Yazıçı-publisist Kənan Hacının yeni çap olunan romanı “Hakimə açılan atəş” adlanır.
Romanda Birinci Qarabağ müharibəsində Füzuli rayonu ərazisində, Kültəpədə düşmən tankından atılan mərmiyə tuş gəlib şəhid olmuş Zərdab Rayon Məhkəməsinin sədri Məhərrəm Məmmədovun həyat yolundan bəhs olunur. Əsərdə ədalətli hakim, el-obanın dərd-sərilə, qayğılarıyla yaşayan vətəndaş, mərd və döyüşkən şəxsiyyət obrazı yaradılıb. Səkkiz aya yazılan “Hakimə açılan atəş” romanında Azərbaycanın müstəqillik qazandığı dövrdə baş verən hadisələrə də geniş yer verib. Kənan Hacının realist-psixoloji üslubda qələmə aldığı bu romanı ədəbiyyatımızda Qarabağ savaşından bəhs edən ilk əsərlərdəndir ki, sonluğu qələbə ilə bitir.
Qeyd edək ki, yazıçının “Çəhrayı qan” romanında da Qarabağ savaşı fraqment kimi keçir, Aprel döyüşlərindən bəhs edən “İsgəndər şikəstəsi” kinopovesti, “Qarabağ hekayələri” silsiləsindən yazdığı “Estafet”, “Ağ-qara fotoşəkil”, “Lalə rəngli çobanyastığı”, “Qələbəyə aparan yol”, “Qalib xalqın yazıçısı” hekayələrində də haqq savaşımızın bədii xronikası öz əksini tapıb.
“Hakimə açılan atəş”in müstəsnalığı ondadır ki, bu əsərin qəhrəmanı hakimdir. Birinci Qarabağ müharibəsi dövründə Zərdab Rayon Məhkəməsinin sədri vəzifəsində çalışan Məhərrəm Məmmədovun doğulub boya-başa çatdığı Cəbrayıl rayonu erməni hücumlarına məruz qalıb, əhali yurd yerlərindən çıxarılıb. Hakimin ürəyi orda, doğulduğu torpaqda döyünür. Hakim kimi öz vəzifəsini vicdanla yerinə yetirir, sadə insanların himayədarı kimi böyük hörmət və nüfuz qazanır, cəbhədə də onun yolunu gözləyənlər var...
Yazıçı hakimin ömür və döyüş yolunu müdhiş bir şəkildə inandırıcı boyalarla qələmə alıb. “Hakimə açılan atəş” istər ictimai məzmununa, istərsə də dil və üslub xüsusiyyətlərinə görə təqdirəlayiq əsərdir.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!