Zəfər nəğməsi - İbrahim YUSİFOĞLU

 

Nəğmələrin müqəddəsi, ulusu,

Meyvələrin ən şirini, sulusu,

Bulaqların ayna kimi durusu -

Zəfər nəğməsi.

 

Bu nəğmənin hər sədası "Cəngi"di,

Al-qırmızı kəlmələrin rəngidi,

Dar anında bir oyanış zəngidi -

Zəfər nəğməsi.

 

Yarıb keçər çəpərləri, sədləri,

Tam əridər buz bağlamış hədləri.

Düzdə qoyar nankorları, bədləri -

Zəfər nəğməsi.

 

Döyüşlərdə dönər dəmir yumruğa,

Haya yetən xilaskar quş Simurqa,

Səslənəndə el qarışar xoş çağa -

Zəfər nəğməsi.

 

İgidlərlə o eyləyər yoxdan var,

Mərd əllərdə ilmələnər, toxunar,

Azad eldə, azad dildə oxunar -

Zəfər nəğməsi.

 

İllüstrasiya: Əşrəf Heybətov “Qarabağda zəfər bayramı”


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!