Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistanın böyük şairi və mütəfəkkiri Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib.

Təqdimatda Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri, şair Elxan Zal Qaraxanlı, fondun əməkdaşı Əfqan Nəsirli və digər ziyalılar iştirak ediblər.

Tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq qardaş Pakistan dövlətinin səfirinin iştirakı ilə Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatının keçirilməsini yüksək qiymətləndirib. Akademik kitaba “Pakistanın mütəfəkkir şairi və azadlıq carçısı” adlı Ön söz yazdığını vurğulayaraq, Məhəmməd İqbalın yaradıcılığının özəlliyindən danışıb. Həmçinin instituta aid nəşrlərdən səfirə hədiyyə edib.

Sonra Pakistanın Azərbaycandakı səfiri Bilal Haye çıxış edərək bildirib ki, ölkələrimiz arasında qardaşlıq əlaqələri 1992-ci ildən bəri daha da genişlənib. Nizami Gəncəvi və Məhəmməd İqbal hər iki xalqı bir-birinə yaxınlaşdıran böyük dahilərdir. Bu il “Nizami Gəncəvi ili” elan olunub, biz Nizami Gəncəvini Pakistanda tanıtdırmaq üçün işlər görmüşük.

Tədbirdə Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Məhəmməd İqbal - milli istiqlal mücahidi” mövzusunda məruzəsində qeyd edib ki, “bu gün Pakistan xalqının böyük siyasət və fikir adamı, istiqlal mücahidi Məhəmməd İqbalın (1877-1938) kitabının işığına toplaşmışıq. Onun yaradıcılığı ilk dəfə deyil ki, Azərbaycanda araşdırılır və nəşr edilir. İlk dəfədir M.İqbalın “Seçilmiş əsərləri” işıq üzü görür. Bu böyük hadisə Azərbaycan - Türkiyə - Pakistanın gücüylə qazanılan Qarabağ zəfəri fonunda baş verir. Azərbaycanı Türkiyədən sonra tanıyan ikinci ölkə Pakistan həm də Ermənistanı bir dövlət kimi tanımayan ölkə kimi də Azərbaycanın hər zaman yanında olub. Azərbaycanın Pakistan sevgisi Türkiyə bayraqları ilə yanaşı, Bakı küçələrində dalğalanan Pakistan bayraqlarında da özünü bir daha göstərdi.

Bu gün isə Pakistan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin nəşr edilməsi bu mənəvi güclərin birləşməsinin gələcəyə ünvanlanmış maddi sübutudur. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və Mahmud Kaşğarlı adına Beynəlxalq Fond bizi Məhəmməd İqbal irsi ilə tanış edir. Burada şairin əsərlərini ilk dəfə dilimizə çevirən Elxan Zal Qaraxanlının əziyyət və məsuliyyətini, eyni zamanda kitabı nəşr edən və ona “Pakistanın mütəfəkkir şairi və azadlıq carçısı” adlı Ön söz yazaraq bu görkəmli fikir adamının obrazını yaradan akademik İsa Həbibbəylinin bu layihəni reallaşdırmasını xüsusi qeyd etmək istəyirəm”, - deyə Bədirxan Əhmədli bildirib.

Fəlsəfə və Sosiologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək vurğulayıb ki, Məhəmməd İqbalın yaradıcılığı əhatəlidir. O qeyd edib ki, Məhəmməd İqbal Pakistanın mənəvi atası sayılır. Alim M.İqbalın Qərbdə modernist islamçı kimi tanındığını vurğulayıb.

Sonra kitabın tərcümə edəni və şərhlərin müəllifi Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri, Elxan Zal Qaraxanlı çıxış edib. Əsərdə Məhəmməd İqbalın urdu və fars dillərində yazılmış şeirlərinin tərcüməsinin yer aldığını diqqətə çatdırıb. “Kurtuba camesi”, “Bəndəginmanə” - qulluq kitabı, “Yeni Gülşəni-raz” əsərləri haqqında məlumat verib.

Sonda filologiya elmləri doktoru, professor İmamverdi Həmidov çıxış edərək Məhəmməd İqbalın Azərbaycanla bağlılığından bəhs edib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!