AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş görkəmli uşaq yazıçısı Zahid Xəlilin “Dəmir yumruq dastanı” kitabının təqdimatı keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki, təqdimatı keçirilən əsər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu tərəfindən Qarabağda erməni işğalçıları üzərində qazanılan tarixi zəfərə həsr olunub.
“Bu kitab ideyası və mövzusu, bütün məntiqi və mənası ilə dövlət müstəqilliyinin inkişaf etdirilməsinə, bugünkü günün ideallarına tamamilə cavab verir. Zahid Xəlil Azərbaycanda uşaq ədəbiyyatının yaranması və inkişaf etdirilməsində böyük xidmətləri olan şairdir. Müşahidələr göstərir ki, Azərbaycan ədəbiyyatının digər istiqamətləri ilə yanaşı, uşaq ədəbiyyatı sovet dövründə daha az siyasiləşmiş, idealogiyaya daha az yönəlmiş bir ədəbiyyat kimi formalaşmışdır. Zahid Xəlil əsasən şeir yaradıcılığı ilə məşğul olur, lakin onun uşaqlar üçün yazdığı nağılvari süjetləri əks etdirən nəsr əsərləri də özünəməxsus dilə, üsluba, orijinal bədii keyfiyyətlərə malikdir. Onun tərcümə və uşaq ədəbiyyatının tədqiqi sahəsində də xidmətləri var. Yəni uşaq ədəbiyyatı anlayışını əhatə edən atributların bütün istiqamətində Zahid Xəlilin böyük əməyi, ciddi fəaliyyəti və uğurları var. Uşaq ədəbiyyatına həsr edilmiş ömür uşaqlara həsr edilmiş ömürdür. Uşaqlara həsr edilmiş ömür isə ölkənin gələcəyinə həsr edilmiş ömürdür”, - deyə akademik İsa Həbibbəyli bildirib.
Akademik vurğulayıb ki, əsər dastan poetikasının prinsiplərinə əsasən, şeirlə nəsrin növbələşməsindən yaranıb: “Bu əsəri uğurlu ədəbi hesabat kimi qiymətləndirirəm. Müstəqilliyin bərpası günündə bu əsərin müzakirəsi xüsusi əhəmiyyətə malikdir. Təklif edirəm ki, uşaq ədəbiyyatı sahəsi üzrə Abdulla Şaiq adına mükafat təsis edilsin və onun ilk laureatı Zahid Xəlil seçilsin”.
Sonra filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Şöhrət Məmmədova “Zahid Xəlilin yaradıcılığı”, Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Dəmir yumruq” haqqında dastan – uşaqlara zəfər töhfəsi”, Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova “Dəmir yumruq” əsəri Vətən müharibəsinin bədii salnaməsi kimi” və həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Ağazadə “Dəmir yumruq dastanı”nda folklor motivləri” mövzularında məruzə ediblər.
Həmçinin Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, F.Köçərli adına uşaq kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, şairin qardaşı Tofiq Xəlil, Məzahir Səmədoğlu, İbrahim Yusifoğlu və professor Rafiq Yusifoğlu çıxış edərək müzakirəsi keçirilən kitabın əhəmiyyətindən danışıblar.
science.gov.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!