44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdən sayılır. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib və düşmən üzərində tarixi zəfər çalıb.
Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “8 Noyabr – Zəfər Günü” adlı metodik vəsait hazırlanıb.
Kitabxanadan Edebiyyatqazeti.az-a bildirilib ki, metodik vəsaitdə Qarabağ münaqişəsi haqqında qısa məlumat, “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” və “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamları, həmçinin, kitabxanalarda 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbirlərin keçirilməsi haqqında metodik tövsiyələr verilib.
Vəsaitdə həmçinin 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti, işğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı və digər məlumatlar öz əksini tapıb.
Metodik vəsaitlə tanış olmaq istəyənlər http://anl.az/down/zefer.gunu.pdf linkindən istifadə edə bilərlər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!