Tanrı oturacaqları... - Mövlud SÜLEYMANLI

Romandan parça

Əvvəli burada

Gəlib düz yanımda dayandılar, bilmirəm nənəm neyniyir, hə, məni soyundurur. Öküzlərin ikisi də gövşəyə-gövşəyə mənə baxırlar, elə bil içimdən kələf kimi nəsə çözülür, öküzlər də ağrılarımı gövşəyirlər... mən dincəlib  rahatlaşıram. Bayaqdan tərs düşmüş kimiyəm, üzüquylu, yəni ağzıüstə, yavaş-yavaş özümə gəlirəm.

"Bu obrazlı, şairanə ifadələr uşaq üçün deyil, əlbəttə, amma belə lazım bildim; qurduqlarımı yenidən söküb-dağıtmaq istəmirəm..."

- Soyundur, çılçılpaq elə... -Mayqa anadı, Ağbilənlərin Mayqa. Agbilənlər nəsilliklə Yazı ocağının baxıcıları,-görücüləri olublar, oğuldan-oğula, qızdan-qıza keçə-keçə min-min illərdi yol gəlirlər.-Qoy uşaq ağız daşının üstə qalsın, götürmə, daşla bir yerdə fırlayaq... Başı hərlənənəcən. -Əliylə də havada dövrə cızdı.- Nayma ana deyərdi ki, yuxuda səmt var, anlaşılmaz, qarışıq olduğuna baxma, səmtsiz yuxu yoxdu.- Bir anlığa üzünə baxa-baxa duruxdu, adını bilmirdi. Əlini uşağın orasına,- ayaqlarının arasına uzatdı, düz şeyinin ucunnan tutdu.- Bu  Qaraquraya niyə  sünnət eləmirsən?-dedi.- Bax, baaax, artıq ətdi, kəsilməlidi, kəs getsin. Qat, qat, qızlara bat... qat, qat... qızlara.-İçini çəkə-çəkə xeyli güldü. - Kəsiləndə də götürüb atma,-dedi,- kəsdiyini də kərənə,-damın gəzinə qoyarsan quruyar... sonrasını da sonra deyərəm.

Nənəm istəyirdi başımın altına nəsə qoysun.

- Lazım deyil,-dedi, Mayqa ana, o yan, bu yanımı təzədən qurdaladı, qıdıqladı, güldürmək istəyirdi, mən harda olduğumu yaxşı anlamadığıma görə gülməkdən uzaqdım...

- A Qaraqura, Qaraqura, qaranlıqdı ora-bura...- Mayqa ana yerindəcə dingildəyə-dingildəyə oxuyur,  anlaya bilmirəm, oxuduğu bata-çıxa qəribə bir ahəng içindədi, məni də ləngərinə aldı. Zümzümə eləyə-eləyə dikəlib boyunduruğun zəncirini daşa keçirtdi. Öküzlər də buna bənddi, tərpəndilər... Ağız daşı səs-küylə yerindən qopdu. Mən yenə elə bildim yuxuda burulğanın içindəyəm.

- Onu yuxuda da belə fırlayırlar,-dedi, Mayqa ana:- O, yuxusunda da bu haldadı;  bilirsənmi, heç nə yerində  qalmır, hər şey dəyişir.-Əllərini yumrulayıb başının üstə qadırdı...- Uzun olanlar da əslində yumru, təkərək kimidi, çünki fırlanırlar. Biznən bir yerdə dünya da fırlanır... öz-özünə fırlananlar da var, yəni, qəsdən, bilərəkdən, sağdan sola... Bunu da fırlayırlar, bu Qaraquranı, ona görə də yatmır. Nayma ana deyərdi, soldan sağa yaranışın səmtidi, bütün hərəkətlər soldan sağadı əslində,  amma biz indi uşağı tərs fırlayaq, sağdan sola... fırlayaq... - əliylə də tərsini göstərdi, sağdan sola...-Nayma ana deyərdi ki, yuxudan oyanmadan qalxıb qaçanlar vaxtdan qaçanlardı; yəni vaxtdan qırağa, boşluğa çıxanlardı. -Üzünü döndərib öküzlərə baxdı.- Yəni, araba yeriyə-yeriyə qalır, amma sən  varıb gedirsən. Nayma ana deyərdi, bu cür yuxudan qaçanları tərsinə, sağdan sola fırla... başı hərlənənəcən fırla, deyərdi. Bilirsənmi ay Hürü, ən sağlam şey dəyişməkdi, yeriməkdi, hərəkətdə olmaqdı. Fırla, narahat olma, sağalacaq uşaq. Tərs fırla, göylərdə,- başını qaldırıb göyə baxdı,-bizim tərsimizə fırlanan qatlar var, yeddinci qat oradı, o qatın səmtinə... fırlayaq.

Ağız daşının üstə uzanmışam, göy üzünün dərinlikləri də fırlanır. Bir az aşağıda dağların, təpəliklərin ətəyilə durna qatarı keçir, bir də baxdım, sən demə, durna qatarı deyilmiş, bizim obanın uşaqlarıdı, Ədildi, Əjdərdı, İsadı, mənə əl eləyə-eləyə uçurlar... Amma mən çox şeyləri bilməsəm də göy üzünə baxıb tərs fırlandığımı anlayıram...

- Bax, belə, ağıllı balam, görünür bizim düzümüz, səmtimiz budu, sağdan sola...-nənəmin səsidi, yenə nəsə demək istəyir.

- Sən də çıx, uşağın yanına,-deyir, nənəmə, Mayqa ana,-çıx, daşın üstünə, uşaqnan sən də get, ağlayıb-sıtqama, əksinə, yuxularına maşallah de, başını dizin üstə al.

Mən nənəmə sığınmaq istəyirəm, amma dikələ bilmirəm, əyri olub, suyulub axıb gedirəm elə. Mayqa ana bunu bilir:

- İndi mən də gələcəm yanına, Qaraqura, səni dikəldəcəyik.-Mayqa ana belə deyə-deyə ağız daşının yanıyla addımlayır.-Yuxuda yenə fırlayacaqlar səni, yadında saxla, axına-burulğana salıb aparacaqlar, sən onlarla getmə, nənəni çağır...Yoxsa yerinə siyəcəksən. Oyanmasan quyuya sallayacaqlar,  kölgələr alıb-alladıb aparacaqlar səni...

"Yazdığım yerdə unuduram hər şeyi, özümü də unuduram, Mayqa ana demiş, vaxtdan çıxıram elə bil, yetmiş il bundan qabaq olduğu kimi, yuxulu-yuxulu taxtın yan qırağıyla,-tiniylə bacamızın alaqaranlığına sarı gedirəm. Nənəm taxtın ayağına bir ləyən su qoyub ki, suya düşüm, oyanım, amma ayaqlarım sudan qaçır, taxtın yanıyla rahatca keçib məni qapıya sarı aparır, qapıdan qomrov asılıb ki, səsə oyanım, amma mən qomrovun səsinə də oyanmayacam, nənəm oyanacaq...

Beləcə, o illərə qapılıb qalıram; bu yetmiş ildə görüb-yaşadığım, amma dərinliyinəcən  anlamadığm, ən əsası, unuda bilmədiyim illərə... güclə də olsa özümə gəlib yazıya-yaddaşıma, daha doğrusu, Yazı ocağına qayıdıram..."

Öküzlər dövrə vurub telekanallarda gördüyüm kosmik çəkilişlərdəki izlərə  bənzər izlər yaradırlar. Mayqa ana da  mahnısını oxuya-oxuya daşın yanıyla gəlir:

- Tülkü-tülkü tümbəki,

həm Şəkidi, həm Bəki...

Belə deyib uşağı ağız daşının üstündən götürdü, quyuya sallayıb var gücüylə qışqırdı:

- Qaraltılar aparaca-aaq...s əni.

Neçə vaxtdı ağzı bağlı olan quyunun dərinliklərindən gurultuyla yarasalar, böcəklər, həşəratlar uçuşdu.

- Nənəəəə...!

Uşaq özünə gələndə hər tərəfə sakitlik çökmüşdü, nə qədər keçdiyindən xəbəri yoxdu. Ağız daşı yerindəydi, öküzlər uzaq səfərlərdən qayıdıblarmış kimi, ağır-arxayın gövşəyirdilər... quyunun ağzından çıxan yarasa, böcək, həşərat qarışıq yağlaşov hava uşağın canını sürüşkən eləmişdi, Hürü qarı onu əlində saxlaya bilmirdi, huş içində hər şeydən sürüşüb üzü aşağı gedirdi...

- Gəl bura! - Ağız daşının bir tərəfində nənəm oturub, bir tərəfində Mayqa ana. - Gəl yanıma, - deyir, Mayqa ana. - Gəl, bayaq mahnını axıracan oxumadım, gəl oxuyum.

Nənəm məni qucağından yerə qoydu... mən, gəl, sözünü gözləyirdim. Quyudan çıxan yarasa sürüsündən qorxmuşdum. Ona görə də "gəl" səsinə doğru getdim. Elə bilirdim buraların, daha doğrusu, burda gördüyüm qorxuların yiyəsi Mayqa anadı.  Gəldiyimi görüb sevindi, qollarını oynada-oynada mənim mahnımı təzədən oxumağa başladı.

Tülkü-tülkü tümbəki,

Həm Şəkidi, həm Bəki,

Qalxır-düşür səndəki,

Açılır-yumulur məndəki,

Həm Şəkidi, həm Bəki...

 

A, qara-qura, Qaraqura,

Qaranlıqdı ora-bura.

Qızlardan istədi, vermədi,

Qaldı qarnına vura-vura...

A, Qaraqura, Qaraqura.

Nənəm gözü yaşara-yaşara uğunub gedib, Mayqa ana da gülür, mən də gülümsəyirəm deyəsən, bununla belə, ətrafda nə var anlayıram artıq.

"Amma  indi ki, bu yetmiş yaşın uzaqlığında oturub bunları yazıram, birdən mənə elə gəldi, Mayqa ananın mahnısı  gülməli olsa da, oxuyanda gözləri yaşlıydı, yaşlı olmalıymış. Niyə mənə belə gəlir, fikirləşməyə vaxt yoxdu... mən təzədən cümlənin əvvəlinə qayıdıb Mayqa ananın gözlərinə yaş yazdım."

Nənəm ətək cibindən bir ovuc dəmir pul çıxarıb ağız daşının üstə qoyur:

- Ay Mayqa, qorxmadı ki, uşaq?! Canıma qor dolsun, uşağı hayıf eliyərik birdən! Gödəkçələrdən Yetər arvad deyir, vergilidi bu uşaq, heç nə eləmə, qoy belə də böyüsün.

- Yox, elə-belə böyümək düzgün deyil, yaxşı elədin, gətirdin. Yoxsa gəldiyi- getdiyi yeri bilməzdi...-Mayqa ananın səsində ağlamaq yoxdu, amma gözlərinin yaşını silirdi.-Onun "üstünnən vaxt addayırdı",-dedi,- aydan keçəcəkdi, ildən yox.

"İndi mən yetmiş ildən sonra Yazı ocağından çox-çox uzaqlarda onu da xatırladım ki, bu sözü mənə əmim də demişdi, o zamanlar on iki, on üç yaşım olardı, əmimin yedəyində gedən atımız getdiyi yerdə birdən-birə yıxılıb çırpınmağa başladı... Əmim: -atın üstünnən vaxt addadı,- dedi, bıçağını çıxardıb, atın burnunun üstündən qan aldı. Başını qaldırıb mənə baxdı: - Sən də beləsən, -dedi,-at kimi sənin də üstünnən vaxt addayır, ona görə durub yuxulu-yuxulu evdən gedirsən. Bax, unutma, yuxuda da unutma, bir də belə eləsən, sənin də burnunun üstünnən qan alacam. Bilirsən, "üstünnən vaxt addamaq" nə deməkdi? Yəni vaxt gedir, sən qalırsan... Bəlkə də səninki elə deyil, başqa cür də ola bilir; vaxt qalır, sən gedirsən...

İndi yazdıqca bunları xatırlayır, uzun müddətdi yuxuda burulğan axınına  düşmədiyimə görə kədərlənirəm...

...Təzədən özümü yazının üstə əyilmiş görürəm..."

O günün axşam qaranlığı məni də içinə alıb ocaq öküzləriylə bir yerdə Ağbilənlərin həyətinə enir, bir-birinə sığınıb Balatəpənin ətəyinə səpələnmiş daxmalar qatı qaranlığa bürünür...

***

Paytaxtdan xeyli uzaqda olan bu dağ rayonunda hamının Çapıq dediyi komissar idarəyə çatan kimi köməkçisinə:

- Sarını çağır,-dedi,-əlini irəli uzadıb havada açıb-yumdu, bu, "heç kəs bilməsin..." demək idi.

Köməkçi belə də anladı:

- Oldu, yoldaş komissar!

Çapığın üzü pəncərəyədi... uzaqdan Yazı ocağı dağların başında  ovuc içindəymiş kimi göünür, səhər ertə olduğundan günəşin işığına bələnib, alışıb-yanır elə bil...Abidə necə düşünülüb, necə qurulubsa, dörd yanını sarmış dağlar da gizlədə bilmir. Dağ dağın üstündədi, abidə də ondan yuxarıda...

Dediyim kimi, doğrudan da əllə qurulmuş kimidi; altında özü dağ boyda olan Qarakas yastanası, bu yastananın üstündə Balatəpə, Balatəpənin başında da Yazı ocağı...

Çapıq pəncərədən Yazı ocağına baxa-baxa Ağbilən Aydəmiri xatırlayırdı...

- Çapıq, mən həll olunmuş adamam artıq, yəni sonumu bilirəm, sonum bəllidi. Şura hökuməti mənim kimilərlə yaşamaz, ona görə də özümçün demirəm,- bunu Ağbilən Aydəmir deyirdi, abidənin yanında Çapıq komissarla üz-üzə dayanmışdılar, özü də niyəsə gülə-gülə deyirdi.-Sən Yazı ocağını qoru. Özünçün qoru!.. Çünki sən həll olunmamısan. Sonu da bilinməz bu işlərin... Şura hökuməti də həll olunmamış hökumətdi!.. Çünki keçmişi yoxdu. Keçmişi olmayanı anlamaq mümkün deyil... Soruşan gərəkdi ki, ay hökumət, sənin Tanrının tikdirdiyi evdə nə işin var?! Allahın evindən niyə bu qədər qorxursan? Ya da ki, qorxmursanmı Tanrı dünyanı başına yıxar?!

- Yooox, Ağbilən, indi sən öz inandığına inanırsan, mənim də öz inandığım var,-dedi Çapıq komissar, yanaşı Yazı ocağına sarı getdilər.-Bu xalq bu quyudan uzaq olmalıdı, hökümətlik bir şey yoxdu burda...Hökumət nədən qorxduğunu bilir. Camaatdan, eldən qorxur hökumət. İldə bir kərə nə qədər adam yığılır bura, hökumət ondan çəkinir. İynə atsan, yerə düşmür. Burda qurulan divanlar yadında deyilmi? Şura hökuməti belə şeylərə yol verməz, şura hökuməti öz divanını özü kəsir. Sən qarışma, güllələnərsən, xalq düşməni kimi sürgün olunarsan.

- Biz bu ocağın hücrələrində dərs almışıq, burda böyümüşük...  boşuna deyil ki, Şura hökuməti sənin başın üstündən Malakanı gətirib rəis qoydu, buralara... Niyə qoydu, düşünməliyik?!

- Gəmidə oturub gəmiçiylə dalaşma. Gəl, əvvəlcə özümüzçün aydın eləyək. Bu camaata bu abidənin nə xeyri var? Doğrudu, ildə bir kərə günahlar, suçlar elliklə araya qoyulur, günahsız günahdan alınır, suçlu baş divana çəkilir...

- Bu dediklərin bəs eləyər ki, mənimlə razılaşasan.

- Yox tələsmə, Şura hökumətinin öz divanı var. Onun öz divanı öz haqqını qoruyacaq. Amma gəl biz də haqqı arada görək...  Abidənin altında,- quyuda deyək,- nələr baş verdiyi yadında deyilmi? Bizdən yaxşı kim bilir burda olan oyunları?..

Qapı yumşaqca döyüldü, Çapıq komissar dərin xəyallar içərisindəydi, özünə gəlməyi xeyli çəkdi.

- Məni çağırmısız, yoldaş komissar...-Alaqurşaq Sarıdı, Çapıq komissar üzünü ona tərəf döndərən kimi çəkmələrini döşəməyə çırpıb hərbi qaydada salam verdi.-Məni görmək istəmisiniz!..

Komissar yüngülcə başını tərpətdi:

- "Qonaqların" gəldimi?-dedi. Yazı ocağını qorumaq üçün yığılan könüllü dəstəni soruşurdu.

- Gəldilər, yoldaş kamissar, amma iki bölükdə gəldilər, hər bölükdə iyirmi atlı olardı. Əvvəl bir bölük gəldi, xeyli sonra o biri bölük...

- Bəs siz?..

- Bizdən kəndin xəbəri olmadı. Biz Böyüktəpədəydik, yerimizi təkcə Aydəmir bilirdi, Ağbilən Aydəmir. Gələn atlıları da o qarşılayırdı. həə, bölüyün ikisini də Aydəmir yerbəyer elədi. Amma bizim yanımıza gəlmədi, gecənin yarısınacan gözlədik gəlib çıxmadı. Mən elə bilirəm, yoldaş komissar, o da atlılara qoşulub getdi.-Çapıq komissarın halının dəyişdiyini görüb peşmançılıq içində sözünü dəyişdi.-doğrusunu bilmirəm, bağışlayın, yoldaş komissar... mənə belə gəlir.

Komissar tutqunluq içərisində gülümsəyirdi:

- Sənin dediyin kimi də ola bilər, Sarı...Aydəmir, Yazı ocağına əl qaldırmaz, mənə baxma, mən dəyişə bildim, o, dəyişmədi. Yaxşı, Aydəmiri araşdırarıq, başqa nə var, nə yox?

- Açıq-açığına elə bir şey yoxdu, amma hər yer altdan-altdan qaynayır... Mən siz deyən kimi komsomollarla görüşdüm... "Abidəni biz yıxarıq", dedilər. Nə vaxt istəsəniz dağıdacaqlar

- Həə...?!- Birdən-birə komissarın gözlərinin önündə abidə sökülüb- tökülməyə başladı. Abidənin sökülməyi əslində kamissarın ürəyincə deyildi, buna görə bir neçə kərə rəisin yanına xahişə də getmişdi... Rəis əksinqilabçıların Malaqan dediyi rus Aleksandr Vasilyeviçdi. Buraları beş barmağı kimi tanısa da özünü dərindən tanıyan yox idi.

- Yoldaş rəis, o tikilidə müsəlmançılıqdan, ümumiyyətlə hər hansı bir dindən əsər- əlamət yoxdu. Biz onu dağıtmaya da bilərik, elm ocağı eləyərik. Qarşısındakı genişlikdə at sürəyi, güləş yarışları keçirilir. Biz də idman meydanı eləyərik. Ayrıca Divan evi var, cəza evi var. Ora seçilmiş yerdi, mən orda, oranın hücrələrində böyümüşəm, təhsil almışam, orda hər şey fərqlidi... hava da ayrı cürdü. Orda ayrıca iç hərəkəti var. Nəbz kimi döyüntü var orda... bir neçə gün yaşayannan sonra bu döyüntüyə adamın özü də qarışır, elə bilirsən bu hərəkət qanında-içində döyünür. Görsəniz özünüz hiss eləyəcəksiniz. Nə vaxt istəsəniz göstərə bilərəm. Dağın içində, tən ortasında suyu hərəkət edən, yəni suyu dövrə vuran göl var. İldə bir kərə, gecəylə gündüz bərabərləşəndə, su hərəkət edir, dövrə vurur. Bizim indi Novruz dediyimiz İl-Ay gecəsində su adamların gözü qarşısında qabarır... Bu doğrudu, yoldaş rəis, oranın heç bir dinə dəxli yoxdu. Ora xalqın tapınağıdı, tapındığı yer.

Rəis buralara yaxın olan Malakan kəndindəndi, atası onu balaca vaxtından buralarda hamının "rus dərvişi" dediyi Çerniyayevə qoşub Urusetə göndərmişdi... Ordan da inqilab havasına qarışıb bolşevik ordusunun başında qayıtmışdı, Qafqazda Şura hökumətinin qurulmasında çox böyük işlər görmüşdü; qarışıq-bulaşıq adamdı, yəni sarı rənglə qara rəngin qarışığı. Saçı sapsarıydı, bığı qapqara, gözləri gömgöy... Danışanda adama baxmazdı, lap tək olanda belə, hara baxdığı bilinməzdi. Harda olur-olsun, istər bayırda, istər kabinetdə, xırdaca hərəkətləriylə belə ətrafa dözülməz narahatçılıq yayırdı...

İndi də gözlərini Çapığın yaxasındakı düyməyə dikmişdi.

- Sənə rus dilini kim öyrədib dedin?- gözlərini Çapığın düyməsindən çəkmədən gülümsədi, üz-gözündə sarı rənglə, qara rəng bir-birinə qarışdı.-Rus dərviş?

Çapıq da gülümsədi, başını tərpədib "hə" dedi.

- Adı nəydi rus dərvişin?

- Çerniyayev...

- Həə, Çerniyayev, demişdin, sağ olsun, gözəl öyrədib, ya da sən gözəl öyrənmisən!

- Siz də bizim türkcəmizi gözəl öyrənmisiniz.

- Mən sizin dili də rus dilini öyrəndiyim kimi öyrənmişəm, yəni,  necə öyrəndiyimnən xəbərim olmayıb.

- Bizim dildə elə gözəl danışa bildiyinizə görə başımın adamlarıyla siz tərəfə keçdim, sizə qarışdım...

Rəis susdu, üzü-gözü dəyişib başqa rəng aldı. Sonra qalxıb pəncərəyə sarı getdi, tez də qayıtdı. Pəncərədən nəsə götürdü elə bil:

- Yaxşı, neçə kərədi gəlib Yazı ocağının xahişini eləyirsən,-dedi,- xahiş eləyirsən ki, Yazı ocağını yıxmayaq, dağıtmayaq. Hər şeyi deyirsən, amma heç ordakı "Ağalıq"dan danışmırsan, niyə? Ayıbdı, həə? Başqa nə deyirlər oranın adına? Ağalıqdan başqa adı nədi?

Çapıq özündə deyildi, quruyub qalmışdı ki, Malakan bunu hardan bilir... Çəkinə-çəkinə başını qaldırdı. Rəis düz onun gözlərinin içinə baxıb gülümsəyirdi:

- Yazı ocağının ən maraqlı yeri elə oradı, Ağalıqdı,-dedi rəis,- oranı da gizlətmək istəyirsən. Bir adı da var, oranın...el arasında nə deyirlər?

- "Buğalıq" da deyirdilər...

- Ay sağ ol, amma deyirdilər, yox, oranın adı elə "Buğalıq"dı, düzü budu... Bəs, buğa, buğalar, haqqında nə bilirsən, onnardan necə danışaq? Aydəmirlə, səni bildik, başqa kimlər vardı, buğaların arasında?!

Rəis özünü xatırladı... on il olardı, Çerniyayevin qızı Olya Çerniyayeva ilə evlənmişdi, amma uşaqları olmurdu. Avropadan belə dolanıb günlərin birində yenidən Malakan kəndinə gəlib çıxdılar... Atası onları Nayma anaya göstərmək qərarına gəlmişdi...

***                                                         

Yaxın obaların, elə malakanların özlərinin də  Ayvaz Vasil dediyi atası onları Yazı ocağına aparırdı. Yaza yaxındı...Yazı ocağının baxıcısı Nayma ana demişdi ki, İlin-Ayın son çərşənbəsi gecəsi orda olsunlar... 

"Ayvaz Vasili  "Erməni adındakı hərflər" romanından tanıyırsız. Aşıq  Ayvazla dost olduğuna, sazı, quruddu xəngəli, qurudla araq içməyi sevdiyinə, buralar türkcəsini, bir də "Koroğlu" dastanını gözəl bildiyinə görə adına Ayvaz Vasil deyirdilər...

Ayvaz Vasildən az yazdım, daha doğrusu, "Erməni adındakı hərflər" romanına necə gözlənilmədən gəlmişdisə, elə də gözlənilmədən getdi. Ardınca baxa-baxa qaldım. Yazdıqca özümə bənzədirdim. Ona görə də romandan çıxıb gedəndən sonra barmaqlarımda dadının qaldığını hiss etmişdim. Ermənilər onu niyə türkcə gözəl bildiyinə, niyə sazı, aşığı sevdiyinə, niyə erməni dilində danışmadığına, erməni dili kobud dildi, dediyinə görə döyüb öldürmüşdülər... öldüyü yerdə dişlədiyi  qurud, bir də otluğa dağılmış araq şüşəsi  qalmışdı. Mən buna çox kədərlənmişdim..."

Ayvaz Vasil Yazı ocağına qarış-qarış bələd idi. 1900-cü illərin əvvəllərində Çapıq Əhmədlə, Ağbilən Aydəmirə rus dilini öyrədən buralarda adına  rus dərviş deyilən Çerniyayevi də Yazı ocağına o gətirmişdi... Ordakıların hamısını tanıyırdı. "Döl yastığı" deyilən hücrənin baxıcısı Nayma ana hələ sağ idi, elə o demişdi ki, gəlinini də oğlunu da "Döl yastığı"na gətir, vaxtla, dava-dərmanla yatırdım, uşaqları olacaq... " Elə şeylər var, demişdi, qaranlıqda daha yaxşı görünür. Boşuna deyil ki, "Yazı ocağı"nın bir adı da "Qaranlıq"dı... Qaranlıq yorğan kimidi, bə bilmirsənmi, ay malakan rusu, adamın canına qaranlıq daha yaxındı," deyərək, zarafat da elədi. "Amma gələndə gör, alaqarğa vurub gətirə bilərsənmi, dərman kimi uşaqlarına alaqarğanın sümüyü lazım olacaq...!"

Oğlu getmək istəmirdi, ona görə də arabaya minməmişdi, təkərin yanıyla hikkə içində atyerişi addımlayırdı, getməyi də daha çox gəlinə görəydi. Bir əlini də yerdən arabada gəlinin dizlərinin üstünə qoymuşdu.

- Müsəlmançılıq, xristianlıq yoxdu orda, heç bir dinin izini, nişanını tapa bilməzsən...-Ayvaz Vasil gəlininə üz tutsa da, daha çox oğluna eşitdirirdi. Tez-tez də,- hə- deyib əlindəki yüyəni tərpətməklə ata bərk getməyi xatırladırdı.- Allahın evini indi özünüz görəcəksiniz. Görəcəksiz ki, Allah ev tikəndə necə tikirmiş?! Elə biləcəksiz  həm də sizin evinizdi...

Nayma ana Ayvaz Vasilin arabasını qarşı dağdan enən kimi tanıdı... Aşağıda həyət- bacanı silib-sulayan qızını səslədi:

- Mayqa, araba gəlir, sümüyü əz, duza qarışdır...

Görünən dağın dibi yaxındı, arabanın ordan bura gəlib çıxmağı çox uzun sürdü, qaranlığa çəkdi. Qaranlıq da birdən düşdü; elə bil bir otağın işığını söndürdülər, bir anın içində hər yan zülmətə qərq oldu...

Ayvaz Vasilin alapaça atı buraların yoluna yaxşı bələddi. Ona görə də dağın ətəyində yoxuşu tanıyıb dayandı, adam kimi özünü yığışdırıb toparlandı, əzələlərini bərkidib dırnaqlarının ucunda dartına-dartına arabanı Yazı ocağına qaldırdı...Nayma ana qapıda gözləyirdi, qızı Mayqa balaca taxta qabda alaqarğanın sümüyünü döyürdü. Ayvaz Vasil elə arabanın üstündən dedi:

- Qarğasız gəldim, Nayma ana, qarğa vura bilmədim. Amma bitki dərmişəm.

- Gəl, qarğa sümüyünnən bir az varımızdı, qız indi "döl duzu" düzəldər... narahat olma, qoy hələ baxım uşaqlarına...

Ayvaz Vasil bir neçə bitki; gəlinboğan, qulun kişmişi, süddüyən, bağayarpağı dəstəsini Nayma anaya verib:

- Mən Aşıq Ayvazın yanındayam,- sonra da cibindən qəpik-quruş çıxardıb, -bağışla, olanım budu,-dedi.

- Hər nədi, sağ ol... mənə vermə, yanındakı daşın çuxuruna qoy, orda yer var. Bəs  uşaqların bizim dili bilirmi?

- Bilirlər... oğlumun adı Saşadı- Aleksandr, gəlinimin adı Olya.

- Ad gərək deyil, ad böyümək üçündü, bura gələn təzədən doğulmağa gəlir...-Nayma ana əllərini qıza sarı uzatdı.- Gəl, qızım.

Oğlan bayaqdan tərpənmirdi, durduğu yerdəydi...

"Nəsə düz deyildi, nə isə çatmırdı. Yazıyla mənim aramdaydı, yoxsa yazının özündəydi anlayammadım... Bunu hiss edib yazdığım cümlələrə bir də qayıtdım, işlədiyim oğlan" kəlməsi sıxmağa başlamışdı məni, kələfin içindəydim elə bil; hər halda oğlanın öz adını yazsam, daha yaxşıdı, deyə düşündüm, Oğlan yox, Aleksandr.  Adsız işlədikcə  onu rus kimi, üstəlik bir malakan rusu kimi görə bilmədim, adi bir insan kimi gördüm,  adi insan, yəni xaraktersiz, yazıya heç nə verə bilməz, mənə də yeni heç nə vermədi, bunu anladım...Adi, yəni, elə belə, insan varmı? Yoxdu, bilirəm; varsa da, üstüörtülüdü, yəni, tanınması çətindi, o səbəbdən belə görünə bilər. Əslində bu cür, balıq kimi sürüşkən, ələ gəlməyən adamlar heç kəsə lazım olmur... bir sözlə, çalışıb-çapaladığım nəsə  yaratmaq istədiyim üçündü, amma onu da düşünürəm ki, milliyətsiz, köksüz-kötüksüz, adsız, yəni, şumal, sürüşkən kimi işləməklə heç nə alınmaz, deyə düşündüm...  Genişliyə çıxım,  "oğlan"ın öz adı şübhəsiz, yazıya  lazım olan çox şeyləri gətirəcək, çözüləcək, açılacaq,  öz sözünü, öz  havasını yaradacaq, buna əminəm...  Adsız işlədikcə  onu rus kimi yox, adi bir insan kimi gördüyümə görə  dərinə gedə bilmədim, darıxdırdı məni..."

Beləliklə, Saşa,- üstəlik Aleksandr... Nayma ananın sözü Aleksandrı tutmuşdu,  "...bura gələn təzədən doğulmağa gəlir," bu fikri öz dilinə çevirib bir neçə kərə təkrar elədi... belə bir deyimi Çerniyayev də tez-tez işlədirdi. Bizlərdə də dualar var, amma belə tapınağımız yoxdu... deyə düşündü.

Göy üzünün dərinliyinə  elə göy üzünün harasındansa get-gedə böyüyən işıq yeriyirdi. Abidənin açıq olan qapısı da görünür elə ordan düşən işığa görə genişlənməkdəydi... Aleksandra elə gəldi, ayaqları abidə qarışıq yerdən üzülür... dörd yanına boylandı, dörd yan yoxdu; görünənlər artıq görünmür, gözdən itdiyinə görə aşağılardan boşluq, sonsuzluq hənirtisi, uğultusu gəlir. Özündən asılı olmadan əlini Olyanın boynuna salmaq istədi. Olya da elə bu vaxt aralandı, o da elə bil yuxudaydı:

- Gəl,-Nayma ana gülümsəyib, - sağdan çağırdılar səni, gəl...-dedi.-Tərpənəndə sağ ayağını atdın, bu yaxşıdı, kişilərin də başlanğıcı sağdı...-Yaxınlaşan kimi əllərini qızın sağrısına qoyub, aşağıdan yuxarı sığadı .-Belin düşənə oxşayır, bilirsənmi bu nə deməkdi? "Belin düşməyi..."

Qız dinmədi...

- Gəl...

"Mən bu yerdə yenə yazıdan ayrıldım... özümə gəldim, daha doğrusu, "sığamaq" sözünə, bir də "belin düşüb" ifadəsinə ayılıb başımı qaldırdım.  Elə bil yetmiş il bundan qabaq itirdiyim sevimli bir adamı tapmışdım...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!