dillərində olan mətn irihəcmli, alman, Çin, polyak, gürcü, Ukrayna və bolqar dillərində isə ixtisarladır. Nizami Gəncəvinin həyatı, lirikası, poemaları, Azərbaycan renessansı məsələsi, dahi şairin yaradıcılığında azərbaycançılıq kimi mövzular kitabda öz əksini tapıb.
Kitab ulu öndər Heydər Əliyevin 24 may 2000-ci ildə Gəncədə Nizaminin məqbərəsini ziyarət edərkən çəkilən fotosu və dahi şair haqqında fikirləri ilə başlayır. Prezident İlham Əliyevin 24 yanvar 2014-cü ildə Gəncədə Nizami Gəncəvi Muzeyinin açılışında çəkilmiş fotosu və Nizami Gəncəvi haqqında fikirləri də kitabın əvvəlində yer alıb.
Nəşrdə Əməkdar mədəniyyət işçisi Fəxrəddin Əli, Xalq rəssamları Mikayıl Abdullayev və Fuad Əbdürrəhmanova məxsus rəsm əsərləri və digər nümunələr yer alıb. “Nizami Gəncəvi almanaxı” hissəsində dahi şairə həsr olunmuş və incəsənətin müxtəlif sahələrində yaradılmış sənət nümunələrinin şəkilləri öz əksini tapıb.
Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə “Elm” nəşriyyatında çap edilən kitabın məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru dosent Mehman Həsənli, ixtisas redaktoru isə filologiya üzrə fəlsəfə doktoru dosent Zəhra Allahverdiyevadır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!