Noyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində “Qarabağın qara kitabı” və “Qarabağ – qələbəyə doğru” kitablarının təqdimat mərasimi keçirilib.
Əvvəlcə tədbirdə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov çıxış edərək qarşıdan gələn Zəfər Günü münasibətlə qonaqları təbrik edib. O, bu gün Qarabağda aparılan bərpa-quruculuq işlərindən söz açaraq deyib: "Bu gün tariximizin ən şərəfli günlərini yaşayırıq. Artıq 30 il həsrətdən sonra torpaqlarımız, Qarabağımız, mədəniyyətimizin beşiyi Şuşamız azaddır. Bütün dünyaya bəyan edirik ki, bu torpaqların əsl sahibləri bizik. Hazırda burada mədəniyyətimizi, ruhumuzu, milli kimliyimizi qaytarmaq istiqamətində böyük işlər görülür, sanki oralar canlanır. Digər önəmli layihəmiz "Qarabağa kitabla gedək"dir. Bununla dünyaya göstəririk ki, Qarabağa silahla yox, kitabla, mədəniyyətlə qayıdırıq. Bu kitablar vasitəsilə dünya Ermənistanın işğal dövründəki qeyri-qanuni əməllərindən, cinayətlərindən xəbərdar olacaq. Bugünkü kitablar da məhz bu məqsədə xidmət edir. Bu kitablar üç dildə nəşr olunur. Ermənilər bu illərdə Azərbaycanın mədəniyyət izlərinin silinməsinə çalışıblar. Bu cinayət bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Bu layihələri həyata keçirməkdə məqsədimiz erməni vəhşiliklərini dünyaya çatdırmaqdır. Mədəniyyət Nazirliyi olaraq belə təşəbbüslərə daim dəstək oluruq".
"İRS" jurnalının baş redaktoru Musa Mərcanlı vurğulayıb ki, nəfis tərtibatı və yüksək bədii-estetik görünüşü ilə diqqəti cəlb edən kitablarda Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalı, işğal nəticəsində mədəni irs nümunələrimizin dağıdılması və vandalizmə məruz qalmasından geniş bəhs olunur. Yeni nəşrlərdə Vətən müharibəsi, Zəfərə aparan yol və doğma torpaqlarımıza yenidən həyatın qaytarılması istiqamətində görülən işlər də öz əksini tapıb.
Bildirilib ki, “İRS” layihəsi çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsrlərin salnaməsi”, “Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sehri” adlı kitablar işıq üzü görüb. “İRS” seriyasından nəşr olunan kitablar Azərbaycanın tarixi-mədəni zənginliyini müxtəlif dillərdə oxuculara tanıdır, təbliğ edir.
Tədbirdə "Paşa Həyat Sığorta" ASC-nin idarə heyətinin sədri Niyaz İsmayılov və "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev çıxış edərək yeni nəşrlərin ərsəyə gəlməsində əməyi keçən yaradıcı heyətə uğurlar arzulayıb.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.
Qeyd edək ki, yeni nəşrlər Mədəniyyət Nazirliyi, “Paşa Həyat Sığorta” ASC, “Azərbaycan Hava Yolları” QSC və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İRS” silsiləsi layihəsi çərçivəsində ərsəyə gəlib.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!