Balaş Azəroğlu unudulmazlığı - Anım - FOTOLAR

 

Balaş Azəroğlu poeziyası uzun illər boyunca Azərbaycan insanının «Təbriz azad olmadı», «Təbrizim-mənsizim» (Rəsul Rza) ağrısını özündə ehtiva edən, bu yöndə aparılan mücadilə prosesinin davamlı inkişafında səfərbəredici rol oynayan zəngin ədəbi qaynaqlardındır. İkiyə bölünmüş bir məmləkətin acı təəssüfünün, nisgilinin, qəlb ağrısının boyaboy rəsmini görmək üçün Balaş müəllimin gözlərinə baxmaq, baxışlarını tutmaq,  yerişini-duruşunu izləmək bəs edərdi. Balaş müəllim öz şəxsiyyəti, mənalı ömür yolu, mübarizə dolu yaradıcılığı ilə bir arada otaylı-butaylı Azərbaycanımızın bütövlük simvollarından biri idi. Bütün varlığı ilə tarixi birliyimizi, bölünməzliyimizi simvolizə edirdi. Canından çox sevdiyi əziz, doğma Azərbaycanına dönə-dönə etdiyi xitabı bu idi ki:

Əziz Azərbaycan, ey gözəl diyar,

Anamın mehriban qucağı sənsən.

Könül tərlanının uçub qonduğu,

Onun çox sevdiyi budağı sənsən…

 

Qoy bilsin, ey Vətən, bu alçaq yağı

Solmaz bağçamızın yaşıl yarpağı.

Sən Babək yurdusan, Azər torpağı,

Aslanlar oylağı, yatağı sənsən…

Könül bağladığı, üz tutduğu iki qibləsi vardı – tarixən bütöv, bir olan doğma Azərbaycanı və bir də sevimli ömür-gün yoldaşı, unudulmaz Mədinə Gülgünü…

Ömrünün lap son günlərində Balaş müəllimin yaşadığı bina qəzalı vəziyyətdəydi. Sökülməliydi. Hazırlıq işləri görülmüş, bütün sakinlər köçürülmüşdü. Təkcə Balaş müəllim bu köçhaköçə qoşulmamaqda qərarlı idi. Birmənalı olaraq heç hara köçməyəcəyini bildirmişdi. Özünəməxsus müdrikliklə açıqlama verirdi ki, «bu evin divarları arasında Mədinəli günlərim keçib. Təbriz həsrətli günlərimizin nişanəsidir bu mənzil. Mədinədən qalan xatirədir. Divarlarında, qapı-pəncərəsində Mədinənin həniri, nəfəsi yaşayır. Mən bu evi qoyub hara köçüm? Mədinəli günlərimin şahidindən necə ayrılım?».

Belə deyirdi. Kövrəlirdi. Göz yaşını tuta bilmirdi. Handan-hana yenə də sözü-söhbəti gəlib Təbriz, Ərdəbil xatirələri üzərində dayanırdı. İnqilab fədaisi Seyid Cəfər Pişəvərini xatırlayırdı: «İnqilabın qələbə çaldığı ilk günlərin birində dedi səni maarif nazirinin müavini vəzifəsində görmək istəyirəm. Yığış gəl Təbrizə. Nə qədər çətin olsa da, etiraz etdim. Dedim ki, o təşkilatda çox nüfuzlu, ağsaqqal, bilgin insanlar, ustadlar çalışır. Mən onlara necə göstəriş verə bilərəm? Cəmi 23-24 yaşım vardı… Razılaşdı. Mədəniyyət nazirinin müavini işləməyimi qərarlaşdırdı…»

Tam bir təvazö, şəxsiyyət, vətəndaş fenomeninin etirafı idi bu deyilənlər. Onun ağır mücadilə, vətənçilik savaşının arxasında bütöv şəxsiyyəti dayanırdı.

Elə noyabrın 12-də görkəmli Xalq şairi Balaş Azəroğlunun məzarı başında onun xatirəsini dərin sayğılarla yad edən yazıçı və şairlər  də ustadın şəxsiyyət bütövlüyündən, yüksək vətəndaşlığından, parlaq poeziyasından söz açdılar. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar vurğuladı ki, Balaş müəllim öz xalqına, vətəninə bağlı, mütəvazi, ailəcanlı bir insan idi. «Onun xatirəsi bizim üçün çox əzizdir. Vaxtilə Balaş müəllim haqqında bir məqalə yazmışdım. Adını da belə qoymuşdum: «Otaylı-butaylı şeirimizin ağsaqqalı». Xoşuna gəlmişdi. Balaş müəllim həqiqətən də otaylı-butaylı şeirimizin ağsaqqalı idi. Onun poeziyası ikiyə bölünmüş Azərbaycanımızın bütövləşməsi arzumuza xüsusi rəng qatırdı. Milli yaddaşın oyaq qalmasına xidmət edirdi. Valideyinlərimlə yaxın dostluq münasibətləri var idi. Bir-birinin xətrini çox istəyirdilər. Balaş müəllimin həyat yoldaşı, gözəl şair Mədinə Gülgün atamın şeirindən təsirlənərək səmimi bir şeir yazmışdı. Rəsul Rzanın Mədinə xanımın yaradıcılığını incələyən məqaləsi dərc edilmişdi. Balaş müəllimlə Yazıçılar Birliyində uzun müddət bir yerdə işləmişik. Birliyin Cənubi Azərbaycan ədəbiyyatı üzrə katibi idi… Təşəbbüskar və vəfalı qələm adamı kimi hər kəs ona dərin hörmətlə yanaşırdı. Allah rəhmət eləsin. Belə insanlar ölmür, tarixə qovuşur…»

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev bildirdi ki, Balaş müəllimlə 23 il bir yerdə işləmişik: «Bu, az zaman deyil. Bir insanı yetərincə tanımaq üçün kafayət qədər böyük vaxtdır. Deyim ki, bu 23 illik iş prosesində hər an mən onun böyük insanlığını, sönməz vətən eşqini, bütöv şəxsiyyətini gördüm. Çox ləyaqətli, özünə və ünsiyyətdə olduğu insanlara yüksək dəyər verən şəxsiyyət idi. Mən onun yaradıcılığını çox sevirdim. Bu sırada sevgi şeirlərinin yeri bir ayrıydı. Onun şeirlərini evdə həyat yoldaşım üçün oxuyurdum. Hisslərimin ifadəçisi kimi… Balaş müəllim dayımın yaxın dostu olmuşdu. Bu baxımdan mənə də xüsusi münasibəti vardı. Tez-tez görüşür, söhbətləşir, problemlərimizi bölüşürdük. Sevimli həyat yoldaşı Mədinə xanım dünyasını dəyişəndə Balaş müəllim ilk olaraq mənə zəng etmişdi. Ağlayırdı. Təsəlli verdim. Amma bilirdim ki, Balaş müəllim kimi bir insana, üstəlik də şairə belə bir təsəlli vermək heç nəyi dəyişmir. O, ən böyük dünyasını itirmişdi. Təbriz dərdinin üstünə yeni bir dərd gəlmişdi…»

Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid diqqətə çatdırdı ki, Balaş müəllimin 100 illik yubileyi münasibətilə ötən gün Milli Məclisin Mədəniyyət məsələləri üzrə komissiya sədri, millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə onlayn konfrans keçirildi. Konfransa qatılan tanınmış qələm adamları Balaş Azəroğlunun mənalı ömür yolundan, ölməz poeziyasından və işıqlı şəxsiyyətindən geniş söz açdılar. Balaş müəllim bütün ömrünü Təbriz azad olmadı dərdi ilə yaşayan, birliyimiz üçün mücadilə aparan nadir şəxsiyyətlərdən idi. Bütöv bir nəsil Azərbaycan insanı onun poeziyasının vətəndaşlıq duyğusu ilə tərbiyə olunub. Müstəqilliyimizin bərpası, şanlı Qarabağ zəfəri tariximizdə Balaş Azəroğlu poeziyasının müstəsna rolu var. O, otaylı-butaylı Azərbaycan poeziyasının ön sıralarında yeri olan görkəmli şairimizdir…»  

Yazıçılar Birliyi sədrinin müşaviri, şair-tərcüməçi Sayman Aruz da öz növbəsində Xalq şairi Balaş Azəroğlunun parlaq şəxsiyyətindən, yüksək vətəndaşlıq əzmindən söz açdı. Minnətdarlıqla xatırladı ki, «Yazıçılar Birliyinin Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində işə başladığım ilk gün Balaş müəllimin xeyir-duasını almağı özümə mənəvi borc bildim. Onun Cənub mövzusuna necə böyük həssaslıqla yanaşdığını, bu yöndəki fəaliyyətini yaxşı bilir və heyranlıqla izləyirdim. Balaş müəllim məni dərin səmimiyyətlə qarşıladı, müdrik halı ilə xeyir-dua verdi. Bilirdim ki, onun illər uzunu rəhbərlik etdiyi sahədə çalışmağımın böyük məsuliyyəti var. Ənənələr qorunmalı, inkişaf etdirilməlidir. Balaş müəllimin ömür yolu, yaradıcılığı həqiqətən böyük məktəbdir. Bu məktəb milli mücadilə işimizə önəmli istiqamət verib. Mübarizə əzmimizi artırıb. Balaş müəllim Mirzə İbrahimov, Söhrab Tahir, Əli Tudə, Mədinə Gülgün və başqaları ilə bir arada otaylı-butaylı Azərbaycanımızın bütövləşməsi inamımıza fövqəladə güc qatan sənətkarlarımızdandır. Yaxşı bilirdi ki, bu birliyə mane olan iblisliyin əsl mənbəyi nədir. Bu məsələdə Araz, sadəcə, bir simvoldur. Əgər ayrılığın baisi təkcə Araz çayı olsaydı, onu əlləri ilə ikiyə bölməyə hazır olduğunu yazırdı. Bu dillə danışırdı doğma xalqıyla. Oyadırdı. Gerçək bəlanın ünvanını göstərirdi».

Xalq şairinin oğlu Etibar Abizadə mərasimin sonunda tədbirdə iştirak edənlərə, Yazıçılar Birliyinin rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirdi: «Hər birinizə təşəkkür edirəm. Azərbaycan xalqına, dövlətimizin başçısına təşəkkür edirəm. Sağ olun ki, atamın xatirəsini əziz tutursunuz. Yaxın günlərdə qeyd etdiyimiz Zəfər günündə atamın da ruhunun şad olduğuna qəlbən inanıram. Balaş Azəroğlu bu xalqın mənəviv gücünə, azadlıq duyğusunun yenilməzliyinə həmişə inanırdı. Bizi böyük qələbələrə götürəcək oğullar arzusundaydı. O zaman gəlib. O oğullar yetişib. Bu prosesdə atamın yaradıcılığının önəmli rolu olmasından məmnunam».

Sərvaz Hüseynoğlu    

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!